“Bir şeyi unutmayaq ki, elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır. Biz çox uzun müddət ərzində çox yaxşı fikirlər danışa bilərik, amma mütləq qaydada bunları əməllərdə görməliyik".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilmiş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışı zamanı deyib.
 
Nazir forum iştirakçıları ilə Azərbaycanın ali və orta məktəbləri kollektivlərinin görüşlərinin təşkilinin faydalı olacağını, forumun alimlərimizin şəbəkələşməsində əvəzsiz rol oynayacağını qeyd edib. Həmçinin forumda iştirak edən alimlərin əksəriyyəti ilə ayrılıqda Azərbaycanda elmi necə inkişaf etdirmək olar sualı ətrafında müzakirə aparıldığını diqqətə çatdırıb: 
 
"Elm barədə müzakirələr olduqca zəruridir, amma kafi deyil. Məncə, ən vacib məqam, ümumiyyətlə, Azərbaycanın diasporası sayılan kənarda yaşayan alimlərimizin müzakirələri yerli elm və təhsil mühitini, araşdırma mühitini hansı şəkildə inteqrasiya edə bilərik sualının ətrafında olmalıdır, burada çoxlu emosional məqamlar olacaq. Çünki xalqımız özünün ən qürurlu dövrünü yaşayır və bu dövrdə emosiyalarsız keçinmək olmur”. 
 
Nazir əlavə edib ki, emosiyaları kənara qoyub daha ölçülə bilən, daha konkret təkliflər ətrafında müzakirələr aparılarsa, daha faydalı bir yerə gəlib çıxmaq olar. 
 
Elmin inkişafı sahəsində Azərbaycan hökuməti, Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlər, yaradılan imkanlar və onlardan ümumi məqsədlər üçün necə istifadə etmək və eləcə də xaricdə yaşayan alimlərdən olan gözləntilər barədə fikirlərini bölüşən nazir ilk növbədə qeyd edib ki, Azərbaycanda elm çox ciddi bir transformasiyadan keçir. Azərbaycan tarixən öz alimləri, elm insanları ilə bölgədə seçilən bir yer olub. Amma biz gələcəyə baxsaq, elmi rəqəmlərlə ölçmək mümkündür. Sözlərlə, mübaliğəli ifadələrlə təsvir etmək yox, həmin rəqəmlərə baxanda vəziyyətin nə yerdə olduğunu başa düşmək olur:
 
“Təbii ki, bu rəqəmlər Azərbaycan üçün hazırda o qədər də ürəkaçan deyil. Bunun səbəblərini indi danışmağa lüzum görmürəm. Əminəm ki, buradakı insanların bununla bağlı müxtəlif səpkili fikirləri var. Amma yaxşı xəbər ondan ibarətdir ki, son illər ərzində bu sahədə xeyli müsbət  işlər görülüb. Elmin inkişafı üçün mütləq qaydada on illiklər lazımdır. Yəni, biz üç, beş ilə birdən-birə Azərbaycan elmini harasa qaldıra bilmərik. Burda bunun səbəblərini anlamalıyıq. Səbəblərin böyük əksəriyyəti obyektiv və subyektiv səbəblərdir”. 
 
Nazir əlavə edib ki, ölkəmiz son 30 il ərzində kifayət qədər təlatümlü bir dövrdən keçib və hazırda hətta bizim gördüyümüz işlərin böyük hissəsi 90-cı illərin əvvəllərində ölkədə baş vermiş müharibənin nəticələrini aradan qaldırmaqla bağlıdır: "Yəni, vəsaitlər ora yox, elmə xərclənsəydi, yəqin ki, indi başqa bir fərqli bir yerdə ola bilərdik. Amma təəssüf ki, belə bir imkanımız olmayıb”.
 
Nazir hesab edir ki, vacib məqamlardan biri bu çərçivəni, yəni, ölçülə bilən məqsədi müəyyən etməkdir: "Burada Azərbaycan elmini harada görmək istəyirik arzu və ifadələrindən daha çox, konkret olaraq, Azərbaycan elmi beş ildə, 10 ildə, 15 ildə və yaxud 30 ildə harada ola bilər sualının cavabı olduqca vacibdir. Biz bütün elmi məsələlərlə eyni anda məşğul ola bilmərik. Azərbaycan elminin harada müqayisəli üstünlükləri varsa, o sahələrə fokus olmalıdır, amma bunu da müəyyən etmək üçün alim rəyi lazımdır. Yəni, bunu məmur, siyasətçi müəyyən edə bilməz. Bu forumda və bundan sonrakı müzakirələrdə həmin o prioritetlərin formalaşması olduqca vacibdir. Çünki bu gün 100 milyonlarla büdcə tələb edən tədqiqatlar var. Yəqin ki, biz ora yox, amma çox az maliyyə tələb edən və yaxud da ən qısa zaman ərzində uğur əldə edə biləcəyimiz sahələrə fokuslanmalıyıq.
 
Digər vacib məqam mənə görə yenə də elmi, qeyri-elmdən ayırmaqdır. Biz elm deyəndə nə nəzərdə tuturuq? Bu, çox vacib bir sualdır. Nazirlik olaraq müzakirələri dinləyəndə, gördüyümüz ondan ibarətdir ki, kifayət qədər çoxlu ictimai müzakirə var, amma onun içində elm azdır. Elmin səviyyəsi elmmetrik formatda ölçülə bilən məqalələr, sitatların sayı ilə müəyyən edilir. Bu, varsa, mənə görə elm var, bu, yoxdursa, çoxlu hay-küylü fikirlər varsa, onda sadəcə hay-küy var, elm yoxdur. Hay-küydən elmə gedən yolda nümunələr istəyirik. Nümunələr olduqca vacibdir. Çünki bir çox hallarda əsl elmlə, doğru, dürüst elmlə məşğul olan insanların adlarını elmmetrik jurnallarda görürük. Yəni, biz onları sosial mediada və digər platformalarda görmürük. Alimlərlə müzakirələrimdə bəzən suallar verirəm ki, niyə siz sosial mediada çox aktiv deyilsiniz, deyirlər ki, buna vaxt yoxdur. Çünki biz tədqiqatla məşğuluq və həmin vaxtı tədqiqata sərf eləsək, daha yaxşı olar".
 
Ölkə başçısının müvafiq fərmanları ilə təsdiq olunmuş xaricdə təhsil dövlət proqramlarına toxunan nazir qeyd edib ki, bu proqramlar həqiqətən də Azərbaycanın yaxşı mənada müqəddəratını dəyişə biləcək proqramlardır:
 
“Artıq 2007-2015-ci illəri əhatə edən bir proqram yekunlaşıb. Bu zalda həmin proqramın məzunları var. Çox sevindirici haldır ki, həmin şəxslər artıq öz müvafiq sahələrində uğur qazanmış alimlər kimi bu foruma qoşulublar. Eyni zamanda, son 3 il ərzində biz hər il orta hesabla ötən iki ildə 400-ə qədər, bu il isə möhtərəm cənab Prezidentin müvafiq fərmana etdiyi dəyişikliklərlə 500 nəfəri dünyanın ən yaxşı universitetlərinə təhsil almağa göndərmişik. İnanıram ki, onların böyük bir qismi Azərbaycana gəlib elmin inkişafına töhfə verəcək. Bəlli bir qismi isə xaricdə diaspor işi aparacaq. Amma vacib məqam odur ki, bu proqramda biz geri qayıtmağa olduqca həssas yanaşıb, həmin insanların geri qayıtması üçün əlimizdən gələni etməliyik”.
 
Nazir doktorantura, PHD səviyyəsində olan proqramlardan da tdanışıb və qeyd edib ki, hazırda 284 nəfər azərbaycanlı Azərbaycan Dövlət Neft Fondunun maliyyəsi hesabına xaricdə təhsil alır və həmin şəxslərin təhsilini bitirdikdən sonra 5 il Azərbaycanda ali təhsil müəssisələrində işləməsi planlaşdırılır. “Eyni zamanda vacib məqam ondan ibarətdir ki, biz hazırda elmin inkişafı üzrə Dövlət Proqramı üzərində işləyirik. Dövlət proqramında əsas məqamlardan biri həm azərbaycanlı, həm digər elm adamlarının Azərbaycan ali təhsil sisteminə inteqrasiyasını təmin etməkdir”. 
 
Azərbaycanda uzun müddətdə həm elmi tədqiqat institutlarının, həm ali təhsil müəssisələrinin daha çox tədrislə məşğul olmaqla ayrı-ayrılıqda fəaliyyət göstərdiyini vurğulayan nazir qeyd edib ki, son iki ildə bu istiqamətdə irəliyə doğru  addımlar atılıb və həmin nəticələri də görməyə başlamışıq: “Düzdür, universitet reytinqləri heç də ən vacib göstərici deyil. Mən şəxsən belə hesab edirəm ki, onlara çox fokuslanmağa dəyməz. Amma hər bir halda həmin reytinqlərdə irəliləmənin böyük bir hissəsi məhz bu inteqrasiyanın hesabınadır. Düşünürəm ki, bu da olduqca vacib məqamdır”. 
 
Alimlərdən olan gözləntilərə gəlincə E.Əmrullayev qeyd edib ki, ən sadə addımlar çox böyük dəyişikliklərə səbəb ola bilər:
 
"Azərbaycanda yaşayan çox hörmətli alimlərimizlə biz bunu edirik. Amma xaricdə yaşayan alimlərimizlə də bunu etməliyik. Məsələn, Azərbaycanda olduğunuz dövrdə məktəblərə gedib sadəcə olaraq şagirdlərlə söhbət etməyinizin, inanıram ki, çox böyük faydası var. Hər biriniz şəxsi nümunənizdə yüzlərlə şagirdə irəliyə doğru çox ilhamlandırıcı təsir göstərə bilərsiniz. Bir çox ölkələrdə də bu sistem var, çox istəyirik ki, boş olduğunuz dövrdə vaxtınızı Azərbaycan ali təhsil müəssisələrində keçirəsiniz. Eyni zamanda Azərbaycan ali müəssisələrində gəlib qısamüddətli mühazirələr verməyinizdə də fayda var. Razılaşarsınız ki, universiteti universitet edən tam ştatlı alimlərdir. Yəni, bir dəfə gəlib mühazirə etməyin bir ziyanı yoxdur, amma bir mühazirə ilə də təhsili dəyişmək olmaz. Bu, vaxtilə ADA  Universitetində başlamışdı. Azərbaycandan kənarda təhsil alan doktorantlar Azərbaycana qayıdırdı, onların qayıtması üçün şərait yaradılırdı və bu şəraitdə artıq həmin alimlər bir neçə ildir ki, orada işləyirlər. Eyni format da burda ola bilər. Həm bizim gənc nəsil, həm nisbətən əvvəlki dövrlərdə Azərbaycandan getmiş alimlərimiz bu formatda geri qayıda bilərlər. Digər məqam da çox faydalı ola bilər. Bu, elmi əməkdaşlıqdır. Yəni, xüsusilə də gənc doktorantların bu və ya digər formada birillik və ya ikiillik müddətdə sizin sahənizdə, sizin laboratoriyalarda qısamüddətli tədqiqatlara cəlb olunmasında bir fayda var. Çünki mühit anlayışı olduqca vacibdir. Yəqin ki, əksəriyyətiniz Azərbaycan məktəblərini bitirmisiniz, Azərbaycan orta məktəblərinin məzunusunuz, amma çox uğurlu olmağınızın səbəblərindən biri də yerləşdiyiniz mühitdir. Mühit dəyişikliyi, ekosistem dəyişikliyi olduqca vacibdir və mən inanıram ki, həmin mühiti də insanlar, insanların düşüncələri, dəyərləri və yanaşmaları yaradır. Bu baxımdan bu imkanı gənc nəsilə çatdırmaq olduqca vacibdir". 
 
Çıxışının sonunda nazir Emin Əmrullayev Qarabağ Universiteti haqqında da danışıb: “Düşünürəm ki, Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin Azərbaycan təhsilinə, elminə  ən böyük hədiyyəsidir. Çünki həmin universitetdə bütün tədris işlərini biz yenidən sıfırdan başlaya bilirik. Əvvəllər müəyyən mənada buraxılmış səhvlərdən öyrəndiklərimizi bir daha etmirik, etməməyə çalışırıq. Eyni zamanda, həmin ali təhsil müəssisəsində təhsilə, elmi tədqiqatlara cəlb olunmuş hər bir gənc alimimizin, fərqi yoxdur, yaşından asılı olmayaraq bütün professor-müəllim heyətini dürüst, akademik dəyərlərlə seçməyə çalışmışıq. Artıq sentyabr ayının ortalarından universitetdə 1200 nəfər tələbənin yüzdən artıq müəllimin iştirakı ilə tədrisə başlayacağıq. Bu, yəqin ki, Azərbaycan təhsil tarixinin çox önəmli bir səhifəsi olacaq. Biz Qarabağ Universiteti ilə bağlı bir neçə məqamları alimlərimizə təqdim edirik, mütəmadi səfərlər olur. Aranızda bu səfərləri edən alimlərimiz var ki, onlar qısa müddətli gəlir, müəyyən bir müzakirələrimiz aparırıq, hansısa tövsiyələr verilir. İstərdik ki, bu daimi olsun və eyni zamanda da professor-müəllim heyətinin seçimində də, düşünürəm ki, bizə çox faydalı ola bilərsiniz”. 
 
Oruc MUSTAFAYEV