Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyevlə birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Sonra nazir müavini Yevlax şəhəri Tofiq İsmayılov adına Kövər kənd tam orta məktəbinin inzibati binası ilə tanış olub, tədris prosesini izləyib, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb.
Həmçinin Firudin Qurbanov ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə də görüşüb. Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.
Daha sonra Firudin Qurbanov səfər çərçivəsində vətəndaş qəbulu da keçirib. Vətəndaşların müraciətləri işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı olub.
Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.