5 sentyabrda Bakı şəhəri S.C.Pişəvəri adına Humanitar fənlər təmayüllü gimnaziyada təşkil olunmuş Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının (IJSO 2024) seçmə imtahanının nəticələri məlum olub. İmtahanda şagirdlərə fizika, kimya və biologiya fənləri üzrə ümumilikdə 45 sual təqdim olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, birinci mərhələnin nəticələrinə əsasən ən yüksək nəticə göstərmiş 24 nəfər şagirdlə intensiv dərslərə başlanacaq. Yaxın günlərdə dərslərin qrafiki ilə bağlı həmin şagirdlərə məlumat veriləcək. Daha sonra 6 nəfərlik komandanın müəyyən ediləcəyi seçmə imtahanının II mərhələsi təşkil olunacaq. Kimya, fizika və biologiya fənləri üzrə keçirilməsi planlaşdırılan Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası Rumıniyanın Buxarest şəhərində təşkil olunacaq.
 
Olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdən olan şagirdlərin kimya, fizika, biologiya fənləri üzrə istedadını müəyyən etmək, onlarda elmə marağı təşviq etmək, tənqidi düşünmə bacarığını aşkara çıxarmaqdır.