“Bu gün Xankəndi şəhərində həm Qarabağ Universiteti, həm də 4 nömrəli məktəb fəaliyyətə başladı. Bu günü yüz minlərlə insan böyük həsrətlə gözləyib. Nəhayət, sizinlə birgə Xankəndidə ilk məktəbin açılışındayıq” 
 
“Azərbaycan müəllimi”nin Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin açılış mərasimində çıxış edərkən deyib. 
 
Nazir tədbirdə iştirak edən hərbçilərimizi də salamlayaraq bildirib ki, bu günlərin əsas səbəbkarları məhz ordumuzun əsgərləridir, onların sayəsində bu anları yaşayırıq: “Azərbaycan Ordusunun rəşadəti bu gün işğaldan azad edilmiş ərazilərdə yeni məktəblərin açılmasına şərait yaratdı. Bu şagirdlərimiz üçün də örnəkdir. Ölkə rəhbərimizin Qarabağ Universitetinin çıxışında da dediyi kimi, növbəti nəsillər müstəqil, heç kimdən asılı olmayan Azərbaycan vətəndaşlarıdır. Buna görə də hər bir şagirdin, müəllimin üzərinə ikiqat məsuliyyət düşür. Əminik ki, onlar Azərbaycanın daha güclü dövlət kimi formalaşması üçün əllərindən gələni edəcəklər.
 
Qeyd etmək istərdim ki, növbəti aylarda da bizi Kəlbəcər və Cəbrayılda məktəblərin açılışı gözləyir. Nəzərdə tutulub ki, işğaldan azad edilmiş ərazilərdə, 50-yə qədər təhsil müəssisəsi fəaliyyət göstərsin. Həmçinin İl sonuna qədər Xankəndidə daha bir məktəbin açılması nəzərdə tutulur”.
 
Günel ABBAS