"Bu gün əsas mövzumuz startaplar, innovasiya və inkişaf sahəsində həyata keçirdiyimiz strategiyalardır. Cənab Prezidentin təsdiq etdiyi proqramlar çərçivəsində məktəblərimizdə uşaqlara erkən yaşdan etibarən rəqəmsal bacarıqlar öyrədilir. Artıq hər üç uşaqdan biri İT sahəsində də biliklər qazanır. Onlar Scratch proqramlaşdırma dilini öyrənir, texnologiyaların sirlərinə yiyələnirlər. Bu isə gələcəkdə məzunlarımızın dəyərini və rəqabət qabiliyyətini artıracaq".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli 19 sentyabrda ADA Universitetində Azərbaycanda ilk dəfə təşkil olunan startaplar üzrə dünya çempionatının ("Startup World Cup") regional mərhələsinin açılış tədbirində deyib.
"Elm və Təhsil Nazirliyi olaraq son altı ildə həyata keçirdiyimiz layihələr vasitəsilə 200,000-dən çox şagirdimiz müxtəlif layihələrdə iştirak edir, elm və texnologiyanı fərqli yanaşmalarla mənimsəyir. Biz artıq şagirdlərimizi ənənəvi fənnlərdən daha geniş bir perspektivdə yetişdiririk və məzun olduqdan sonra onların uğurla bu bilikləri necə tətbiq edəcəyini səbirsizliklə gözləyirik.
Ali təhsilə çıxış imkanları hər il genişləndirilir
Eyni zamanda ali təhsilə çıxış imkanları hər il genişləndirilir. Hər həftə yeni proqramlar və qısamüddətli kurslar təqdim edilir ki, bu da şagird və tələbələrimizi ən yaxşı universitetlərə hazırlamağa kömək edir. Biz təhsil sahəsində əhəmiyyətli addımlar atırıq, həmçinin sabah Qarabağ Universitetinin açılışı olacaq ki, bu da ölkəmiz üçün olduqca böyük əhəmiyyətə malikdir.
Cənab Prezidentin 2007-ci ildə başlatdığı Dövlət Proqramı çərçivəsində artıq bu il 500 tələbəmiz dünyanın top 300 universitetində təhsil alacaq. Onlardan 120-si dünyanın ən yaxşı 10 universitetində oxumaq imkanı əldə edib.
Startap ekosisteminin gücləndirilməsi üçün əlimizdən gələni edirik
Bu uğurların davamı olaraq tələbələrimizin, şagirdlərimizin inkişafını dəstəkləmək üçün maliyyə imkanları və lazımi təlimlərlə onları təmin etmək prioritetlərimizdəndir. Hamımız anlayırıq ki, bir uşağın yetişməsi üçün böyük bir dəstək lazımdır. Startap ekosisteminin düzgün istiqamətləndirilməsi və gücləndirilməsi üçün də əlimizdən gələni edirik", - deyə nazir müavini çıxışında qeyd edib.
Vaqif FƏTULLAYEV