Məktəblilər təbiətə qayğıkeş münasibətlərini bu dəfə çəkdikləri filmlərlə nümayiş etdirdilər


Noyabrın 21-də Nizami Kino Mərkəzində Təhsil Nazirliyi və YUNİSEF arasında “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi çərçivəsində həyata keçirilən “Eko səyahət” Respublika uşaq qısa film müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.

          

Təhsil nazirinin müavini  Firudin Qurbanov tədbirdə  çıxış edərək ölkəmizdə dayanıqlı inkişaf, ətraf mühitin qorunması,təbiətin mühafizəsi məsələlərinin prioritet istiqamətlərdən olduğunu deyib. Ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edildiyini diqqətə çatdıran nazir müavini   "Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası”ndan danışıb :" Ölkəmizdə aparılan ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir".

 

Nazir müavini Firudin Qurbanov   Təhsil Nazirliyinin  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında  start  verilən ağacəkmə aksiyasının məqsədinin də məhz böyüməkdə olan gənc nəslə ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaq olduğunu deyib.

        

Nazir müavini dayanıqlı inkişaf məqsədlərinə toxunaraq onlara nail olmaq üçün Təhsil Nazirliyi tərəfindən bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlər həyata keçirildiyini bildirib. Qeyd olunub ki, belə tədbirlər arasında ekoloji təhsil proqramları, ətraf mühitin mühafizəsinə yönəlik, iqlim dəyişmələri, təbii resursların qorunması ilə bağlı layihələr xüsusilə çoxluq təşkil edir.

        

Təhsil Nazirliyi ilə YUNİSEF arasındakı uğurlu  əməkdaşlıqdan söz açan nazir müavini  bu təşkilatın ölkəmizdə bir sıra sosial və təhsilyönümlü layihələr həyata keçirdiyini qeyd edib.  Bildirilib ki, məktəblilərin ekoloji biliklərinin artırılması , onların ekoloji problemlərin həlli məsələlərinə cəlb olunması və  bu yolla şagirdlərdə ekoloji düşüncə tərzi və mədəniyyətinin formalaşması zəruridir.  İctimaiyyətin diqqətini dayanıqlı  inkişaf məqsədlərinə  çəkmək, iqlim dəyişikliyi, fəlakət riskinin azaldılması məsələlərinin təhsil müəssisələrinin fəaliyyət planının bir hissəsinə çevrilməlidir. Bu  məqsədlə Təhsil Nazirliyi YUNİSEF-lə  birgə icra etdiyi "2018-2019-cu illər üçün Təhsil Proqramı üzrə Dövri Fəaliyyət Planı" çərçivəsində "Dayanıqlı inkişaf üçün ekoloji təhsil " adlı layihə həyata keçirmişdir. Layihənin əsas məqsədi dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq fasiləsiz ekoloji təhsilin təmin olunması, məktəblilərin ətraf mühitin mühafizəsi prosesində iştirakının artırılmasıdır. Qeyd edilib ki, layihənin icra planına əsasən seçilmiş hədəf bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində müvafiq sahə üzrə çalışan metodist və dərnək rəhbərləri üçün ekoloji maarifləndirmə təlimləri keçirilib. Layihə çərçivəsində, həmçinin ekoloji problemlərə ictimai diqqətin artırılması məqsədilə “Eko səyahət” film müsabiqəsi təşkil edilib. Şagirdlər müsabiqəyə çox böyük maraq göstəriblər. Müsabiqədə 710 şagird iştirak edib və seçim mərhələsinə 112 videoçarx təqdim olunub.

        

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışının  sonunda müsabiqədə iştirak etmiş bütün şagirdlərə uğurlar arzulayaraq onlara ən xoş arzularını bildirib.

        

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin belə bir tədbirdə iştirak etməsindən məmnunluq duyduğunu söyləyib. Nümayəndəliyin rəhbəri dünyada gedən qloballaşmanın təbiətə, ətraf mühitin mühafizəsinə təsirsiz ötüşmədiyini deyərək, ekoloji problemlərin həlli məsələlərinin bütün ölkələr üçün aktual olduğunu qeyd edib. O, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işləri yüksək qiymətləndirib, keçirilən ekoloji maarifləndirmə tədbirlərinin, aksiya və kampaniyaların əhəmiyyətini vurğulayıb:"Ekologiyanın qorunması tək dövlət işi deyil. İnsan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir. Planetimizdə  ekoloji problemlərin mövcud olduğu bir dövrdə hər bir kəs ətraf mühitin mühafizəsi,  təbiətin qorunmasında öz məsuliyyətini dərk etməli, təbiəti həm öz sağlamlığımız, həm də övladlarımızın gələcəyi, sağlam mühitdə yaşamaları naminə qorumalıyıq. Belə layihələrin,  müsabiqələrin təşkili məktəblilərin  birbaşa özlərinin iştirakı ilə videoçarxların hazırlanması, düşünürəm ki, ekoloji problemlərlə bağlı gələcək nəsillərin maariflənməsi baxımından əvəzsiz töhfədir".

        

Sonra mərasim iştirakçıları  şagirdlərin hazırladıqları  ətraf mühitin mühafizəsi, təbiətin qorunmasına həsr olunan filmləri izləyiblər.

        

Sonda müsabiqədə yer tutan ilk üç yerin  qaliblərinin adları açıqlanıb. Müsabiqədə Balakən rayonu Qazma kənd 2 nömrəli tam orta məktəb I yer, Bakı şəhəri 20 nömrəli məktəb-lisey  II yer, Neftçala rayonu A.Dadaşov adına Yeniqışlaq kənd ümumi orta məktəbi və Göygöl rayonu texniki, təbiət fənləri təmayüllü liseyi III yeri tutub.  

        

Qaliblərə  diplom və hədiyyələri təhsil nazirinin müavini  Firudin Qurbanov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev təqdim ediblər.

 

Bundan əlavə, 13 videoçarxın müəllifinə də həvəsləndirici mükafatlar verilib.

 

Samirə KƏRİMOVA