Layihə çərçıvəsində 150 müəllim təlimə cəlb olunacaq


Noyabrın 21-də Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (Junior Achievement Azerbaijan)  “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış konfranı keçirilib. Açılış konfransında bir sıra dövlət, ictimai, özəl sektorun və səfirliklərin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas da iştirak ediblər.

 

Azərbaycan Gənclərinin Nailiyyəti İB-in idarə heyətinin sədri, “Şevron Xəzər” şirkətinin ölkə üzrə rəhbəri Bəxtiyar Axundov tədbiri açıq elan etdikdən sonra sözü Azərbaycan Respublikası təhsil nazirinin müavini xanım Məhəbbət Vəliyvaya verib. Məhəbbət Vəliyeva çıxışında cəmiyyətin davamlı inkişafında təhsilin mühüm rolunu vurğulayaraq gənclər arasında maliyyə savadlılığının və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətinədə toxunub. Qeyd olunub ki, 21-ci əsrdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqları şagirdlərin əldə etməsi vacib səriştələrdəndir və bu səbəbdən “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin icrası Təhsil Nazirliyi üçün böyük əhəmiyyət kəsb edir.

 

Konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bu layihənin Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlığın prioritet istiqamətləri ilə uyğun gəldiyini qeyd edib. Onun sözlərinə görə, layihə gənclərin səriştə və bacarıqlarını inkişaf etdirmək yolu ilə təhsil sisteminin əmək bazarının tələblərinə cavab verməsini təmin edir, iş yaratma və iqtisadiyyatın diversifikasiyasını dəstəkləyir. Səfir onu da vurğulayıb ki, layihənin vətəndaş cəmiyyətini ölkənin sosial-iqtisadi inkişafı proseslərinə cəlb edərək və dövlət və ozəl sektoru bir araya gətirərək icra olunması xüsusilə əhəmiyyətlidir.  

 

Açılış nitqlərindən sonra konfrans işinə “Gənclər arasında sahibkarlıq və maliyyə savadlılığı” mövzusunda təşkil olunmuş panel müzakirəsi ilə davam edib. Müzakirə zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzinin baş direktoru İmran Bağırov, “Paşa Bank” ASC-nin Korporativ bankçılıq və biznesin inkişafı şöbəsinin direktoru Aynurə Piriyeva və AGN İB-in icraçı direktoru Sevinc Məmmədova təqdimatla çıxış ediblər. 

 

Sevinc Məmmədova iştirakçılara layihənin məqsədi, vəzifələri və fəaliyyət istiqamətləri haqqında detallı məlumat verib. Qeyd edək ki, layihə 2018-2021-ci illərdə Bakı, Gəncə, Mingəçevirşəhərlərində, Qax, Xaçmaz, Masallı, Qəbələ və Zaqatala rayonlarında yerləşən ilk peşə-ixtisas və orta məktəblərdə təhsil alan 3000 şagirdi və 150 müəllimi əhatə edəcək.

 

“Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək“ layihəsi dörd əsas mərhələdə - maliyyə savadı və sahibkarlığın əsasları istiqamətində metodik vəsaitlərin və elektron resursların hazırlanması, pilot məktəblərdən seçilmiş 150 müəllimin  təlimçilərin təliminə cəlb olunaraq peşəkar bacarıqlarının artırılması, şagirdlər üçün məşğələ və təlimlərin təşkili, pilot məktəblərdə özəl sektorun iştirakı ilə sahibkarlıq mərkəzlərinin yaradılması – həyata keçiriləcəkdir. AGN bu layihəni JA Estoniya, AMFA, BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində icra edəcək.