Görkəmli rəssam Arif Əzizin 75 illik yubileyinə həsr olunmuş sərgidə tələbələrin də işləri nümayiş etdirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sərgi salonunda görkəmli rəssam, Əməkdar incəsənət xadimi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, ADMİU-nun “ Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Əzizin və onun magistr tələbələrinin “Maestro & Masters” sərgisi keçirilib. Görkəmli rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgi universitetin tarixində ilk dəfə olaraq “ müəllim-tələbə” formatında təşkil olunmuşdu. Belə ki, sərgidə Arif Əzizin fərqli yaradıcılıq dövrlərini əks etdirən 10 əsəri ilə bərabər rəssamlıq fakültəsinin müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistr tələbələrinin də əl işləri nümayiş olunurdu.
ADMİU-nun rektoru, professor Fərəh Əliyeva bildirdi ki, 40 ildən artıq Azərbaycan incəsənətində imzası ilə tanınan Arif Əziz fəaliyyətində bədii yaradıcılıq ilə pedaqoji işi, üslub axtarışlarında ənənə ilə yeniliyi, fərdi manerasının formalaşmasında akademik məktəb və dövrün meyllərini birləşdirən şəxsiyyətdir. Arif Əzizin yaradıcılıq diapazonu dekorativ sənət, qrafika, rəngkarlıq, dizayn, teatr-dekor sənəti sahələrini əhatə etməklə ardıcıl şəkildə milli təsviri incəsənətimizin son yarım əsrdə keçdiyi tərəqqi yolunu özündə aydın və emosional tərzdə əks etdirir. Müasir şəkildə işləməsi, zamanın çağırışlarını duymaq, onun bədii nəbzini hiss edib ətrafdakılara ötürmək, bilikləri ilə paylaşmaq, alicənablıq- sadalanan bu amillər artıq 47 ildir ki, tələbələrimizi cəlb edir, zənginləşdirir və dünyanı fərqli tərzdə ifadə etməsinə yol açır. Rektor görkəmli rəssam, bacarıqlı pedaqoq Arif Əzizə yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Çıxışçılar yubilyarın gözəl və təvazökar insan, tələbələrin yaxın dostu olduğunu, onunla həmişə fəxr etdiklərini söyləyiblər.
Sifai SƏFƏROVA