2024/2025-ci tədris ili üzrə ali təhsil müəssisələrinə mühəndislik ixtisasları üzrə qiyabi təhsilma formasında tələbə qəbulu nəzərdə tutulmayıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, 2015-ci ildə pedaqoji ixtisaslar üzrə də qiyabi təhsilalma forması üzrə tələbə qəbulu dayandırılıb. Təhsil proqramlarına uyğun olaraq tibb ixtisasları üzrə də qiyabi təhsilalma formasında kadr hazırlığı nəzərdə tutulmayıb.
 
Bununla da cari tədris ilində pedaqoji, tibb və mühəndislik ixtisasları üzrə tələbə qəbulu yalnız əyani təhsilalma forması üzrə aparılacaq. Eyni zamanda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində ənənəvi olaraq bir çox ixtisaslarda, xüsusilə xidmət sahəsi ilə bağlı olan ixtisaslarda, tələbələrin qiyabi təhsilalma formasında təhsil alması üçün tələbə qəbulu planı nəzərdə tutulub.
 
Qeyd olunub ki, təhsil, tibb və mühəndislik sahələri üzrə kadrlar şəxsin, cəmiyyətin və dövlətin həyatına birbaşa təsir göstərir və bu sahələrə aid ixtisaslar üzrə qiyabi təhsilalma formasında tələbə qəbulunun həyata keçirilməməsində əsas məqsəd kadr hazırlığının keyfiyyətinin artırılmasıdır.