Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Şəki rayonuna səfər edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Sonra nazir müavini yeni tədris ilindən tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə fəaliyyətə başlamış Şəki şəhər 6 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşərək təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub və kollektivə öz tövsiyələrini verib.
Nazir müavini həmçinin şəhid, kəşfiyyatçı mayor Aqşin Abdullayevin anası, Əməkdar müəllim, Şəki rayonu Kiş kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Dursun Cavadovanı evində ziyarət edib. Görüşdə Dursun Cavadovanın uzun illər pedaqoji fəaliyyəti, Aqşin Abdullayevin uşaqlıq dövrü və onun vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlıqlar barədə söhbət aparılıb. Görüş zamanı şagirdlərin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində görülən işlər də müzakirə olunub.
Daha sonra Həsən Həsənli son illərdə yeni təyinat almış ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.
Həsən Həsənli səfər çərçivəsində vətəndaş qəbulu da keçirib. Vətəndaşların müraciətləri işlə təmin olunma, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı olub.
Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.