Pilot məktəblərdə özəl sektorun iştirakı ilə sahibkarlıq mərkəzləri yaradılacaq


Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətinə dəstək olmağa xidmət edən yeni layihə start götürüb. Bu çərçivədə həyata keçirilən təlimlərdə pul qazanmaqla yanaşı, pul xərcləməyin yolları da aşılanacaq. Belə ki, layihə təşkilatçıları hesab edir ki, gənclər xərclərinə qənaət etməklə, həmçinin mövcud qorxularını dəf etməklə qısa müddətdə böyük sahibkara çevrilə bilərlər.

 

Söhbət 2018-2021-ci illərdə Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Qax, Xaçmaz, Masallı, Qəbələ və Zaqatala rayonlarında yerləşən ilk peşə-ixtisas və orta məktəblərdə təhsil alan 3000 şagirdi və 150 müəllimi əhatə edəcək bir layihədən gedir. “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” adlanan layihə dörd əsas mərhələdə həyata keçiriləcək. Layihə çərçivəsində maliyyə savadlılığı və sahibkarlığın əsasları istiqamətində metodik vəsait və elektron resurslar hazırlanacaq, pilot məktəblərdən seçilən 150 müəllim peşəkarlığının artırılması məqsədi ilə təlimlərə cəlb olunacaq, şagirdlər üçün məşğələ və təlimlər təşkil ediləcək və pilot məktəblərdə özəl sektorun iştirakı ilə sahibkarlıq mərkəzləri yaradılacaq. Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi bu layihəni JA (Gənclərin Nailiyyəti) Estoniya, Azərbaycan Mikromaliyyə Assosiasiyası, BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində icra edəcək. Layihəni Avropa İttifaqı və “PAŞA Bank” maliyyələşdirir.

 

Layihəni maliyyələşdirən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın fikrincə, bu layihə Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığın prioritet istiqamətlərinə uyğundur. Onun sözlərinə görə, layihə gənclərin səriştə və bacarıqlarını inkişaf etdirmək yolu ilə təhsil sisteminin əmək bazarının tələblərinə cavab verməsini təmin edir, iş yaratma və iqtisadiyyatın diversifikasiyasını dəstəkləyir. Səfirin fikrincə, layihənin vətəndaş cəmiyyətini ölkənin sosial-iqtisadi inkişafı proseslərinə cəlb etmək, dövlət və özəl sektoru bir araya gətirməklə icra olunması xüsusilə əhəmiyyətlidir. 

 

“PAŞA Bank” ASC-nin Korporativ bankçılıq və biznesin inkişafı şöbəsinin direktoru Aynurə Piriyeva deyir ki, onların müşahidələri bank müştərilərinin maliyyə savadlılığının az olduğunu göstərir. Bank müştərilərinin təqdim etdiyi sənədlərdən aydın görünür ki, bu sahədə bacarıqları inkişaf etdirilməyib. Belə bir layihəyə maliyyə dəstəyi verməklə təmsil etdiyi qurum gənclər arasında maliyyə savadlılığının artırılmasına töhfə vermək istəyir. Onlar müştərilərinin savadlanmasının bankın işinin azalması ilə nəticələnəcəyinə inanırlar.

 

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin fikrincə, cəmiyyətdə özünə iş axtaran və özü iş yaradan gənclər var. Ancaq cəmiyyətdə baş çıxarmaq ikincilər üçün daha asandır. Bu gün gənclərdən kreativ yanaşma və qorxuları aradan qaldırmaq tələb olunur. Onlar ilk növbədə “Sən hara, dünya bazarı hara?” qorxusunu, “Sata bilməzsən” xofunu aşmalıdırlar. Prorektor yeni nəslin bu cür bacarıqlarının inkişaf etmiş olacağına inandığını deyir. Son illərdə həyata keçirilən təhsil islahatları şagirdlərin bu istiqamətdə bacarıqlarını inkişaf etdirdiyindən növbəti nəslin bu cür problemləri olmayacaq.

 

Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva maraqlı məqama diqqət çəkir. Onun fikrincə, ailələr uşaqlarına pulu necə xərcləməyi öyrətməlidirlər. Gənclər maliyyə məqsədləri üçün pul yığmağı bacarmalıdır. Onun fikrincə, gənclər borca girməyə meyillidirlər. Odur ki, uşaqlarda xərclərin idarəedilməsi bacarığını formalaşdırmağa, onlara düzgün qərar verməyi öyrətməliyik.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva gənclər arasında maliyyə savadlılığının və sahibkarlıq bacarıqlarının inkişafını vacib sayır. Onun fikrincə, 21-ci əsrdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqları şagirdlərin əldə etməsi vacib səriştələrdəndir və bu səbəbdən “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin icrası Təhsil Nazirliyi üçün böyük əhəmiyyət kəsb edir:

“Son 5 il ərzində təhsilin bütün sahələrində əsaslı nailiyyətlər əldə edilib. Təhsil ölkənin bütün əhalisi üçün əhatəliliyi, genişliyi, əlçatanlığı baxımından böyük əhəmiyyət kəsb edib. 11 ildir tətbiq olunan kurikulum əsasında şagirdlərin maliyyə savadlılığı da inkişaf etdirilir. Belə ki, məktəblərdə tədris olunan “Həyat bilgisi” fənnində şagirdlər məhz bu yöndə müvafiq bilik və bacarıqlara yiyələnirlər”.

 

Nazir müavininin fikrincə, bu gün dövlət və özəl sektor arasındakı əməkdaşlıq nəticəsində XXI əsrin bacarıqlarına yönələn müxtəlif layihələrin tətbiqi Təhsil Nazirliyinin qarşısında duran prioritet istiqamətlərdəndir. Bu istiqamətdə maliyyə savadlılığının artırılması ilə bağlı müxtəlif miqyaslı layihələr həyata keçirilir.

 

Layihənin məktəbyaşlı uşaqlar arasında keçirilməsinin əhəmiyyətinə toxunan M.Vəliyeva bildirib ki, uşaqlarda maliyyə savadlılığı və sahibkarlıqla bağlı müvafiq bacarıqların formalaşdırılması onların gələcək həyatlarında iqtisadi cəhətdən özlərinin təminatı baxımından mühüm rol oynayacaq: “Ona görə də bu qəbildən layihələrin gələcəkdə də tətbiqi nazirliyin marağındadır. Layihə tək Bakıda deyil, regionlarda da tətbiq olunacaq. Bu isə nazirliklə özəl təşkilatlar arasında bu istiqamətdə işin uzun müddət davam edəcəyindən xəbər verir”.

 

Ruhiyyə DAŞSALAHLI