Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyaya müşahidəçilik statusunun əldə edilməsi Azərbaycan universitetlərinin və onların məzunlarının beynəlxalq tanınmasını artıracaq, həmçinin əcnəbi tələbələrin ölkəyə gəlişinə kömək edəcək


Məlum olduğu kimi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyaya (ENQA) müşahidəçi statusunda üzvlüyə qəbul olub.
 
“Azərbaycan müəllimi”nə açıqlamasında Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) İdarə Heyətinin üzvü professor Olgun Çiçek bu qərarı yüksək qiymətləndirib:
 
"Bu qərar Azərbaycanın ali təhsil müəssisələrinin Avropa Birliyinin (AB) ali təhsildə keyfiyyət standartlarına çatması üçün önəmli addımdır. Ayrıca olaraq, bu, Azərbaycan universitetlərinin tədqiqat və inkişaf sahələrinin də keyfiyyətinin daha da yaxşılaşdırılmasına və inkişafına yol açan bir göstərici olacaq. Bundan əlavə, ENQA-ya müşahidəçilik statusunun əldə edilməsi Azərbaycan ali təhsil müəssislərinin AB üzvü olan digər ölkələrlə əlaqələrin inkişafına və ortaq layihələrdə iştirakına imkanlar yaradacaq. Digər tərəfdən, Azərbaycan universitetlərinin və onların məzunlarının beynəlxalq tanınmasını artıracaq və əcnəbi tələbələrin ölkəyə gəlişinə kömək edəcəkdir". 
 
Qeyd edək ki, ENQA-nın əsas missiyası Avropada ali təhsilin keyfiyyət təminatı sahəsində uğurlu təcrübələri bölüşmək və qarşılıqlı əməkdaşlığı təşviq etmək, ali təhsildə keyfiyyət təminatı strategiyasının müəyyən edilməsi, keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın təmin edilməsi kimi məsələləri əhatə edir. 
 
 
Oruc MUSTAFAYEV