Startaplar üzrə dünya çempionatının ("Startup World Cup") regional mərhələsi ilk dəfə ölkəmizdə “Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun təşkilatçılığı ilə ADA Universitetində təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, qlobal arenada ən nüfuzlu startap yarışmalarından biri hesab edilən bu tədbir investorlar, şirkət rəhbərləri, startap təsisçiləri, bir sıra dövlət rəsmiləri də daxil olmaqla, ümumilikdə 500-dən çox qonağı bir araya gətirərək Azərbaycanda startap və investisiya ekosisteminin inkişafına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır.
Startap tədbirində “Technovate İnvestments” və “Mələk İnvestorlar Klubu”nun təsisçisi Fərid İsmayılzadə bu yarışmanın Azərbaycanın startap ekosisteminə böyük töhfə verəcəyini vurğulayıb. O, qalib startapın San-Fransiskoda keçirilən dünya çempionatına qatılacağını qeyd edib. “Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun icraçı direktoru Alya Abbaszadə klubun fəaliyyətindən danışıb, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə universitetlərin startapların inkişafındakı roluna diqqət çəkib.
ABŞ-nin ölkəmizdəki səfiri Mark Libbi və Startaplar üzrə Dünya Çempionatının səfiri Federiko Altepost isə Azərbaycanın yarışmada iştirakını yüksək qiymətləndiriblər. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva bu cür tədbirlərin innovasiya sahəsindəki uğurları daha da sürətləndirəcəyini bildirib.
Tədbirdə çıxış edənlər arasında iqtisadiyyat nazirinin müavini Anar Axundov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov da yer alıb. Onlar da öz çıxışlarında bu tədbirin keçirilməsinin ölkənin nəinki startap və investisiya, həmçinin digər sahələrinin də inkişafında böyük rola sahib olduğunu vurğulayıblar.
Daha sonra yarışmada iştirak etmək üçün qeydiyyatdan keçmiş 100-ə yaxın startap arasından seçilən 5 startup öz biznes ideyalarını auditoriya qarşısında təqdim edib və 7 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib. Startapların çıxışlarını qiymətləndirəcək münsiflər heyəti arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış investorlar və ekspertlər yer alıb. Münsiflər heyəti tərəfindən qalib müəyyən olunmuş startap elan edilib və daha sonra bütün yarışma iştirakçıları ilə xatirə şəkli çəkilib.
Qeyd edək ki, qalib komanda oktyabrın 4-də ABŞ-də keçiriləcək final mərhələdə öz startap ideyası ilə Azərbaycanı təmsil edəcək.
Tədbirin həyata keçirilməsində partnyorlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Sabah.hub”, ADA Universiteti, “Next Step İnnovation Center”, “The Law Office of Vugar Jafarov”, eləcə də sponsorlar “Azercell”, “ABB Bank”, “PASHA Holding”, “Visa”, “GoldenPay”, “PASHA Həyat”, “Bestcomp Group”, “PASHA Travel” və “Holberton School Azerbaijan” önəmli rol oynayıb.
Məlumat üçün bildirək ki, startaplar üzrə dünya çempionatı dünyanın ən qabaqcıl startup yarışmalarından biri olub hər il dünyanın müxtəlif yerlərində təşkil olunan regional mərhələlərin qaliblərini ABŞ-nin San-Fransisko şəhərində qalib gələrək 1 milyon dollar dəyərində mükafatı qazanmaları üçün bir araya gətirir. Yarışmanın məqsədi innovativ sahibkarları aşkar etmək, onları qlobal investorlarla bir araya gətirmək və öz bizneslərini dünya səviyyəsində inkişaf etdirməkdir.
Vaqif FƏTULLAYEV