"Əvvəllər Azərbaycandan çox tələbə Rusiyaya oxumağa gəlirdi, indi isə biz yeni tendensiya görürük. Rusiyadan tələbələr Azərbaycana təhsil almağa gəlirlər. Biz tələbələrimizi ADA Universitetinə təcrübə keçməyə göndəririk. Bu, doğrudan çox maraqlıdır".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu çərçivəsində keçirilən panel sessiyada çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin Moskva Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) beynəlxalq jurnalistika fakültəsinin dekan müavini dosent Nigar Məsumova bildirib.
 
N.Məsumova təmsil etdiyi MQİMO-dan danışarkən qeyd edib ki, bizim ən məşhur məzunumuz Azərbaycan Prezidenti İlham Əliyevlə fəxr edirik və bunu hər zaman çıxışlarımda qeyd edirəm.   
 
Dünya iqtisadiyyatının inkişaf yolları barədə tədqiqatlar aparan MQİMO-nun dekan müavini bir sıra ölkələr üzrə təhsilə ayrılan vəsaitlərin müqayisəsini aparıb. Qeyd edib ki, Almaniyada təhsilə ayrılan vəsait dövlət büdcəsinin 5, Rusiya və Azərbaycanda isə 2-3 faizini təşkil edir. Bu onu göstərir ki, təhsilə sərmayə vacibdir, çünki gələcəyimiz təhsildən asılıdır. İnkişaf etmiş ölkələrdə elmə çəkilən xərclər ÜDM-nin 3 faizindən çoxdur. Elmə 2 faizdən az xərcləyən ölkələr də var ki, onlar elmdə geri qalırlar.
 
O, qeyd edib ki, biz əcnəbi tələbələri ölkəyə təhsil almağa cəlb edir, vətəndaşlarımızı xaricə oxumağa göndəririk, bütün bunlar gələcəkdə öz təsirini göstərəcək. Həm tələbə göndərən, həm də qəbul edən ölkələr bunun faydasını görəcək:
 
"Bu ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi daha yaxşı dünyanın qurulmasının əsasını qoyur. Artıq coğrafiya dəyişib, əvvəllər tələbələri Avropaya göndərirdik, indi isə Azərbaycana və Asiya ölkələrinə göndəririk. MQİMO-da bu il 941 əcnəbi tələbə təhsil alır. Onlardan 78-i Azərbaycandan gələnlərdir. MQİMO hər zaman azərbaycanlı tələbələr üçün maraqlı olub. Hazırda elm, təhsil, mədəniyyət sahələrində əlaqələrin inkişafına çalışmaq lazımdır, çünki bu əlaqələr gələcəkdə körpü olacaq. Dil məsələsi də çox vacibdir. Rusiyada etno komponentli Azərbaycan məktəbi fəaliyyət göstərir. MQİMO-da Azərbaycan dili rus dilindən əlavə öyrədilir. Burada Azərbaycan dilini bilən mütəxəssislər çoxdur. Hər iki tərəf bununla fəxr edir. Azərbaycanda da Rusiyanın bir neçə universitetinin filialları fəaliyyət göstərir. Bundan sonra da bu əlaqələri dərinləşdirmək lazımdır".
 
N.Məsumova Rusiyada təhsil alan azərbaycanlı gənclər barədə də danışıb, qeyd edib ki, 15 il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) yaradılıb. Biz Rusiyada azərbaycanlı gənclərin uğurlarını görürük.
 
Oruc MUSTAFAYEV