Təhsil Tələbə Krediti Fondu (TTKF) 4-cü tədris ilinə və təhsil kreditlərinin verilməsi üzrə 7-ci semestrə uğurla başlayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial şəbəkə hesabında məlumat verib.
 
Nazir müavini yazıb ki, ötən 3 il ərzində TTKF 53.000-dən çox müraciət alıb və indiyədək 42.000-dən çox təhsil tələbə krediti müqaviləsini uğurla rəsmiləşdirib. TTK-lərin 35%-i sosial, 65%-i isə standart kreditlərdir. 
 
"Bu tədris ilində kredit alan tələbələrin 63%-i xanımlar, 37%-i isə kişi tələbələrdir. Bu göstərici təhsil imkanlarının gender faktorları nəzərə alınmaqla genişləndirildiyini vurğulayır.
 
2024/2025 tədris ilinin payız semestri üzrə indiyədək 8.000 müraciət qeydə alınıb, 5.000 kredit rəsmiləşdirilib ki, bu da müraciətlərdə ötən ilin eyni dövrünə nisbətən 20% artım olduğunu göstərir.
 
Keçən dövr ərzində sosial bərabərliyi təmin etmək, aztəminatlı ailələrdən olan tələbələrin təhsilə çıxışını artırmaq və təhsilin əhatə dairəsini genişləndirmək yolunda mühüm nailiyyətlər əldə edilib" - deyə paylaşımda qeyd olunub.