Jurnalistika elə bir peşədir ki, daim hansısa özəl günlərdə işıqlandıran tərəf məhz jurnalistlər olur. Bu gün isə vəziyyət bir qədər fərqlidir. Nizami Kino Mərkəzində “Azərbaycan müəllimi”nin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilir. Gecənin simaları məhz bu qəzetin zəhmətkeş, peşəkar əməkdaşlarıdır. Tədbirlərdə birgə xəbər hazırladığımız həmkarlarımız, bu günə qədər müsahibə götürdüyümüz ictimai və mədəniyyət xadimlərinin hər biri bizi təbrik etməyə gəlib.
Həyəcanımız böyükdür. Qəzetin sabiq əməkdaşları da buradadır. Onları müşahidə edəndə bir məsələni daha aydın dərk edirəm. Bu özəl gün sanki qəzetdə illərlə fəaliyyət göstərən işçilərin hər birinin övladının xoş günüdür. Hər kəsin üzündəki təbəssüm, sevinc, qürur hissləri məhz bunu deyir. Əslində, həqiqətən də belədir, yazı işləri ilə məşğul olanlar yaxşı bilir. Ruhumuzun dərinliklərindən süzülərək vərəqlərə tökülən sözlərin, cümlələrin hər biri bizə doğmadır, hətta övladımız qədər. Bu mənada yazılarımıza flaqman olan doğma qəzetin yubileyində bu dərəcə sevinc, həyəcan hissi keçirmək ən təbii hisslərdən biridir.
Hələ tədbirin başlamasına bir qədər vaxt var. Tanınmış şəxslərin hər biri qəzetin əməkdaşları ilə foyedəki stendin önündə xatirə fotosu çəkdirir, media orqanlarının nümayəndələri onlardan müsahibə alır. Çünki bugünkü tədbirin subyekti məhz “Azərbaycan müəllimi” və onun nümayəndələridir.
Orta məktəblərdə, universitetlərdə çalışan müəllimlərdən də tədbirdə iştirak edənlər az deyil. Diqqətimi çəkən əsas məqam odur ki, onlar da ən az bizim qədər həyəcanlı və sevinclidir. Əslində, buna mənəvi olaraq haqları çatır. Çünki “Azərbaycan müəllimi” əziz müəllimlərimizin əziz qəzetidir. Mənim babam da müəllim olub. Müəllimliyin nə qədər çətin, məsuliyyətli və şərəfli bir peşə olduğunu onun simasında görmüşəm. Hələ uşaqlıqda - qəzetin nə olduğunu dərk etmədiyim vaxtlarda bizim evdə “Azərbaycan müəllimi”nin müxtəlif nömrələri olub. Elə o dövrdən mənə agah olub ki, bu qəzet müəllimlərin fəaliyyətini işıqlandıran, onlarla 90 illik uzun bir yol keçən mətbu orqanıdır.
Saat 17:00-ı göstərir. Ancaq qonaqlar və qəzetin əməkdaşlarının söhbətləri davam edir. Sanki bu tədbir həm də uzun müddət görüşməyə vaxtı olmayan dostları bir araya gətirib.
Təşkilatçılar qonaqları içəri dəvət edir. Artıq tədbirin başlamasına çox az qalıb. Təxminən 10 dəqiqə sonra aparıcı tədbiri açıq elan edir.
Əvvəlcə qəzetin bu günə qədər keçdiyi şərəfli yol barədə məlumat vermək və təəssüratlarını bölüşmək üçün “Azərbaycan müəllimi”nin baş redaktoru Sarvan İbrahimov səhnəyə dəvət edilir. S.İbrahimov bildirir ki, “Azərbaycan müəllimi” fəaliyyətinin bütün dövrlərində ziyalıların, elm və mədəniyyət xadimlərinin, bütövlükdə təhsil ictimaiyyətinin etibarlı tribunası olub: “Qəzetin bugünkü kollektivi tələbəsi olduğumuz unudulmaz ustad müəllimimiz Şirməmməd Hüseynovun “Azərbaycan müəllimi” qəzetinin məfkurə yolunda saldığı izləri ehtiramla xatırlayır. Qəzet tarixi missiyasını ölkə təhsilindəki bugünkü islahatlar və qlobal yeniləşmə dövründə də uğurla davam etdirir”.
Baş redaktor diqqətə çatdırır ki, “Azərbaycan müəllimi” “Mədəni cəbhə döyüşçülərinin mübarizə bayrağını yüksəklərə” şüarı ilə 90 il əvvəl çıxdığı yolu getməkdədir: “44 günlük Vətən müharibəsinin müzəffər xalqımıza bəxş etdiyi Şanlı Zəfərin qüruru ilə “Qarabağ Azərbaycandır!” şüarı “Azərbaycan müəllimi”nin səhifələrini bəzədi”.
Az sonra “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyinə həsr edilmiş “90 ilin izi ilə” sənədli filmi nümayiş etdirilir. Film sanki baş redaktorun söylədiyi fikirlərin hər birinin canlandırılmış formasıdır. Bayaqdan söylənilən bütün ifadələr, hadisələr bu filmdə əks olunur. Bu mənada filmin ideya müəllifi Səbuhi Rzayevin də əməyini xüsusi qeyd etmək lazımdır.
Yaxın zamanda “Azərbaycan müəllimi”nin loqo dizaynı üçün rebrendinq müsabiqəsi keçirilmişdi. Həmin müsabiqənin qalibi də tədbirdə iştirak edir. Rebrendinq müsabiqəsinin qalibi Nərmin Fərzəliyevanın çıxışı fonunda yeni loqo da ictimaiyyətə təqdim olunur.
Təbii ki, müasir dövr mətbuatdan məlumatın oxucuya daha operativ çatdırılmasını, hadisələrə daha çevik reaksiya verilməsini tələb edir. Elə bu səbəbdən uzun illər çap versiyasında çıxan qəzetlərimizin zamanla elektron versiyalarını yaradıblar. "Azərbaycan müəllimi" qəzeti də 2010-cu ildən bəri çap versiyası ilə yanaşı, onlayn formatda da fəaliyyət göstərir. Və zaman keçdikcə bu proses yenilənməkdədir.
Çıxış üçün növbəti söz saytın redaktoru Çingiz Səfərliyə verilir. O, saytın son statistik göstəricilərini diqqətə çatdırır: “Bu ilin ilk 8 ayında qəzetdə və onun elektron versiyasında 400-dən çox müsahibə, reportaj və uğur hekayəsi dərc edilib, araşdırma və təhlil yazıları yayımlanıb. Sayt üzərindən yayımlanan gündəlik məlumat sayı orta hesabla 60-dan çox olub. Dövri mətbuatda "Azərbaycan müəllimi"nin məlumatlarına istinadların sayında da kifayət qədər artım müşahidə olunur“.
O bildirir ki, yaxın vaxtlarda "Azərbaycan müəllimi" qəzetinin Naxçıvan Muxtar Respubikası bürosunun yaradılması, həmçinin digər regionalarımızda "Azərbaycan müəllimi"nin təmsilçilərinin fəaliyyətə başlamaları gözlənilir: “Düşünürəm ki, bu format regionlarda təhsilin inkişafına da öz töhfəsini verəcək".
Artıq "Azərbaycan müəllimi"nin "muallim.edu.az" saytı da yenilənib, funksionallığı artırılıb. “Azərbaycan müəllimi” qəzetinin sosial şəbəkə hesabları da böyüməkdədir. Bu gün qəzetimiz ölkədə populyar olan bütün sosial şəbəkələrdə var.
Bu ilin aprel ayında sosial şəbəkələr üzərindən apardığımız "Azərbaycan müəllimi ilə qürur duy" kampaniyasına 24 mindən çox istifadəçi qoşularaq, cəmiyyətdə müəllim nüfuzunun artırılması, gənc nəslin təlim-tərbiyəsində bu müqəddəs peşə sahiblərinin roluna dair paylaşımlar ediblər”.
Bütün bunlar onu deməyə əsas verir ki, həqiqətən də "Azərbaycan müəllimi" qəzeti sevilir, ona etimad göstərilir, qəzetimiz təhsil gündəmi formalaşdırmaq və ictimai rəyə təsir etmək gücünə malik mətbu orqandır.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirir ki, “Azərbaycan müəllimi” həm də pedaqoji ictimaiyyətin mətbu orqanıdır: “Azərbaycan təhsilinə 90 illik baxışı əhatə edir. Azərbaycan təhsilinin keçmişinə baxmaq üçün bu mətbu nümunə ən yaxşı mənbədir. "Azərbaycan müəllimi" qəzetində Azərbaycan məfkurəsinin tanınmış imzaları yer alıb. Bu ənənələri davam etdirmək üçün zaman-zaman bu qəzetin keçmiş nəşrlərinə də nəzər salmaq lazımdır".
Nazir “Azərbaycan müəllimi”nin təhsil sahəsindəki fəaliyyətinə diqqət çəkərək bildirir ki, bu sahədə dəyərli məzmun yaratmaq hər zaman əsas çağırışlardan olub: “Uzun müddətli vədədə gənc nəsillərin, eləcə də təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların geniş müzakirəsinə və debatlara ehtiyac var. Çünki fikirlər nə qədər çox və müxtəlif olsa, müzakirə zamanı həqiqətə daha da yaxınlaşmaq olar".
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov da “Azərbaycan müəllimi” barədə fikirlərini bölüşür. Qeyd edir ki, “Azərbaycan müəllimi” qəzeti çap mediası subyektləri içərisində öz davamlılığı, materialların işlənməsində özünəməxsus yazı tərzi və mövzu rəngarəngliyinə görə daim fərqlənib, geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb. Onun sözlərinə görə, texnoloji inkişafın təsiri ilə müasir media mühitində gedən sürətli dəyişiklik artıq jurnalistikanın klassik dəyərlərini də əhatə etməklə yeni, daha dinamik məzmun alıb:
“Müasir çağırışlara cavab vermək istəyən media gündəlik fəaliyyətini məhz texnoloji tərəqqinin dinamik ritmləri üzərində qurmağa məhkumdur. Bu baxımdan “Azərbaycan müəllimi” qəzeti yalnız ənənəvi çap mediası subyekti kimi qalmır, onlayn platformada da fəallıq göstərərək cəmiyyəti təhsillə bağlı ictimai məzmunlu məlumatlar, maraqlı reportajlar, publisistika nümunələri ilə tanış etməkdə davam edir".
Mətbuat Şurasının sədri Rəşad Məcid "Azərbaycan müəllimi"nin təkcə sahə qəzeti kimi fəaliyyət göstərmədiyini, bu qəzetdə kifayət qədər yaradıcılıq nümumələrinin, siyasi motivlərin öz əksini tapdığını vurğulayır. Bildirir ki, qəzet bu yolla müasir mediada nümunəvi fəaliyyət göstərir. R.Məcid çıxışının sonunda qəzetin bundan sonra da çapının davam etdirilməsi ilə bağlı nazirdən xahiş edir.
Çıxışların ardından qəzetdə fəaliyyət göstərən əməkdaşların təltifolunma mərasimi keçirilir. Qəzet işçiləri nazirliyin fəxri fərmanı ilə təltif edildikdən sonra elm və təhsil naziri ilə bərabər xatirə fotosu çəkilir.
Tədbirdə iştirak edən hər kəsə içərisində"""Azərbaycan müəllimi" 90 ilin izi ilə" adlı kitab və qəzetin xüsusi buraxılışı olan qutular da verilir. Bu kitabın çap olunması “Azərbaycan müəllimi” qəzetinin tarixində bir ilkdir.
Bir yandan kitabın çapında zəhməti keçənləri təbrik etmək, digər tərəfdən təşəkkürnamə və fəxri fərmanla təltif edilənlərin təbrik edilməsi prosesi uzadır. Tədbir bitsə də, əməkdaşlar hələ də zaldadır. Vaxtın necə keçdiyini bilmir, yanlız ekranın işığı sönəndə qapıya tərəf üz tuturuq. ““Azərbaycan müəllimi” 90!” yazısı yavaş-yavaş solur. Ta ki növbəti - 1 əsrlik yubileyə qədər…
Günel ABBAS