Sentyabrın 11-də Gülüstan sarayında keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun plenar iclasında çıxış edən İsveçin Gothenburg Universitetinin elmi işçisi, beynəlxalq təhsil tədqiqatları sahəsində çalışan Səadət Kərimi Azərbaycan və Skandinaviya, Qərbi Avropa ölkələri arasında elm və təhsil münasibətləri, bu sahədə qarşıda duran aktual məsələlərdən danışıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, S.Kərimi dünyanın müxtəlif ölkələrindən olan alimləri bir araya gətirən Xaricdə Yaşayan Alimlərin Forumunun keçirilməsində dəstəyə görə Elm və Təhsil Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müdrik siyasəti və tapşırıqları sayəsində diaspora sahəsində məqsədyönlü fəaliyyət aparılmaqdadır.
Dünya Azərbaycanlı Alimləri Dərnəyinin (DAAD) üzvü olan S.Kərimi Forumun Azərbaycan elm və təhsil adına uğurlu layihələr həyata keçirəcəyinə inandığını bildirib. 2000-ci ildən İsveç Krallığında yaşayan S.Kərimi qeyd edib ki, 2007-ci ildən başlayaraq azərbaycanlı tələbələr üçün onların Erasmus xətti ilə İsveçə gəlməsinə dəstək verib. O qeyd edib ki, Aİ və Azərbaycan dövləti arasında əməkdaşlıq sayəsində, Avropada, o cümlədən İsveçdə müxtəlif proqramlar çərçivəsində azərbaycanlı tələbələrin, alimlərin Avropa ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi çox əlamətdar bir prosesdir.
S.Kərimi qeyd edib ki, Aİ və Azərbaycan arasında münasibətlər 1999-cu ildən qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq sazişinə əsaslanır. Azərbaycandan 2 mindən artıq universitet tələbəsi və təhsil işçisi 2015-2020-ci illər arasında Erasmus+ mübadilə proqramı çərçivəsində Avropada təhsil almaq və dərs demək imkanı qazanıb. 62 azərbaycanlı tələbə isə adıçəkilən dövrdə bu il magistr təhsili üçün təqaüd alıb. Təhsil sahəsinə gəldikdə, həm də İsveç hökuməti tərəfindən verilən qrantlar da daxil olmaqla hər il İsveç universitetlərində çoxlu sayda azərbaycanlı gənc istedad təhsil alır. Artıq İsveç – Azərbaycan Məzunlar Şəbəkəsi fəaliyyət göstərir.
Gənc Avropa səfirləri Avropa Birliyi səviyyəsində İsveç və Azərbaycanın bir-birinə yaxınlaşmasında mühüm rol oynayır. S.Kərimi İsveç ali təhsil müəssisələrinin formalaşması və inkişaf tarixindən, ölkənin qocaman universitetlərindən danışıb.
O, Azərbaycan universitetlərinin Erasmus layihəsi çərçivəsində İsveç ali təhsil müəssisələri ilə əməkdaşlığından danışıb. Xüsusən də Azərbaycan Dövlət İqtisad Universiteti ilə Erasmus proqramı çərçivəsində əməkdaşlıq layihəsindən danışaraq qeyd edib ki, bu layihə UNEC alimlərinin akademik bilkiklərinin inkişafına dəstək göstərməkdədir. Layihənin məqsədi bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində akademik heyətin potensialını artırmaq və mövcud tədris proqramlarını yeniləməkdir.
S.Kərimi əmin olduğunu bildirib ki, DAAD konsepsiyası çərçivəsində belə səmərəli layihələrimiz gələcəkdə daha çox olacaq.
O qeyd edib ki, “elmi tədqiqatlar dayanıqlı inkişafın əsasını təşkil edən biliklərin yaradılması üçün təməl təşkil edir. “Agenda – 2030” proqramında təsdiq edilmiş davamlı inkişaf üçün qlobal məqsədlərə nail olmaq üçün tədqiqat bizim üçün məxsusi rola malikdir”.
Daha sonra məruzəçi İsveçin elmi tədqiqatlar sahəsində müsbət təcrübə və hədəflərindən danışıb.
Oruc MUSTAFAYEV