Xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri ADA Universitetinin rektoru Hafiz Paşayev sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun açılış mərasimində səsləndirib.
 
ADA Universitetinin fəaliyyətindən danışan rektor rəhbərlik etdiyi ali təhsil ocağının səmərəli yol keçərək yeniliklər yaratdığını qeyd edib və bildirib ki, bu yol asan olmayıb.
 
Onun sözlərinə görə, sovet dövründə ölkəmizdə elm və təhsil çox yaxşı inkişaf etdirildi. Bakı Dövlət Universitetinə xaricdən alim və mütəxəssislər cəlb edildi. Dəqiq elmlər sahəsində də mütəxəssislərə ehtiyac vardı və bu ehtiyac SSRİ-dən olan alimlərin hesabına yerinə yetirilirdi.
 
Rektor bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələr kimi elm və təhsil sahəsində də yeniliklərin tətbiq edilməsi zərurəti yarandı.
 
“Elm çox cəlbedici bir sahədir. Azərbaycan elminin səviyyəsinin yenidən qalxması, peşəkar kadrların yetişdirilməsi üçün nələri etmək lazım olması barədə düşünmək lazımdır. Hazırda çox istedadlı gənclərimiz yetişir. Həmin gənclərin elmimizə, təhsilimizə töhfə verəcəklərindən əminik”, - deyə Hafiz Paşayev qeyd edib.