Peşə təhsili müəssisələrində işləmək istəyənlər portal.edu.az-da birləşdi
 
İyulun 22-dən etibarən 2024-2025-ci tədris ili üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) tabeliyində olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə start verilib. Peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər ixtisaslaşdıqları istiqamət üzrə ayın 29-dək olan bir həftə müddətdə  https://portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə 551 ixtisas fənn müəllimi, 574 istehsalat təlimi ustası, 82 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır. Cari ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə də işə qəbul prosesi mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılır.
 
5 mərhələli müsabiqə
 
İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi 5 mərhələdə - elektron ərizələrin qəbulu, təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğunun müsabiqə komissiyası tərəfindən yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edildikdən sonra 2 avqust tarixində ixtisas fənn müəllimi vakansiyası üzrə müraciət edən namizədlər ixtisas modulları üzrə təhsil proqramlarına aid 40, tədris metodikasına və təlim strategiyalarına aid 20, istehsalat təlimi ustası vakansiyası üzrə müraciət edən namizədlər tədris edəcəyi təlim modullarına aid 40, təlim metodikasına və təlim strategiyalarına aid 15, həmçinin  əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarına aid 5 sualdan ibarət test imtahanında iştirak edəcəklər. İxtisas fənn müəllimi və istehsalat təlimi ustası üzrə test imtahanında ümumi 40 bal və daha yüksək nəticə göstərən müraciət edənlər vakant yerlərin seçiminə buraxılır. Namizədlərə maksimum 8 vakant yer seçmək imkanı verilir.
 
İmtahanlar Bakı, Gəncə, Sumqayıt və Naxçıvanda keçiriləcək
 
Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri, ünsiyyət, təlimi planlaşdırma, təlimin təşkilində istifadə olunan forma və üsulları tətbiq etmək bacarığı komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən, namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir. Müraciət edənlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
 
Sonuncu mərhələ isə nəticələrin rəsmiləşdirilməsidir. Avqustun 15-18-də vakant yerlərə yerləşmək üçün müraciət edəcəklər. Rəsmiləşmə isə sentyabrın 15-də aparılacaq.
 
Kimlər müraciət edə bilər?
 
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilən müvafiq tələblərə uyğun namizədlər müraciət edə bilər. Həmin tələblərə görə, işə orta ixtisas və ya ali təhsilli, ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 1 il əmək stajı olan şəxslərin və peşə, orta ixtisas və ya ali təhsilli, ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 5 il əmək stajı olan mütəxəssislərin qəbulu nəzərdə tutulub.
 
1200-dən çox vakansiya var
 
İşə qəbul müsabiqəsi çərçivəsində uğur qazanan şəxslər Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrində çalışacaqlar. Ceyhun Kərəmovun sözlərinə görə, istehsalat təlimi ustaları və fənn müəllimləri üçün 1200-dən çox vakansiya var: “Ümumilikdə, 551 ixtisas fənn müəllimi, 574 istehsalat təlimi ustası, 82 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır. Qeyd edim ki, bu ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə də işə qəbul prosesi mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılır”.
 
 
Ruhiyyə DAŞSALAHLI