Xəbər verdiyimiz kimi, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” ölkə başçısının 2022-ci ildə imzaladığı Sərəncama dəyişiklik edilib. Beləcə, proqramın müddəti 2028-ci ilədək uzadılıb. Həmçinin bu dəyişikliklə Dövlət Proqramına doktorantura səviyyəsi də əlavə edilib.
 
Məsələ ilə bağlı fikirlərini "Azərbaycan müəllimi" ilə bölüşən ADA-nın müəllimi, sosioloq, hazırda Kembric Universitetində doktorantura təhsilini davam etdirən İnqilab Şahbazovun sözlərinə görə, bu proqramın faydaları uzunmüddətli perspektivdə hiss olunacaq:
 
“Proqram 2019-cu ildə başlayıb və sevindirici haldır ki, növbəti dörd il ərzində də davam edəcək. Nəzərə almalıyıq ki, ali təhsil pilləsinin doktorantura təhsil səviyyəsi bakalavriat və magistraturadan fərqli olaraq dəfələrlə az insan tərəfindən hədəflənir. Onu oxumaq və öyrəndiklərini digərlərinə ötürmək, ölkəmizdə tətbiq etmək və s. bir neçə il tələb edir. Hesab edirəm ki, proqram çərçivəsində ali təhsilin doktorantura səviyyəsində ölkənin sosial-iqtisadi inkişafı üçün vacib olan ixtisaslara üstünlük verilməsi, Azərbaycanın elmi potensialını gücləndirəcək, elmi və texniki bilikləri artıracaq, bununla yanaşı, elmi yaradıcılığı inkişaf etdirəcək, elmi biliklərin yayılmasına müsbət təsir göstərəcək".
 
İ.Şahbazov qeyd edib ki, son illər ali təhsilimizdə müşahidə olunan dəyişikliklərdən biri də universitetlər arasında tədqiqat metodlarının öyrədilməsinə artan diqqətdir:
 
“Artıq onlarla ali təhsil müəssisələrində humanitar elmlərdə tədqiqat metodları tədris edilir. Onların tədrisində magistrantlarla yanaşı doktorantlar da var, ancaq saylarının artmasına ehtiyac var. Məhz adıçəkilən proqramın bu cəhətdən kadr çatışmazlığının həllində faydalı olacağına inanıram. 
 
Bu proqramın başqa bir faydası ali təhsil müəssisələrinin reytinqləri ilə bağlı olacaq. Reallıq budur ki,universitetlərin reytinq siyahıları bir çox tələbələrin seçiminə təsir edir. Ölkəmizə gələn xarici tələbələrin sayını artırmaq cəhətdən bu siyahılarda yüksəliş təsirli ola bilər. PhD dərəcəsi olan və ya hazırda PhD proqramında təhsil alanlar tədqiqat və məqalələr dərc etmək üçün yaxşı mövqedədirlər. Ona görə də onlar bizim universitetlərin qlobal reytinqlərdə mövqeyini qaldıra bilərlər”.
 
Günel ABBAS