Bakı şəhəri Ramana qəsəbəsində 347 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı təşkil olunmuş tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, İdarənin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.
 
Yeni istifadəyə verilən uşaq bağçasında ümumilikdə 7 qrup fəaliyyət göstərir. Uşaq bağçasında 130 uşağın təlim-tərbiyəsi ilə 33 nəfər işçi məşğul olur.
 
Tədbirdə çıxış edən MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova uşaq bağçasının fəaliyyətinə uğurlar arzulayıb və ökəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Bu baxımdan məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, mövcud müəssisələrdə infrastrukturun davamlı olaraq yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün şəraitin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb.
 
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasıdır.