16 sentyabr, səhər saat 8:00. Nərimanov rayonundakı 11 nömrəli xüsusi təhsil məktəbində tək-tük adama rast gəlirsən. Texniki işçilərdir, təmizlik aparırlar, çiçək üçün güldan hazırlayır, masa qururlar, yəni, xırda işlər görürlər. Böyük hazırlıq dünəndən tamamlanıb, məktəbi “Bilik Günü”nə hazırlayıblar ki, siniflərin, məktəb dəhlizlərinin bəzəyi olan sevimli şagirdləri gələndə burada rəngarəng bir dünya görsünlər. Hələ birincilər, axı onlar məktəb mühiti ilə ilk dəfə tanış olacaqlar.

 

 

Qeyd edək ki, sağlamlıq məhdudiyyəti olan məktəblilərin təhsil aldığı bu müəssisədə məktəbəhazırlıq qrupları olmur, uşaqlar təhsilə birinci sinifdən başlayır və 10 il oxuyurlar. Bu məktəbə pedaqoji-tibbi komissiyanın qərarı ilə əqli geriliyi olan uşaqlar göndərilir və xüsusi təhsilə cəlb olunurlar.

 

Zəngin çalınmasına 1 saat qalır...

 

 

Yavaş-yavaş gəliş-gediş başlayır.  Dərs saat 9:00-da başlayır, yəni, ilk zəngin çalınmasına düz 1 saat var. Artıq  müəllimlər bir-bir gəlir. Uşaqları ya atalar, babalar, ya da analar babalarla, atalarla birlikdə gətirirlər. Budur, ilk zəng çalınmadan günün ilk şikayəti atadan gəldi. Atalardan biri qızından müəlliminə şikayətlənir. Qızı avtobusda “oyun açıb” atasının başına: “Anam gəlsin, deyib avtobusu bir-birinə qatdı”.

 

Şikayətlənə-şikayətlənə qızının başını sığallayır, əyilib üzündən, əlindən öpür. Atanın sözlərindən valideynlərin niyə tək gəlmədikləri barədə fikir yürütmək mümkündür.

 

 

Bir sözlə, uşağa görə bir neçə nəfər gəlmişdi məktəbə, uşağı müəllimlərinə təhvil verib gedənlər də vardı, oturub gözləyənlər də. Hər kəsə açılış olacağı bildirilirdi, “Vaxtınız varsa, gözləyin, yoxdursa uşağı qoyub gedin, müəllim gəlib aparacaq sinfinə”, - deyirdilər.

 

“Hər uşağın potensial inkişafı təmin ediləcək”

 

 

Himn səslənir. Atasının əlindən tutan Səma da Dövlət Himnini oxuyur. Səma Talıbovanı məktəbə atası  gətirib. Qohum evliliyin nəticəsidir ki, Səma sağlamlıq məhdudiyyəti ilə doğulub. O, 7 yaşından məktəbə gəlir. Atasının sözlərinə görə, İlhamə Abbasovanın sinfində təhsil alır. III sinif şagirdidir: “Öyrənir, yaddaşında qalır, yaxşıdır. Məktəbdə çox irəliləyiş olur. Himni bilməyindən, oxumağından bəli deyilmi?”.

 

Bilik Günündə xüsusi məktəbin xüsusi qonağı da vardı. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsilin təşkili şöbəsinin müdiri Anar Xələfov tədris ilinin başlanması münasibətilə məktəbə gəlmişdi.

 

 

Açılışı məktəb direktoru etdi. Şahzadə İsgəndərova şagirdlərini gülərüz, mehriban səslə salamladı. Uşaqlarının oxumaları, bunun üçün də bu məktəbi seçdiklərinə görə valideynlərə təşəkkür etdi. Peşman olmayacaqlarını vəd edən direktor gördükləri rəngarəng bəzənmiş məktəbin onların həyatına, dünyalarına da parlaq rənglər qatacağına söz verdi.

 

 

MÜTDA-nın şöbə müdiri Anar Xələfov təhsildə böyük yeniliklərə, xüsusi təhsildə dəyişikliklərə diqqət çəkdi: “Növbəti tədris ili yeniliklər və islahatlarla yadda qalacaq. Xüsusi təhsildə gözlənilən dəyişiklik artıq start götürüb. 2024-cü ilin fevral ayında xüsus təhsilin dövlət standartları təsdiq edilib. Həmin standarta görə, sağlamlıq məhdudiyyəti olan hər uşaq üçün fərdi tədris planı tərtib olunacaq. Hər uşağın tədris və təlim məqsədləri həmin fərdi tədris planında öz əksini tapacaq. Sinifdəki 10 uşağın hamısına eyni təlim məqsədləri tətbiq edilməyəcək. Uşaqların potensial inkişafı təmin ediləcək. Xüsusi təhsil sahəsində uşaqlarınızın uğurunu hər gün hiss edəcəksiniz”.

 

İlk dərs: “Yaşıl dünya naminə həmrəylik”

 

 

Sonra şagirdlər sinfə dəvət edildi. Sıra ilə bütün siniflər öz otaqlarına keçdi. İlk keçən birincilər oldu. Bu il ilk dərsin mövzusu “Yaşıl dünya naminə həmrəylik” idi. Ancaq sinif otaqlarında hər müəllim şagirdləri ilə “həmrəy”liyə nail ola bilməmişdi. Bəzi siniflərdə qaçdı-tutdu davam edir, müəllim sinifdən qaçan şagirdinin arxasınca yüyürür, onu dəhlizdə yaxalayır, qucağına basıb sinif otağına qaytarır, bəzi otaqlarda müəllimlər şagirdlərini valideynlərindən ayırmağa, ağlayanı sakitləşdirməyə çalışırdı.

 

Nitq inkişafı ləngiyən nəvəsi Məryəmin əlindən tutub ortada gəzən nənə onu burada qoyub gedə bilib-bilməyəcəyini qara-qara düşünürdü. Deyəsən, Yusif (ad şərtidir – R.D.) də onun gözünü qorxutmağı bacarmışdı. Sinifdə hamı məktəbli formasındadır, amma o, köynəyini çıxarıb oturub. Müəllim deyir, bu, xüsusi məktəbin xüsusi siniflərində normal hallardan biridir. Hətta birinci sinifdə şagirdlərin, sadəcə birinin fərqlənməsi, hər kəsin formada oturması yaxşı hallardandır.

 

Birincilərdən biri Zeynəb isə çox şən görünür, üzü gülür, içəri girənə əl eləyib salamlayır.

 

 

Məktəbin daha bir uğurlu ibtidai sinif müəllimi Həbibə Bəşirovadır. 15 il ümumi təhsil müəssisəsində işləyəndən sonra fəaliyyətinə xüsusi təhsil müəssisəsində davam edib. 2008-ci ildən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyir.

 

Həbibə Bəşirova valideynlərlə işindən də danışır. Onlarla sıx əlaqədə olduğunu deyən müəllimin sözlərinə görə, bəzi valideynlərdən çox uşağa o yaxın olur: Bir şagirdimin ata-anası ayrılmışdı. Arada atası yaxınlaşıb uşağın inkişaf edib-etmədiyini, bir dəyişiklik olub-olmadığını soruşurdu. Hər dəfə atası yaxınlaşanda uşaq mənim arxamda gizlənməyə çalışır, mənə sığınırdı. Axır dözmədim, “Uşağa ata, ata sevgisi, ata qayğısı lazımdır”, - deyib ona iradımı bildirdim. Belə uşaqların ana-ata sevgisinə, səbrinə, qayğısına çox böyük ehtiyacları var. Bütün valideynlərə səbir arzulayıram”.

 

İlboyu şagird qəbulu davam edir

 

 

Birincilərdən söz düşmüşkən, 11 nömrəli xüsusi təhsil məktəbinə 31 nəfər birinci sinfə, 6 nəfər isə digər siniflərə qəbul olunub. Ötən il bu təhsil müəssisəsində 250 nəfər təhsil alıb. Bu il neçə nəfərin oxuyacağı ilə bağlı dəqiq rəqəm pedaqoji-tibbi komissiyanın işi yekunlaşandan sonra bəlli olacaq. Ancaq bu da il ərzində məktəbdə neçə uşağın təhsil alacağı ilə bağlı son rəqəm olmayacaq. Çünki məktəbə qəbul il ərzində davam edir. Məktəb direktoru Şahzadə İsgəndərovanın sözlərinə görə, artıq birincilərdən ibarət 3 sinif formalaşıb, 4-cü sinfin də təşkil ediləcəyi gözləniləndir.

 

 

Məktəbə 6 yaşı tamam olan uşaqlar qəbul olunur. Lakin qəbul olunanlar arasında təhsildən yayınan 7-8 yaşlı uşaqlar da çoxdur.

 

Nəinki təhsildən yayınan, hətta ümumtəhsil müəssisələrində təhsilə başlayıb, amma proqramı mənimsəməyən uşaqlar da sonradan 11 nömrəli xüsusi təhsil məktəbinə gələ bilər. Məsələn, İlhamə Abbasovanın dərs dediyi III sinif şagirdlərinin arasına əkiz bacılar qatılıb. Qızlar özünü sakit aparsa da, müəllim hələ dillərini çözə bilməyib.

 

 

Ancaq Nahid elə deyil. Sinfinə də, müəllimlərinə də qaynayıb qarışıb. O, başqa məktəbdən xüsusi təhsil müəssisəsinə bu il köçürülən 6 nəfərdən biridir. Nahid Zahidli deyir məktəb çox xoşuna gəlir. Bu gün  çiçək rəngləyib. Rənglədiyinin nə olduğunu soruşuruq, “Ağac” deyir. O, çox mehribandır. 

 

 

Babası deyir gəlini ilə birlikdə gətirib Nahidi: “Uşaq əvvəlcə qardaşı oxuyan məktəbdə təhsil alırdı. 3-cü sinfi bitirdi. Amma bu ildən bura gətirməyimiz tövsiyə olundu, bilmirəm burada neçənci sinfə götürəcəklər”.

 

“Azərbaycan müəllimi”nə müsahibəsində valideynin bu narahatlığına münasibət bildirən Anar Xələfov əlavə edib ki, belə problemlər ümumi orta təhsil müəssisələrində xüsusi şərait yaradılmadan təhsilə cəlb edilən uşaqlar üçün gözləniləndir: “Sağlamlıq imkanları məhdud uşaq xüsusi şərait yaradılmadan təhsilə cəlb olunursa, bu təhsili “inklüziv təhsil” adlandıra bilmərik. Belə siniflərin təşkili üçün xüsusi təhsil üzrə mütəxəssis cəlb edilməli, dərs keçəcək müəllim təlimləndirilməli, uşağın təlimi fərdi tədris planı əsasında keçirilməlidir. Ancaq bu hazırlıqdan sonra təhsildən uğurlu nəticə əldə etmək mümkündür. Əks halda, sağlamlıq imkanı məhdud uşaq ümumtəhsil müəssisəsində təlimlərə cəlb ediləndə, mühit onun üçün daha aqressiv mühitə çevrilir, uşaq təlimdən faydalana bilmir”.

 

 

A.Xələfovun fikrincə, belə hallar valideyn uşağın sağlamlıq məhdudiyyətini göstərmədən ümumtəhsil müəssisəsinə yerləşdirdiyi hallarda baş verir: “Formal təhsildə sinifdən-sinfə keçmə pedaqoji şuranın qərarı ilə müəyyənləşdiyindən ümumi təhsil müəssisəsində neçənci sinfədək oxuyubsa, xüsusi təhsildə növbəti sinifdən təhsilinə davam edəcək. Burada yük xüsusi təhsildə müəllimin üzərinə düşəcək”.

 

Fərqanə müəllimin doqquzuncuları

 

Fərqanə müəllimin sinfində hər kəs yerindədir. Səliqə-səhman, sakitlik bərqərardır.

 

 

Xüsusi təhsil məktəbinə 3 nömrəli Zəngilan məktəbindən gələn IX sinif şagirdi Məhəmməd Həsənov “Azərbaycan müəllimi”nə müsahibəsində özü ilə bağlı bəzi məlumatlar verdi. Yalan danışmır. Sinif yoldaşı İmaməli Kərimovla dostdurlar. Fərqanə müəllimini çox sevir.

 

Sinifdə Fatimə Məmmədova adlı bir qız da oxuyur. Fatimə deyir sinif yolaşlarının hamısı yaxşıdır, hər biri ilə yola gedir.

 

 

Ayxan Nəcəfli sinfin ən aktividir, əlləri, gözləri ilə danışır, hər kəsə, hər şeyə reaksiya verir. Sinifdən çıxarkən qonaqlarla “Poka” deyə sağollaşmağı xarici dilə marağının göstəricisi deyil, bəs nədir? 

 

 

Yuxarı siniflərə qalxdıqca artan problem

 

Məktəbin direktoru Şahzadə İsgəndərova yuxarı siniflərə qalxdıqca müşahidə edilən problemlərdən danışıb. Onun sözlərinə görə, 11 nömrəli xüsusi məktəbdə yuxarı siniflərə gəldikcə şagird sayı azalır. Bu, bir yandan sağlamlıq imkanları məhdud uşaqların məktəbə getmək istəməmələri və bu yaşda valideynlərin onlara məcburən nəsə etdirə bilməməsi ilə əlaqədardır.

 

Anar Xələfov əlavə edib ki, sayın yuxarı siniflərdə azalması bir yandan da gəliş-gediş çətinliyi ilə izah edilməlidir: “Yuxarı siniflərə qalxdıqca uşaqların məktəbə gəlməyi çətinləşir. Təsir edən amillərdən biri də budur ki, xüsusi məktəblər azdır. Ona görə də çalışırıq ki, uşaqların yaşayış yerinə yaxınlıqdakı məktəblərdə xüsusi, yaxud inklüziv siniflər  təşkil edərək bu problemi də aradan qaldıraq.

 

Məktəb onları dəyişir – valideyn rəyi belədir

 

Daha bir müsahibimiz Turab Məmmədov III sinif şagirdi Atilla Məmmədlinin atasıdır. O, 3 ildə Atillanın necə dəyişdiyindən danışır: “Atilla passiv uşaq idi, amma indi böyük irəliləyiş hiss edirik. Davranışından danışığına qədər hər cəhətdən inkişaf var”.

 

Rüstəmovlar da ailəliklə məktəbdədir. Oğlanları Raulu məktəbə gətiriblər. Raulun atası, anası, hətta qardaşı belə gəlib. Qohum evliliyin nəticəsi olaraq sağlamlıq məhdudiyyəti olan Raul indiyədək loqoped dəstəyi alıb. Artıq 11 nömrəli xüsusi təhsil məktəbinin peşəkar defektoloq-loqopedləri bu işi öz üzərlərinə götürəcəklər.

 

 

11 nömrəli xüsusi təhsil məktəbinin bu sahədə uğurlarını artıq 20 ildir məktəbin defektoloq-loqopedi olan, ölkədə bu sahədə püxtələşən mütəxəssislərdən Esmira Kazımova belə izah edib: “Hər sinif üçün 4 saat loqoped saatlarımz var. Uşaqlarla həm fərdi, həm qrup şəklində məşğul oluruq. Loqopedik əsasnaməyə görə hər uşağa 15-20 dəqiqə vaxt ayrılır. Hər uşaq ilk həftədə loqopedik yoxlanışdan keçirilir, sonra onlar üçün fərdi proqram hazırlanır. İldə 2 dəfə uşaqlar üçün loqopedik yoxlanış təkrarlanır. Əsas işlərimizdən biri də valideynləri maarifləndirməkdir. Valideynlərlə iş birliyi qurulur, uşağın inkişafı ilə addım-addım tanış ola bilsin deyə onlara dərslərimizdən video da göndərirəm. Ən böyük nailiyyətim valideynlərin artan güvəni, ən böyük uğurum şagirdlərimdə inkişaf edən bacarıqlardır. Valideyn bir yerdə qalxıb deyəndə ki, uşağım bura gələndən sonra inkişaf edib, hər gün o qədər yolu boşuna gəlmədiyimə inanır, əziyyətimin hədər getmədiyini hiss edirəm. Valideynlərdən biri mənə deyib. Bu uşaqların bir-birilə yaxşı münasibətləri, hətta “Whatsapp” qrupu var, təbii ehtiyaclarını bəzən müəllimə yox, şagird yoldaşına deyirlər. Aralarında sevənlər, gələcək üçün plan quranlar belə var”.

 

 

Həm evdə, həm də məktəbdə təhsil

 

2016-cı ildən müəssisəyə direktor təyin edilən Şahzadə İsgəndərova deyir ki, məktəbin yeni binası o direktor olandan sonra tikilib. “Heydər Əliyev Fonduna müraciətimizə dərhal münasibət bildirildi və bizə hər şəraiti olan məktəb binası tikildi”.

 

 

Direktor məktəbdə təhsilin 2 formasından danışıb. Məktəbin müəllimləri həm evdə, həm məktəbdə təhsil verirlər. Ev təhsilində 650 şagirdi olan məktəbdə xüsusi təhsil proqramı üzrə tədris həyata keçirilir. Müəllimin tərtib etdiyi proqram əsasında, ETN-nin təsdiq etdiyi tədris planına uyğun tədris olunur.

 

Məqsəd birdir: bütün uşaqlar üçün ən yaxın məktəbdə keyfiyyətli təhsil təşkil edilsin!

 

 

MÜTDA-nın şöbə müdiri Anar Xələfov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib ki, yeni tədris ilində uşaqlar müxtəlif xüsusi təhsilalma forması üzrə təhsilə cəlb edilirlər. Xüsusi təhsil inklüziv siniflərdə, inteqrasiya təlimli təhsil müəssisələrinin xüsusi siniflərində, eyni zamanda 11 nömrəli kimi xüsusi təhsil müəssisələrində təşkil edilir. Sağlamlıq imkanı məhdud uşaqlar evdə, hətta stasionar şəraitdə müalicə müəssisələrində xüsusi təhsilə cəlb edilə bilərlər. Təhsilə cəlb olunma formasından, yəni evdə, yaxud bütün belə xüsusi məktəblərdə, hətta müalicə şəraitində təhsil almağından asılı olmayaraq, çalışırıq ki, həmin uşaqlar keyfiyyətli təhsil ala bilsinlər. Xüsusi təhsilin normativ hüquqi bazası kifayət qədər müasir təhsil metodologiyalarını özündə birləşdirib. Məqsədimiz odur ki, uşaqlar yaxınlıqdakı təhsil müəssisələrində təhsilə cəlb olunsunlar. Bu istiqamətdə işlər həyata keçirilərkən isə xüsusi təhsilin bazası kimi illərdir formalaşmaqda olan xüsusi təhsil müəssiələrindən istifadə ediləcək. Bu müəssisələrin xüsusi təhsilin təkmilləşməsində böyük rolu olacaq”.

 

Ruhiyyə DAŞSALAHLI 

FOTO: Kənan QAFAROV