2026-cı ilədək məktəbəqədər təhsilə cəlb ediləcək uşaqların sayının artırılması hədəflənir. Buna müvafiq olaraq məktəbəqədər təhsil sahəsi üzrə alternativ modellər tətbiq edilir. Hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İLahə Rəsulova keçrdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir:
"Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib. Müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl bağçalarda boş qalan yerlərə cəlb ediləcək və təhsil haqqının bir hissəsi qrant vasitəsilə maliyyələşdiriləcək. Əlavə olaraq, icma əsaslı məktəbəqədər təhsil qrupları, qrant layihələr çərçivəsində yaradılan qısamüddətli təlim qrupları və ailə tipli təlim qrupları modeli məktəbəqədər təhsildən kənarda qalmış uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin olunmasını hədəfləyir", - deyə şöbə müdiri əlavə edib.
Ruhiyyə DAŞSALAHLI