Kiçik və Orta Biznesin İnkişafı Agentliyi universitetin elmi araşdırma mərkəzlərinin potensialından faydalanacaq
Qlobal dünyanın əsas hədəflərindən biri əmək bazarının tələblərinə uyğun ixtisas sahiblərinin, peşəkar mütəxəssislərin hazırlığıdır. Gələcəyin tələbolunan peşələri baxımından bu məsələdə ən çox yük ali təhsil müəssisələrinin üzərinə düşür. Universitetin buraxdığı məzun işəgötürəni qane edəcəkmi? Real bazar və universitet arasında işgüzar münasibət modeli necə qurulmalıdır?
Bütün bu suallara noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş tədbirdə cavab tapmaq olardı. Tədbirin mühüm leytmotivlərindən biri sahibkar-universitet əməkdaşlığı idi.
Tədbiri açan UNEC-in rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbin məzun hazırlığı sahəsində prioritetlərinə də toxunub. UNEC -in rektoru qeyd edib ki, Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda tədris və kadr məsələlərində, təhsilin məzmununun formalaşmasında işəgötürənlərin fikirlərinin nəzərə alınması zəruriliyi qeyd olunub.
Bu sənəddə son 30-40 il ərzində dünyada baş vermiş qlobal texnoloji dəyişikliklər nəticəsində praktika ilə bağlı olmayan sırf akademik biliklərin fundamental əhəmiyyətini itirməsi də öz əksini tapıb. “Buna görə də təhsil müəssisələri qarşısında duran əsas vəzifələrdən biri tələbələrə nəzəri biliklərlə yanaşı, daha çox praktiki bilik və vərdişlərin aşılanmasıdır. Vərdiş deyərkən isə tələbənin əldə etdiyi nəzəri bilikləri tətbiq etmək bacarığı nəzərdə tutulur”, - deyə Ə.Muradov bildirib. Onun sözlərinə görə, UNEC real sektorla əməkdaşlıqda çox maraqlıdır: “Biz real sektorla əməkdaşlıq etmədən əmək bazarının tələblərinə cavab verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığına nail ola bilmərik”.
Ə.Muradov əlavə edib ki, UNEC-in real sektorla çoxsaylı əməkdaşlıq istiqamətləri, müqavilələri var. Rektor növbəti belə bir əməkdaşlıq müqaviləsinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə imzalanacağını deyib.
Məzunlarımıza zəmanət veririk
Rektor UNEC-in rəqabətqabiliyyətli məzun strategiyası, UNEC-də tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunların işlə təmin olunmasına hədəflənən “UNEC2B” platformasından da söz açıb:
“Biz məzunlarımıza zəmanət veririk. Başqa sözlə, məzunlarımız işə götürüldükləri zaman işəgötürənlər qarşısında avtomatik olaraq öhdəlik götürürük. Əgər işəgötürənlər 3 il müddətində məzunlarımızın yenidən hazırlanmasına və ixtisaslarının artırılmasına ehtiyacın yarandığını bildirərsə, biz onlar üçün universitetin büdcəsi hesabına yenidənhazırlanma və ixtisaslaşma proqramını həyata keçiririk. İkincisi, bizim yuxarı kurs tələbələrimizi işə götürmüş şirkətlər onların hansısa zəif nöqtəsini aşkar edərsə, məsələn, tutaq ki, tələbənin İT sahəsində bilikləri yetərincə deyil, o zaman biz yenə də ali məktəbin büdcəsi hesabına əlavə kurslar təşkil edib, işəgötürənin tələbinə uyğun olaraq onun yenidən hazırlanmasını və zəif tərəflərini aradan qaldırmağı öhdəmizə götürürük”.
UNEC beyin mərkəzi kimi
Ə.Muradov KOBİA ilə əməkdaşlığın nəzərdə tutulan hədəfləri barədə də məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin beyin mərkəzi funksiyasını öz üzərinə götürməyə hazırdır. UNEC kiçik və orta biznesin inkişafı üzrə istənilən tədqiqatı 4 dildə - Azərbaycan, rus, ingilis, türk dillərində aparmağa qadirdir.
Rektor əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığının vacibliyini qeyd edərək UNEC-in bu sahədə kifayət qədər böyük potensiala sahib olduğunu bildirib. Onun sözlərinə görə, kadr hazırlığı işində UNEC potensialından istifadə daha çox üstünlüklər verəcək.
Qeyd olunub ki, ali məktəbdə 10 min tələbəyə eyni zamanda distant təhsil vermək gücündə olan “UNEC Extern” mərkəzi var: “Hesab edirik ki, bu mərkəz Avropa tələblərindən yüksək səviyyədədir. Bizim mütəxəssislər sahibkarlara onlar iş yerlərini tərk etmədən distant təhsil mərkəzi ilə müxtəlif mövzularda - kiçik və orta biznes, Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə bağlı təlim keçməyə hazırdır”.
UNEC-in dövlət və korporativ qurumlarla faydalı əməkdaşlıq qurduğunu vurğulayan Ə.Muradov bu mənada KOBİA ilə də birgə fəaliyyətin səmərəli olacağını qeyd edib.
“UNEC-in potensialından faydalanmaqda maraqlıyıq”
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, Agentliyin fəaliyyəti bir çox istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır, iki qurum arasında əməkdaşlığın konkret istiqamətlərini və formalarını müəyyən edərək geniş əməkdaşlıq platforması yaradır:“Hazırda Agentlik tərəfindən kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlər hazırlanmaqdadır. Bu prosesdə biz UNEC-in nəzdində fəaliyyət göstərən elmi araşdırma mərkəzlərinin potensialından faydalanmaqda maraqlıyıq və fikrimcə, bu, qurumlar arasında əməkdaşlığın öncül istiqamətlərindən biri olacaq”.
Orxan Məmmədov kiçik və orta biznes subyektlərinin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramlarının, metodiki vəsaitlərin və mövzuların hazırlanmasında birgə iştirakın təşkil edilməsi, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsində hər bir dəstəyə hazır olduqlarını qeyd edib.
UNEC-lə əməkdaşlıq çərçivəsində innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilati modellərinin yaradılması və səmərəli fəaliyyətinin təmin olunması, elmi yeniliklərin biznesə inteqrasiyası istiqamətində tədbirlər həyata keçiriləcək, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramları və metodiki vəsaitlərin hazırlanmasında birgə iştirak təmin olunacaq, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsi diqqət mərkəzində saxlanılacaq.
Sonda UNEC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi UNEC-in rektoru Ədalət Muradov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.
Oruc MUSTAFAYEV