Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.

 

Tvinninq layihəsinin “Seçilmiş milli təhsil proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədi ilə yenidən hazırlanması” adlı birinci komponenti  çərçivəsində ekspertlər qrupu Azərbaycanda səfərdədir. Ekspert qrupuna Fransanın Strasburq Universitetinin kimya fakültəsinin dekanı Jan-Mark Planeks və litvalı ekspert, Avropada Xarici Sərhədlərin Müdafiəsi və Sahil Mühafizəsi üzrə Agentliyin Keyfiyyətin Təminatı üzrə Komitəsinin keyfiyyət məsələləri üzrə mütəxəssisi İnqa Yuknite-Petrekiene daxildir.

 

Səfərin məqsədi layihə çərçivəsində prioritet ixtisaslar üzrə (kimya mühəndisliyi, kimya müəllimliyi, fizika, fizika müəllimliyi) ali təhsil proqramlarının  təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələrin verilməsindən ibarətdir.

 

Səfər çərçivəsində layihənin ekspertləri tərəfindən prioritet ixtisaslar üzrə təhsil proqramları nəzərdən keçirilib, orada əks olunan kompetensiyaların yeni təsdiq edilmiş Milli Kvalifikasiyalar Çərçivəsi diskriptorları ilə uyğunluğu yoxlanılıb. Həmçinin Fransa və Litvada müvafiq ixtisaslar üzrə təhsil proqramlarının kompetensiyaları ilə fərqlər müəyyənləşdirilib, proqramların hazırlanmasına məsul işçi qruplarla görüşlər keçirilib.

 

Ekspertlər qeyd olunan ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrinin təhsil proqramlarının birləşdirilməsini təklif ediblər. Təklif Təhsil Nazirliyinin əməkdaşları ilə müzakirə olunaraq qəbul edilib. Bu yanaşmanın digər ixtisasların təhsil proqramlarına tətbiq edilməsi də planlaşdırılır.

 

Missiyanın sonunda ekspertlər qeyd olunan proqramların kompetensiya əsaslı və tələbəyönümlü yanaşmanı özündə əks etdirməsi ilə bağlı tövsiyələrini verib, Təhsil Nazirliyinin əməkdaşları ilə təhsil proqramlarının yeni strukturunu hazırlayıblar.

 

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin əsas məqsədi ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.