Təhsilin İnkişafı Fondu tərəfdaş qurumlarla memorandum imzalayıb


Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında memorandum imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Visa” şirkətinin Azərbaycan üzrə ölkə meneceri, baş direktoru Nurlan Hacıyev imzalayıblar.

 

150 min ədəd vahid tələbə kartı sifariş olunub

 

Elnur Nəsibov kartın hazırlanması istiqamətində 1 ilə yaxın müddətdə görülən işlərə diqqət çəkib. İctimaiyyətin də çox böyük marağına səbəb olan vahid tələbə kartlarının avqust ayının sonlarına doğru hazır olacağını vurğulayıb: “Kapital Bank 150 minə yaxın kart sifariş edib. Sentyabr ayının 15-dək vahid kartları ali təhsil müəssisələrinə təqdim etməyi planlaşdırırıq”.

 

E.Nəsibov qeyd edib ki, vahid tələbə kartlarının istifadəyə verilməsi təhsil sahəsində önəmli yeniliklərdəndir: “Burada məqsəd tələbə statusuna əlavə dəyər qatmaqdır. Giriş-çıxış, debet, ödəniş kartı kimi istifadədən əlavə, endirim, güzəşt, “Cashback” imkanları təklif edəcək bu kartlar yeni tədris ilində tələbələrin istifadəsində olacaq. Alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün TİF öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə danışıqlar aparır. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur”.

 

E.Nəsibov bu layihədə tətbiq olunacaq yeni formuldan da danışıb: “Bütün tərəflər üçün “qazan-qazan” adlanan bir formul tapmışıq. Burada tərəflərin müəyyən maraqları təmin olunur.

 

“Tələbələrin sosial həyatının daha da yaxşılaşması imkanlarının genişləndirilməsi üçün də yaxşı imkandır”

 

Görüşdə iştirak edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib ki, bu, indiyədək bizim arzuladığımız, gözlədiyimiz bir məsələdir: “Vahid tələbə kartları bizim üçün mühüm məsələlərdən biridir və tələbələrimiz üçün gələcəkdə müəyyən imtiyazların tanınmasına imkan verəcək. Tələbələrə hər hansı güzəştlərlə bağlı cəmiyyətdən daim sosial sifariş alırıq. Onların qayğısına qalmaq sadəcə təhsilin keyfiyyəti ilə bağlı deyil, eyni zamanda, sosial məqamlarla da bağlıdır. Ümid edirəm ki, bu əməkdaşlıq uzunmüddətli olacaq”.

 

Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleymanın fikrincə, bu layihə Elm və Təhsil Nazirliyinin qarşısına qoyduğu məqsədlərə uyğundur: “Təhsilin əlçatanlığı və əhatəliliyinin artırılması ilə bağlı strateji hədəflərimiz var. Bu layihə həmin hədəflərin həyata keçirilməsinə dəstək olacaq”.

 

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev isə bu təşəbbüsün Nazirliyin əsas prioritetləri ilə üst-üstə düşdüyünü vurğulayaraq, layihənin davamlı və uğurlu olacağına inandığını bildirib.

 

“Birlikdə çalışırıq ki, tələbələr onlara lazım olan bütün xidmətlərdən istifadə etsinlər”

 

Kapital Bankın İdarə Heyətinin üzvüFərid Hidayətzadə bu layihədə yer almaqdan məmnunluq duyduqlarını ifadə edib. Bildirib ki, ölkədə maliyyə sektorunda ən böyük işəgötürən olaraq bu layihəyə xüsusi önəm verirlər: “Təhsilli gənclər ölkənin gələcəyi, bir işəgötürən olaraq isə bizim gələcək əməkdaşlarımızdır. Bu səbəbdən, tələbələri əhatə edən belə bir layihədə rol almaqdan qürur duyuruq”.

 

F.Hidayətzadə əlavə edib ki, bu layihənin ən böyük faydasını tələbələr görəcək: “Onlara xüsusi imtiyazlar verən böyük layihələr düşünmüşük. Kapital Bank partnyor şəbəkəsində müştərilərinə verdiyi bütün imtiyazları tələbələrə daha fərqli yanaşma ilə verməyi planlaşdırır. TİF-lə birlikdə çalışırıq ki, tələbələr ehtiyac duyduqları bütün xidmətlərdən tam şəkildə yararlana bilsin və bu zaman sahibkarların onlara verdiyi dəstəyi aydın şəkildə hiss etsinlər. Düşünürəm ki, ölkəmizdə təhsilə verilən dəyərin və tələbələrə göstərilən qayğının gözəl bir nümunəsidir”.

 

“TİF-lə birlikdə reallaşdırdığımız bu layihə xüsusilə diqqətəlayiqdir”

 

“Visa”-nın Azərbaycan üzrə ölkə meneceri, baş direktoru Nurlan Hacıyev: “Şirkətimiz qlobal rəqəmsal ödənişlərin liderlərindən biridir. Bununla yanaşı, sosial məsuliyyətimizi də unutmuruq. Təhsil, maliyyə savadlılığı bizim üçün önəmli istiqamətlərdəndir və bu istiqamətdə illərdir layihələr həyata keçiririk. TİF-lə birlikdə reallaşdırdığımız bu layihə xüsusilə diqqətəlayiqdir. “Visa”-nın  imtiyazları olan və əhalinin hər təbəqəsinə toxunan müxtəlif kartları mövcüddur. Tələbələrə yönəldilmiş bu xüsusi layihə ilə onların rifahını artırmaq, alış-veriş nöqtələrində onlara xüsusi endirim və imtiyazlar təqdim etmək üçün birgə çalışırıq.”

 

Ruhiyyə DAŞSALAHLI