İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə” 2024-cü il 28 avqust tarixli Əmrinə əsasən, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, həmin dərslərin təşkilinə metodiki dəstək məqsədilə sentybarın 9-da Elm və Təhsil Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkətinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin metodistləri və qabaqcıl müəllimlər üçün vebinar keçirilib. 

 

Vebinarda COP29 Əməliyyat Şirkətin dayanıqlı inkişaf məsələləri üzrə ixtisaslaşmış mütəxəssisləri, iqlim dəyişikliyi üzrə mütəxəssis Ayan Şamçiyeva, eləcə də Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun  əməkdaşları iştirak ediblər. Bakı Avropa liseyinin müəllimi Pərvinə Qədimova vebinar iştirakçılarını “Yaşıl dünya naminə həmrəylik dərsləri” adlı müəllimlər üçün metodik vəsaitlə və videotəlimatlarla tanış edib, zəruri tövsiyələri onların diqqətinə çatdırıb. Sonda iştirakçıların fikir və təklifləri dinlənilib, yaranmış suallar müvafiq mütəxəssislər tərəfindən cavablandırılıb. 

 

Qeyd edək ki, bu mövzunun tədrisi ilə bağlı müəllimlərə dəstək məqsədilə 3 dərsdən  (hər təhsil səviyyəsinin şagirdlərinin öyrənmə potensialına uyğun 1 dərs) ibarət metodiki vəsait artıq hazırlanaraq www.trims.edu.az portalına yerləşdirilib. Vəsaitin müəllifi ekologiya üzrə fəlsəfə doktoru, “EkoSfera” Sosial-Ekoloji Mərkəz İctimai Birliyinin rəhbəri, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dosenti, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultanzadədir. Vəsait əsasında videotəlimat da hazırlanıb, sözügedən portalın “Video resurslar” bölməsində yerləşdirilib.

 

Tədris ili ərzində bu mövzuda dərslərin keçirilməsi və layihələrin işlənilməsi diqqətdə saxlanılacaq.