Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilir.

 

“Həyat bilgisi” fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulan təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır.

 

Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsindən ibarətdir.       

 

Layihə çərçivəsində qruplar üzrə təşkil edilən təlimlərdə “Həyat bilgisi” və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, gəlir, xərc, büdcə, sığorta anlayışlarının sadə şəkildə tədrisi metodikaları barədə təqdimatlar keçirilir, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilir.

 

Təlimlərin yekununda qiymətləndirmə aparılır. Nəticələrə uyğun olaraq, müəllimlərə sertifikatlar təqdim ediləcək.

 

Təhsildə maliyyə savadlılığına dair təlimlərin davam etdirilməsi nəzərdə tutulur.