Universitetin birinci kurs tələbəsi olmaq həyəcanlı bir təcrübədir, lakin bu yeni mərhələnin uğurlu olması üçün bir sıra əhəmiyyətli addımları atmaq və müəyyən məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Akademik məsləhətçi olaraq (tyutor) tələbələrin universitet həyatına düzgün adaptasiya olması və təhsillərini səmərəli şəkildə davam etdirməsi üçün diqqət olunmalı 10 əsas məsələni sizinlə bölüşmək istəyirəm. Atalarımız demişkən “Yaxşı məsləhət qızıldan da dəyərlidir”. Bu müdrik deyim ilk tədris ilindən başlayaraq sizə rəhbərlik edə bilər.
 

Gəlin, universitet həyatına başlamaq üçün hansı addımların vacib olduğunu qısa şəkildə nəzərdən keçirək:
 

1. Dərs cədvəlinə əhəmiyyət vermək: Dərs cədvəlini diqqətlə izləyin və dərslərə vaxtında gedin. Çünki müntəzəm iştirak və vaxtında gəlmək dərs proqramını izləməkdə sizə kömək edəcək. Müəllimlərinizlə daima ünsiyyətdə olun, bir növ onlarla dostlaşın. Bir müəllimin yüzlərlə tələbəsi olur və praktik olaraq onların hamsını yadda saxlaya bilməz. Buna görə də yaddaqalan tələbə olmaq lazımdır.
 

2. Təhsil məqsədlərinizi müəyyən edin: Gələcəkdəki karyera məqsədlərinizi və maraq sahələrinizi düşünün. Bu, seçəcəyiniz fənlər və fəaliyyətlər üçün sizə istiqamət verəcək. Universitetdə mövcud olan elmi cəmyətlərə və s. qoşulun. Bu sizdə araşdırma aparmaq, təqdimat etmək, komandada işləmək kimi bir çox bacarıqları formalaşdırmağa kömək edəcək.
 

3. Vaxtı idarəetmə bacarıqlarınızı inkişaf etdirin: Universitet həyatı həm dərslər, həm də şəxsi həyat arasında balans qurmağı tələb edir. Vaxtınızı effektiv idarə etmək üçün planlaşdırma və təşkilatçılıq bacarıqlarınızı inkişaf etdirin. Vaxt çox qiymətlidir və onu düzgün idarə etmək universitet həyatında uğurun əsas şərtlərindən biridir. Çox vaxt tələbələr universitet illərində işləri ertələyərək “kaş vaxtında edərdim” kimi düşüncələrə qapılırlar. Bu təəssüf doğuran vəziyyətdən qaçmaq üçün vaxtınızı səmərəli idarə etmək və özünüinkişaf ilə şəxsi həyat arasında balans yaratmaq vacibdir.
 

4. Aktiv tələbə həyatı: Universitetdə müxtəlif tələbə icmaları, klublar və fəaliyyətlər mövcuddur. Bu fəaliyyətlərdə iştirak edərək sosial şəbəkənizi genişləndirə və maraq sahələrinizə uyğun yeni təcrübələr qazana bilərsiniz.Tələbə təşkilatlarına üzv olmadan öncə təşkilatın illik fəaliyyət planı ilə tanış olun və sizə maraqlı olan fəaliyyət sahəsini seçin. Könüllülük fəaliyyəti tələbələrə fərqli və yeni mühitlərdə işləmək, müxtəlif sahələrdə bacarıqlarını sınamaq və real dünya ilə təmas qurmaq imkanı verir. Bununla yanaşı, könüllülük sosial məsuliyyət hissini artırır və fərdin həyatına müsbət dəyərlər qatır. 
 

5. Fakültə və universitet resurslarından istifadə edin: Universitetin təklif etdiyi resurslardan faydalanmaq təhsil həyatınızın keyfiyyətini artırmaq və maksimum potensialınızı reallaşdırmaq üçün əvəzsiz bir imkandır. Bu resurslar tələbələrin akademik, peşəkar və şəxsi inkişafını dəstəkləmək üçün nəzərdə tutulub. Universitet həyatında uğur qazanmaq üçün mövcud imkanlardan tam şəkildə istifadə etmək tələbələrin məsuliyyətidir.
 

6. Sual verməkdən çəkinməyin: Əgər bir şeyi başa düşmürsünüzsə, müəllimlərinizdən, yoldaşlarınızdan və ya universitetin digər mütəxəssislərindən kömək istəyin. Sual vermək və aydınlıq gətirmək öyrənmə prosesinin ayrılmaz tərkib hissəsidir. Hər şeyə cavab “Niyə” sualında gizlidir, nə qədər çox istifadə etsəniz bir o qədər də öyrənərsiniz.
 

7. Çevrənizi genişləndirin: Universitet illəri yalnız təhsil almaq üçün deyil, həm də həyat boyu davam edəcək əlaqələr və dostluqlar qurmaq üçün ən yaxşı zamanlardan biridir. Yeni dostlar tapmaq və sosial dəstək şəbəkəsi qurmaq universitet təcrübənizi daha maraqlı, əyləncəli və dolğun edəcək. Belə sosial əlaqələr yalnız tələbəlik illərində deyil, gələcək həyatınızda və karyeranızda da əvəzsiz dəyərə malik olacaq.
 

8. Sağlam həyat tərzi: Sağlam qidalanma, kifayət qədər yatmaq və müntəzəm fiziki fəaliyyət sizin sağlamlığınızı qorumaq və akademik uğurlarınızı dəstəkləmək üçün vacib şərtdir. Sağlam bədəndə sağlam düşüncə olar!
 

9. Maliyyə idarəçiliyi: Maliyyə planlaması aparmaq və büdcəni düzgün idarə etmək universitet illərində müvəffəqiyyətin açarlarından biridir. Düzgün maliyyə idarəetməsi yalnız gündəlik xərcləri nəzarətdə saxlamağa deyil, həm də uzunmüddətli maliyyə təhlükəsizliyini təmin etməyə kömək edir. Tələbə həyatının maddi çətinliklərini aşmaq üçün yaxşı bir maliyyə planı hazırlamaq və mümkün olarsa, əlavə gəlir imkanları ilə şəxsi inkişaf üçün büdcə formalaşdırmaq vacibdir.
 

10. Sağlamlıq və psixoloji dəstək: Akademik stresslə başa çıxmaq üçün şəxsi sağlamlığınıza və psixoloji rifahınıza diqqət yetirin. Universitetdə mövcud olan dəstək xidmətlərindən istifadə edə bilərsiniz. Məsələn, imtahanlar, müxtəlif tapşırıqlar, dərslərin yükü və s. tələbələrdə müəyyən narahatlıq və stress yarada bilər. Bu səbəbdən fiziki və psixoloji sağlamlığınıza önəm vermək və universitetdə mövcud olan dəstək xidmətlərindən faydalanmaq vacibdir. 
 

Unutmayın ki, birinci kurs tələbəsi olmaq həm də yeni imkanlar və öyrənmə fürsətləri deməkdir. Hər şeyin yeni, bəlkə də, çətin olduğunu hiss edə bilərsiniz, amma bu dövr həm də yeni dostlar tapmaq, yeni bacarıqlar inkişaf etdirmək və şəxsi inkişafınız üçün əla bir fürsətdir.
 

Tələbəlik həyatınızda hər birinizə uğurlar!
 



Əlmusa ATAMALIYEV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH mərkəzinin akademik məsləhətçisi