Şagirdlərin maliyyə savadlılığı göstəricilərində sosial-iqtisadi vəziyyət əhəmiyyətli fərqlərə səbəb olub.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülletenin iyul ayı üçün hazırlanmış sayında yer alıb. 
 
Qeyd olunub ki, sosial-iqtisadi vəziyyəti qənaətbəxş olmayan şagirdlərlə müqayisədə sosial-iqtisadi təminatı yaxşı olan şagirdlər maliyyə savadlılığı sahəsində ortalama 87 bal və daha yüksək nəticə göstəriblər. Bu da sosial-iqtisadi vəziyyətin maliyyə savadlılığında böyük rol oynadığını göstərir. Sosial-iqtisadi üstünlüklər şagirdlərə maliyyə anlayışlarına, resurslara və təcrübələrə daha çox məruz qalma imkanı verə bilər ki, bu da onların maliyyə məsələlərini idarə etmə qabiliyyətlərini artırır.
 
Həmçinin hesabatda maliyyə savadlılığı göstəricilərində bəzi ölkələrdə gender fərqlərinin mövcudluğu da qeyd olunub. Məsələn, Avstriya, Kosta-Rika, Danimarka, Macarıstan, İtaliya va Portuqaliyada oğlanlar qızlardan daha yüksək nəticə göstəriblər. Bu fərq də həmin ölkələrdə oğlanların maliyyə anlayışları və bacarıqları haqqında daha məlumatlı olduğunu göstərir. Bunun əksinə olaraq, Malayziya və Norveçdə isə qızlar oğlanlara nisbətən daha yüksək nəticə əldə ediblər. Bütün bunlarla yanaşı OECD-yə üzv olan digər ölkələrdə oğlanlar və qızlar arasında ciddi fərqlər müşahidə olunmayıb.
 
Qeyd edək ki, OECD tərəfindən "PISA 2022 nəticələri: Şagirdlərin Maliyyə Savadlılığının Qiymətləndirilməsi" adlı hesabat təqdim olunub.