Servis sisteminə keçid nəzərdə tutulur


Havaların soyuması ilə binaların qızdırılması problemi aktuallaşıb. Noyabrın 15-də qış rejiminə keçid nəzərdə tutulsa da, ölkənin bir çox məktəblərinin binaları həmin gün istiliklə təmin olunmadı. Ölkə üzrə 819 məktəb “Azəriqaz”la anlaşılmazlıq, Bakıda mərkəzi istilik sisteminə qoşulmuş 70 məktəb isə “Azəristiliktəchizat” ASC-nin ənənəvi problemi səbəbindən istiliksiz qaldı.

 

Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Təmir-tikinti işlərinin təşkili və nəzarəti şöbəsinin müdiri Sirac Əliyev “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, hər iki qurumdan qaynaqlanan problem artıq aradan qaldırılıb və ölkədəki təhsil müəssisələri istiliklə təmin edilib.

 

Bəs, bu problem nə ilə bağlı olub? Belə məlum olur ki, ölkə məktəblərinin istiliklə təminatında qaz məsələsi “ağrılı yerimiz”ə çevrilib: “Qazla qızdırılan məktəblər ən ağrılı yerimizdir. Bu il sırf məktəblərə qazın verilişi təmin edilməməsi səbəbindən noyabrın 15-də 819 məktəbdə istilik olmayıb. Ölkə üzrə məktəblərə qaz noyabrın 16-da verilib”.

 

Şöbə müdirinin sözlərinə görə, “Azəriqaz”ın məktəblərə qaz verməməsinin səbəbi 2016-cı ilə qədər olan borclardır: “Regionlardakı məktəblər 2016-cı ildən Təhsil Nazirliyinin kurasiyasına verilib. Ona qədər isə yerli icra hakimiyyətləri maliyyələşdirib. Həmin dövrə qədər olan borclar Təhsil Nazirliyindən tələb edildiyi üçün noyabrın 15-də məktəblərin qazı verilməyib. Məsələ qarşılıqlı müzakirə olunub və  noyabrın 16-dan qazın verilişi təmin edilib”.

 

Ancaq qazla bağlı problem tamamilə həll edilmiş sayılmaz. Xüsusən Sabunçu, Suraxanı, Xəzər rayonlarında qış ərzində qazın təzyiqi ilə bağlı məktəblərdə  problemlər ortaya çıxır. Şöbə müdirinin sözlərinə görə, qışda qazın təzyiqinin az olması nəticəsində istiliklə bağlı problemlər mütəmadi aktuallaşır.

 

Qızınmadıq istisinə...

 

“Azəristiliktəchizat”la problem isə artıq ənənəviləşib. Bu il də Bakıda mərkəzləşdirilmiş sistemə qoşulan 127 məktəbdən 70-nə istilik noyabrın 15-də deyil, 17-dən sonra verilməyə başlayıb və 21-dək məktəblərin hamısı istiliklə təmin edilib.

 

Şöbə müdirinin sözlərinə görə, bu, sırf məktəblərlə bağlı problem deyil: “Mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş məktəbdə istilik yoxdursa, demək, ətraf binalar da qızdırılmır. “Azəristiliktəchizat”ın qazanxanaları böyük bir əraziyə xidmət etdiyindən bir qazanxanadan məktəb, uşaq bağçası, bir sözlə, həmin ərazidə bu sistemə qoşulmuş bütün obyektlər və yaşayış binaları istilik alır”. 

 

Üstəlik, istiliyin verilişi təmin olunduqdan sonra da problem tamamilə çözülmür. Məktəblərdən daxil olan şikayətlər araşdırılanda məlum olur ki, nəinki məktəbin binası, çəkilmiş istilik sisteminin radiatorları belə qızmır. Odur ki, “qızınmadıq istisinə” deyən məkltəblərin sayı kifayət qədərdir: “Fərdi qazanxana olmadığından məktəbin istiliyini özümüz tənzimləyə bilmirik. 20-yə yaxın məktəbdən davamlı olaraq istiliyin az olması barədə şikayətlər alırıq. Yoxlayanda da görürük ki, radiatorlarda istilik yoxdur”.

 

Ölkə üzrə 2000-ə yaxın məktəbin özünün istilik sistemi, ayrıca qazanxanası var və onların fəaliyyətini Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tənzimləyir. Ancaq hazırda Bakıda 8-i, regionlarda isə 20-yə yaxın məktəb sırf texniki səbəblərdən qızdırılmır:

“4-5 məktəbdə elektrik problemi yaranıb, ya da şimşək çaxıb transformatoru sıradan çıxarıb. Bundan başqa, problemlə üzləşdiyimiz məktəblərin əksəriyyətində istilik sistemi artıq köhnəldiyindən sistemdə tez-tez problemlər yaranır. Digər tərəfdən, istilik sistemi aprelin 15-dən sonra tamamilə boşaldılmalıdır. İstifadə olunmadığı dövrdə sistemdə qalan su boruları aşınmaya məruz qoyur və payızda sistemi işə salmaq çətinləşir. Artıq bütün məktəblərə xəbərdarlıq etmişik ki, aprel ayında istiliyə olan tələbat qalmayanda özümüz bir-bir məktəblərdə istilik sisteminin suyunu boşaldıb yuduqdan sonra qışa hazır qoyacağıq. Məktəblərdə bunu etmək çox vaxt unudulur və nəticədə sestemdə nasazlıqlar ortaya çıxır”.

 

Bu problemlərin qışboyu ayrı-ayrı məktəblərdə qarşıya çıxacağını vurğulayan şöbə müdiri nasazlıqları daha tez və operativ qaydada həll etməyə çalışdıqlarını deyib: “İstiliyin verilişi aprelin 15-dək davam edəcək. Bu müddətdə problemlərlə bağlı siqnallar daxil olacaq. Radiatorları xarab olan, ya da hansısa sinif otağı qızmayan məktəblərə rast gəlmək mümkündür. Hər hansı texniki problemin həlli üçün regionlarda 64 şəhər və rayonu əhatə edən 10 qərargahda 30 briqada fəaliyyət göstərir. Bakıdakı 2 qərargahda isə 8 dəstə işləyir. Problem ortaya çıxdığı andan etibarən ən qısa müddətdə onu həll etməyə çalışır, həll etmədən də evimizə getmirik”.

 

Məktəblərdə texniki səbəblərdən yaranan problemləri aradan qaldırmaq üçün böyük bir komanda iş başındadır.

 

Servis sistemi

 

Ancaq işi daha düzgün qurmaq və qışda pis sürprizlərlə qarşılaşmamaq üçün qurum yenilik etməyi planlaşdırır. Bir sıra problemləri kökündən həll etmək, yarana biləcək problemləri daha tez aradan qaldırmaq üçün servis sisteminə keçid nəzərdə tutulur. Hələlik layihə formasında olan bu fikrin reallaşması məktəblərə mütəmadi nəzarəti mümkünləşdirməklə yanaşı, iqtisadi cəhətdən səmərəliliyə də nail olunacaq. S.Əliyevin sözlərinə görə, hətta maliyyə baxımından çox böyük xeyri olmasa belə, işin vaxtında görülməsi, problemin tez aşkarlanıb, gecikmədən aradan qaldırılması mümkün olacaq və bu da bu sistemin səmərəliliyini artıracaq: “ Üstəlik, noyabrın 15-də hər hansı məktəbdə istiliyin olmamasının doğurduğu rezonansı nəzərə alsaq, bu sistemə keçidin səmərəsinin daha böyük olduğuna şübhə etmirik. Bu sistemə keçsək, noyabrın 15-də qış rejiminə tam hazır olacağıq”.

 

İndi bu sistemin tələblərinə uyğun işləməyə mane olan səbəblər isə Təhsil Nazirliyi sistemindən asılı deyil. S.Əliyev deyib ki, “Azəriqaz” hər il aprelin 15-də məktəbə qaz verilişini dayandırır: “Bu tədbir istilik sistemini qabaqcadan yoxlamağa imkan vermir. Biz soyuq su ilə yoxlayırıq. Ancaq bu zaman su isinəndə borunun genişlənməsi nəticəsində ortaya çıxa biləcək problemləri müəyyənləşdirə bilmirik. Ancaq servis sisteminə keçidlə əlaqədar olaraq, məktəblərin qazının kəsilməməsi üçün müvafiq quruma müraciət edəcəyik”.

 

Oduncaqla qızdırılan məktəblər

 

S.Əliyevin sözlərinə görə, problem sadəcə istilik sistemi olan məktəblərdə deyil, dizel yanacağı, hətta oduncaqla qızdırılan məktəb binalarında da yarana bilir. Üstəlik, iqlim şəraitinə və coğrafi mövqeyinə görə, ehtiyaclarını  dərhal ödəməkdə çətinliklər yaranan məktəblər də kifayət qədərdir: “Lənkəran, Lerik, Qusarda elə məktəblər var ki, müəyyən məsafədən sonra ora maşınla getmək mümkün olmur və yolu atla davam etmək lazım gəlir. Buna baxmayaraq, onların da ehtiyaclarını vaxtında ödəmək üçün əlimizdən gələni edirik. Təhsil Nazirliyinin rəhbərliyi ucqar məktəbdə ya da mərkəzdəki təhsil müəssisəsində olmasından asılı olmayaraq, istiliklə təminat məsələsinə xüsusilə həssas yanaşır”.

 

Ruhiyyə Daşsalahlı