Türkiyə-Azərbaycan Universiteti Himayəçilər Şurasının 3-cü iclası keçirilib


Türkiyə-Azərbaycan Universiteti (TAU) Himayəçilər Şurasının 3-cü iclası keçirilib. İclasda elm və təhsil naziri Emin Əmrullayev və Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar da iştirak ediblər.

 

Elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan  müəllimi”nə açıqlamasında müzakirələrlə bağlı məlumat verərək deyib ki, texniki xarakter daşıyan belə görüşlər həm Türkiyə, həm də Azərbaycanda mütəmadi olaraq keçiriləcək: “Müzakirəmizin əsas istiqaməti Türkiyə-Azərbaycan Universiteti ilə bağlıdır. Necə edə bilərik ki, universitet inkişaf etsin, böyüsün, türk ailəsinə xidmət edən bir universitetə çevrilsin. Biz burada universitetin əsasnaməsinin formalaşması, starteji inkişafı, bu inkişafa nail olmaq üçün yol xəritəsi ilə bağlı fikir mübadiləsi apardıq”.

 

E.Əmrullayev universitetin məqsədlərindən də danışıb: “Türkiyə və Azərbaycan prezidentlərinin tapşırıqları əsasında bu layihə daha da inkişaf edəcək. Türkiyənin ən yüksək səviyyəli universitetlərinin və onların professor-müəllim heyətinin Azərbaycana göndərilməsi, eyni zamanda Azərbaycan tərəfdən də şəraitin yaradılması bir əsas məqsəd - gənclərimizin inkişafı üçündür”.

 

Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar isə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, Türkiyə-Azərbaycan Universiteti azərbaycanlı tələbələrə təhsil verməyə hesablanıb. Növbəti tədris ilindən tələbə sayının artacağını deyən E.Özvar universitetin gələcəyinə inam ifadə edib: “İki qardaş ölkə arasında universitet araşdırma, texnologiya sahəsində iş birliyinin ən önəmli addımlarından olan Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Türkiyə-Azərbaycan Universiteti ortaya qoyduğu perspektiv baxımından iki ölkə arasında elm və texnologiya sahəsində işbirliyini inkişaf etdirməyi hədəfləyib. Elm və texnologiya, universitet və araşdırma sahələrində həm Türkiyədə, həm də Azərbaycanda gözəl nümunə olacaq”.

 

E.Özvar layihəni iki ölkə başçısının ortaq iradəsinin təzahürü  kimi qiymətləndirib: “Onların qərarlılığı sayəsində belə bir gözəl universitet quruldu”.

 

“Çatı Universitet modeli” olaraq Türkiyənin öndə gələn 3 böyük universitetinin 3 fərqli proqramını - “Kompüter mühəndisliyi”, “Sənaye mühəndisliyi” və “Qida mühəndisliyi” proqramlarında tələbə qəbulu həyata keçirilən universitetdə şəraiti də qiymətləndirərək elm və təhsil nazirinə təşəkkür edib: “Bu universitet üçün möhtəşəm bir bina təsis edilib. Texniki cəhətdən tam təmin olunmuş kimya, biologiya laboratoriyaları dünya standartlarına cavab verir”.

 

Müəllim və tələbələrlə görüşündən danışan E.Özvar “TAU tələbələrinin Azərbaycan və bütün Türk dünyasına xidmət edəcəyinə inanırıq”, - deyə bildirib.

 

Ruhiyyə  DAŞSALAHLI