Son illərdə dünyanın nüfuzlu ali təhsil müəssisələrində öz uğur hekayələrini yazan gənclərimizin sayı artmaqdadır. Ölkəmizdə qəbul olunmuş xaricdə təhsil dövlət və hökumət proqramları çərçivəsində yüksəkixtisaslı peşəkarlar kimi formalaşan gənc mütəxəssislərimiz Azərbaycanın inkişafına xidmət edən qiymətli insan kapitalıdır.
 
“Azərbaycan müəllimi” bu dəfə oxuculara “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Lancaster Universitetində PhD təhsili alan Lalə Quluzadəni təqdim edir.
 
Müsahibəyə keçməzdən öncə Lalənin bu günə qədər keçdiyi təhsil yoluna nəzər salaq.
 
Orta məktəbin I sinfini Bakıdakı 30 nömrəli tam orta məktəbdə oxuyub. İbtidai və orta təhsilini İstanbulda, lisey və universitet təhsilini isə Ankarada alıb. 2009-cu ildə Türkiyənin Qazi Universitetinin memarlıq və mühəndislik fakültəsinin sənaye məhsulları bölməsinə daxil olub. 2014-cü ildə adıçəkilən universiteti bakalavr diplomu ilə bitirib. 2015-ci ildə magistr təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüsü olaraq İtaliyanın Milan şəhərindəki “Scuola Politecnicadi Design” Universitetində “Product design” (məhsul dizaynı) ixtisası üzrə davam etdirib. Təhsilini tamamladıqdan sonra Türkiyədə bir çox şirkətdə dizayner olaraq çalışıb. Eyni zamanda, startap layihələrində yer alıb. İştirak etdiyi layihələrdən bəziləri mətbuatda da işıqlandırılıb. Hazırda Birləşmiş Krallığın Lancaster Universitetində “Kompüter mühəndisliyi, insan-kompüter əlaqəsi (human-computer interaction)” sahəsində doktorantura təhsili alır.
  
- Gənclərimizin xaricdə təhsilə marağı güclənib. Siz ölkəmizdə xaricdə təhsil dövlət proqramlarının əhəmiyyəti barədə nə deyərdiniz? 
- Düşünürəm ki, bu, xaricdə peşəkar mütəxəssislərdən təhsil almaq, beynəlxalq əlaqələr qurmaq, fərqli mədəniyyətlərlə tanışmaq kimi fürsətlər yaratmaqla yanaşı, bir gəncin öz həyatını necə idarə etməsi ilə bağlı maddi və mənəvi önəmli bir təcrübə yaradır. Xaricdə təhsil almaq olduqca bahalıdır və dövlətimizin gənclərimiz üçün yaratdığı bu fürsət olduqca önəmlidir.
 
- Konkret olaraq 2019-2023-cü illər üzrə Dövlət Proqramı sizə nə verdi? Xaricdəki tələbə dostlarınız bu proqram barədə məlumatlıdırlarmı? Maraqlıdır, onların reaksiyaları necədir? 
- Xaricdə təhsil almaq həm karyera, həm də həyat baxımından önəmli təcrübələr qazandırmağa davam edir. Bəli, həmkarlarımdan bəziləri öz ölkələrindən aldıqları təqaüdlə doktorantura təhsili alırlar. Bizim təhsil proqramının üstünlüyü ondadır ki, şərtlərdən biri yerli universitetlərdən qəbul almaq və təhsil tamamlandıqdan sonra burada çalışmaqdır, mənim müqaviləm isə ADA Universiteti ilədir. Xaricdəki universitetlərdə iş elanları olur və əgər həmin sahədə tədqiqatçı axtarılırsa, o zaman müsahibələrdən keçdikdən sonra qəbul aldığınız halda çalışmağa başlaya bilərsiniz. Bir çox doktorantura məzunu öz sahəsində akademik iş tapa bilmədikləri üçün çox zaman şirkətlərdə tədqiqatçı olaraq çalışmağa qərar verirlər. 
 
- Hazırda təhsil aldığınız universitet və ixtisasınız barədə nə deyə bilərsiniz? 
- Mən Lancaster Universitetində insan-kompüter əlaqəsi sahəsində təhsil alıram. Araşdırmam isə sağlam qidalanma üçün interaktiv texnologiyaların inkişaf etdirilməsi üzərindədir. Bu sahəni seçməyimin səbəbi dizayn və kompüter sahəsini birləşdirərək, tibbi sahədə yeniliklər yarada biləcək texnologiyaların araşdırmasını etməkdir. Qeyd etmək istəyirəm ki, təhsilimi “2019-2023-cü illər üzrə Dövlət Proqramı” üzrə doktorantura proqramı çərçivəsində aldığım təqaüdlə davam etdirirəm. Doktorantura təhsilimlə yanaşı, 3 ildir ki, artırılmış reallıq (Augumented reality) texnologiyasından istifadə edərək hazırlanmış olan nəzarət tətbiqini inkişaf etdirən “CDMVision” şirkətində istifadəçi interfeys dizayneri olaraq çalışıram. "BMW", "Mercedes", "Audi" kimi qlobal avtomobil şirkətləri bu proqramdan istifadə edir və yaxın zamanda Yaponiyadakı avtomobil şirkətləri ilə də əməkdaşlığa başlamışıq. Doktorantura təhsilim olduqca intensiv keçir, rəhbərim dünya miqyasında tanınmış və böyük qrantlar almış tələbkar bir professor olduğu üçün çalışmalarım olduqca məhsuldardır. Hazırda 5 məqaləm sahəmdəki ən önəmli konfrans və seminarlar tərəfindən qəbul edilib və yaxın zamanda son məqaləmi Kopenhagendə “ACM Conference on Designing Interactive Systems” konfransında təqdim etdim. Qeyd etmək istərdim ki, bu ACM-in təşkil etdiyi konfranslar, kompüter elmləri sahəsində ən önəmli konfranslardan biridir və bu konfransa məqalələrin qəbulu sadəcə 20 faiz təşkil edir.
 
- Kompüter elmləri sahəsinə müraciətiniz nə ilə bağlıdır? Bu sahəyə artan maraq nə ilə bağlıdır?
- Mən daha çox süni intellektin sağlamlıq/səhiyyə sahəsində istifadəsi və bunun yaradacağı potensial etik problemlərin həll olunması ilə maraqlanıram. Kompüter elmlərinin populyar olmasının səbəbləri müxtəlifdir. Texnologiya sürətlə inkişaf edir və artıq bu sahədə bilik əldə etmək istəyən hər kəs internet vasitəsilə universitetlərin onlayn kurslarından və dərslərindən yararlana bilərlər.
 
- Kompüter elmlərinin tətbiq sahələrindən biri kimi süni intellektdən danışırlar. Siz süni intellekt texnologiyalarının məktəbdə və universitetlərdə geniş tətbiqi ilə bağlı yanaşmalara necə baxırsınız? 
- Əlbəttə, hər yeni inkişaf özlüyündə həm müsbət, həm də mənfi tərəflər gətirir. Süni intellekt sürətlə inkişaf edir və fərqli sahələrdə istifadə edilir. Süni intellektin ən böyük faydalarından biri səhvlərin ciddi dərəcədə azaldılması və dəqiqliyin artmasına kömək etməsidir. Süni intellekt tərəfindən qəbul edilən hər bir qərar əvvəlcədən toplanmış məlumatlar və müəyyən bir dəstək alqoritmləri tərəfindən təyin edilir. Düzgün proqramlaşdırıldığında, bu səhvlər sıfıra yaxınlaşdırıla bilər. Mənfi tərəfləri isə etik cəhətdən qərəzli olaraq proqramlaşdırıla bilər. Məsələn, yaxın zamanda konfrans seminarına qəbul alan məqaləmdə bu barədə araşdırma etdim. ChatGPT ən çox istifadə edilən süni intellekt vasitələrindən biridir və yaratdığı cavablar limitli və fərqli milliyyət, gender və kontekstlər üçün qərəzlidir.
 
- Siz fərqli ölkələrdə - İtaliyada təhsil almış, hazırda Britaniyada ali təhsilinizi davam etdirirsiniz. İki ölkənin universitet təhsil sistemini müqayisə etmək kimi bir imkanlarınız oldumu?
- İtaliyada magistr təhsili aldığım zaman verilən layihələri daha çox qrup şəklində edirdik, doktoranturada isə daha individual bir təhsildir. Əlbəttə, doktoranturada da fərqli universitetlərdən tədqiqatçılar ilə ortaq araşdırmalar edirik, lakin tamamilə fərqlidir. Lancaster Universitetinin dizayn bölümündəki tədqiqatçılar ilə də birgə araşdırma planlarımız var, lakin gördüyüm qədərilə italyan dizayn təhsili estetika və texnikanı birləşdirərək, minimal dizayn anlayışının formalaşmasına önəm verərkən, Britaniyadakı dizayn təhsili daha çox mühəndisliyin vurğulandığı, texniki detalların üstün olduğu çərçivədə davam etdirilir.
 
- Lancaster Universitetində tələbələrin elmi tədqiqatlara təşviq olunması təcrübəsi barədə nə deyərdiniz?
- Bəlkə də mən hər daim öyrənməyi və tələbə olmağı çox sevdiyim üçün uzun illər iş təcrübəsindən sonra doktorantura oxumağa qərar verdim. Tələbələrin araşdırmaya motivasiya edilməsi ilə bağlı həm İngiltərədəki, həm də digər dünya ölkələrindən olan tədqiqatçılar tez-tez bölümümüzdə (departamentdə) təşkil edilən istehsalat təcrübələri və seminarlarda çıxış edirlər.
 
- Xaricdə təhsil almaq istəyən gənclərə nə kimi tövsiyələr verərdiniz? 
- Xaricdə təhsil almaq istəyən gənclərə məsləhət görərdim ki, doktorantura təhsili almağa qərar vermədən öncə bunu ilk olaraq “nə üçün” istədiklərini dəqiqləşdirsinlər. Çalışmaq istədikləri mövzudakı ən yaxşı rəhbərləri araşdırmağı, onlarla onlayn görüşlər keçirməyi və həmin rəhbərlə daha əvvəl çalışmış məzunlarla əlaqə saxlamağı tövsiyə edərdim. Əslində bir çox tələbə düşünür ki, “rəhbər məni qəbul edəcəkmi?”. Amma burada önəmli olan sizin də rəhbəri qəbul etməyiniz və onunla 3-4 il müddətində çalışmağınızdan məmnun qalmağınızdır. Mən Britaniyada bir çox universitetdən qəbul aldım, lakin hazırkı rəhbərimin də mənimlə çalışmağa doktoranturaya başlamadan öncə davam edən 5-6 aylıq onlayn görüşlərimiz müddətində əmin oldum ki, doğru qərar vermişəm. Hər halda o başqa universitetdə çalışsaydı, Lancasteri yox, həmin universiteti seçəcəkdim.
 
Doktorantura oxuyub akademik karyera davam etdirmək istəyən tələbələrə məsləhət görərdim ki, magistraturanı bitirdikdən sonra bir müddət ixtisasları ilə bağlı dövlət, özəl fərqi yoxdur, hər hansı bir şirkətdə çalışaraq iş təcrübəsi qazansınlar. Çünki bu təcrübə daha sonra doktorantura təhsili almaq istədikdə onlara çox faydalı olacaq və əgər akademik karyera davam etdirmək istəməsələr, şirkətlərin araşdırma departamentində çalışa bilərlər.
 
- Gələcəklə bağlı planlarınız barədə nə deyərdiniz?
- Doktoranturadan sonrakı planlarımda, multidisipliner bacarıqlara sahib tələbələrin yetişməsi üçün layihələr həyata keçirmək və mümkün olduğu qədər öz təcrübələrimi çalışdığım sahəyə marağı olan tələbələrlə bölüşmək istərdim.
 
Oruc MUSTAFAYEV