Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2024) uğur qazanıblar.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, 21-29 iyul tarixlərində İran İslam Respublikasının İsfahan şəhərində keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2024) məktəblilərimiz ölkəmizi uğurla təmsil edib. İsfahan Texnologiya Universitetində keçirilən olimpiadada 46 ölkədən 230 nəfər məktəbli öz bilik və bacarıqlarını sınayıb.
 
Nəzəri və praktiki turdan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 1 gümüş, 1 bürünc medal və 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, Kaspi Liseyinin X sinif şagirdi İbrahim Valehli gümüş medal, Quba şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad İsmayılov bürünc medal, “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdləri Rəvan Nəcəfli və Adil Səttarov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüb.