Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.
 
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.
 
İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.
 
Sentyabrın 9-dan DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahanların nəticələri yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması başa çatandan sonra – 5 gün ərzində elan olunacaq.