Avqustun 16-da Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov və universitetin nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, nümayəndə heyətini Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov salamladı və rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. O, Agentlikdə peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə görülən işlərdən danışıb.
 
Sonra rektor dosent Rüfət Əzizov universitetin müxtəlif fakültələri barədə ətraflı məlumat verib. O, fakültələrin əmək bazarının tələblərinə uyğun olaraq yeniləndiyini, müasir təlim metodlarının tətbiq edildiyini və tələbələrə yüksək keyfiyyətli təhsil təmin etmək məqsədilə görülən tədbirlərdən bəhs edib.
 
Daha sonra mərkəzin direktoru Şaban Carçıyev mərkəzin fəaliyyətinə dair təqdimatla çıxış edib. O, mərkəzdə 8 istiqamət üzrə mütəxəssis hazırlığı həyata keçirildiyini, 25 texniki laboratoriyanın fəaliyyət göstərdiyini və 4300-dən çox avadanlıqlarla təchiz olunduğunu vurğulayıb. Həmçinin, mərkəzin peşə təhsili imkanları və düzgün peşə seçimində dəstək mexanizmləri haqqında məlumat verib.
 
Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
 
Sonda SDU-nun nümayəndə heyəti mərkəzin laboratoriyalar və avadanlıqlarına baxış keçiriblər.