"İstənilən təhsil sistemində problemlər olur. Azərbaycan təhsil sisteminin də özünəməxsus problemləri var və bizim işimiz həmin problemləri prioritetləşdirib, müvafiq qaydada həllinə yönəlmiş tədbirlər görməkdir".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında qonaq olarkən deyib.
 
O bildirib ki, məlum olduğu kimi uzun müddətdir müəllimlərin keyfiyyətinin artırılması ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq addımlar atılır. 
 
"2014-2015-ci ildən başlayaraq mərhələli şəkildə müəllimlərin diaqnostik qiməylətləndirilməsinin keçirilməsi, bunun nəticəsində müəllimlərin həm saat normalarının tənzimlənməsi, həm də əməkhaqqılarının artırılması, daha sonra isə son 3 il ərzində müəllimlərin sertifikatlaşdırılma islahatının aparılmasını qeyd etmək istəyirəm. Düşünürəm ki, bu islahat davam etdiriləcək, çünki hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücündən asılıdır". 
 
Nazir qeyd edib ki, eyni zamanda bizim məzmun istiqamətində də əsaslı layihələr həyata keçirilir. 
 
"Bu il "Rəqəmsal bacarıqlar" layihəsinin coğrafiyası bir az da genişlənərək, təxminən yarım milyon şagirdi, STEAM layihəsi 250 min şagirdi əhatə edəcək. Məktəblərimizin infrastrukturumuzun yaxşılaşdırılması istiqamətində də addımlar atılır. Həm dövlət büdcəsi hesabına, həm də hörmətli Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi ilə hər il təxminən 50-60 böyük həcmli məktəb tikilərək istifadəyə verilir. Bunun nəticəsidir ki, son illər ərzində 500-dən artıq məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Ümumilikdə ölkə üzrə 90 faizdən artıq məktəbin infrastrukturu əsaslı şəkildə yaxşılaşdırılıb. Bu istiqamətdə çox az iş qalıb ki, onlar da icra olunacaq".