Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının dosenti, texnika elmləri doktoru Elçin Qurbanov “Müxtəlif dielektrik mühitlərində müasir plazma diaqnostik üsullar vasitəsilə elektrik qaz boşalmaların xüsusiyyətlərinin öyrənilməsi” layihəsi üzrə Amerikanın Fulbrayt (Fulbright) proqramının qalibi olub.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, o, bu proqram çərçivəsində hazırda ABŞ-nin Prinston Universitetində professor Mixail Şneyderin elmi qrupunda tədqiqatlar aparır.
Tədqiqatlar universitetin laboratoriyasında müasir qurğular vasitəsilə həyata keçirilir.
E.Qurbanovun təqdim etdiyi layihəyə əsasən, plazma mühitindəki mövcud olan fiziki proseslərin diaqnostik üsullarla (“Reley” səpilməsi, “Tomson” səpilməsi, “Raman” səpilməsi və s.) fundamental öyrənilməsi gələcəkdə elmi əsaslı, müxtəlif təyinatlı enerji-effektivli və ekolojı cəhətdən təminatlı yüksək gərginlikli elektrotexnologiyaların yaradılması və inkişafında faydalı olacaq.