İyulun 17-19-da Bakıda keçirilən “Silk Way Flavor Fest: Baku Edition” adlı ilk beynəlxalq yarış yekunlaşdı. Yarışda birinci yeri ölkəmizin təmsilçisi Kamal Ağayev, ikinci yeri Qazaxıstan təmsilçisi Aleksandra Kolpakova və Özbəkistan təmsilçisi Nazənin İsrailova, üçüncü yeri isə Azərbaycan təmsilçisi Rüfət Zeynalov və Özbəkistan təmsilçisi Müştəriy Həsənova tutublar.
3 ölkənin – Azərbaycan, Qazaxıstan və Özbəkistanın gənc aşpazlarının qatıldığı yarış “WorldSkills-2024”ə hazırlıq xarakteri daşıyırdı.
Layihə barədə
“Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışması Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə birgə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutdu, “WorldSkills Azerbaijan” İctimai Birliyi və “CASA” Kulinariya Mərkəzinin dəstəyi ilə reallaşdırıldı.
Bu müsabiqənin iştirakçıları aşpazlıq ixtisası üzrə 3 fərqli təsnifat mərhələsinin nəticəsi olaraq “WorldSkills” yarışlarının seçilənləridir. Azərbaycandakı bütün peşə təhsili müəssisələrində aşpazlıq ixtisası üzrə təhsil alan 100-dən çox müraciətçinin nəzəri və praktiki biliklərini ölçən müsabiqənin yekunu olaraq bu müsabiqədə də iştirak hüququ qazanıblar. Müsabiqənin digər 2 ölkədən olan iştirakçıları da eyni şərtlərlə seçilənlərdir.
“Azərbaycan müəllimi” müsabiqə həyəcanını iştirakçılarla birgə yaşayaraq yarışdan reportajı təqdim edir.
Beləliklə, yarış iyulun 17-də başladı. İlk günün tapşırığı qısa müddətdə “omlet” hazırlamaq idi. Həmin gün iştirakçıların əl bacarıqları, sürəti, doğrama texnikaları da qiymətləndirildi. İşin sadə görünüşünə aldanmayın, ilk gün ön hazırlıq günü idi və ikinci günə təsiri çox böyükdü. 4 saat ərzində aşpazlar növbəti gün bişirəcəkləri ana yeməklərin hazırlığını görür, ət və tərəvəzləri doğrayıb bişirməyə hazırlayır, bunu edərkən də öz əl bacarıqlarını nümayiş etdirir, bir növ yarışdırırdılar.
Yarışın ikinci günü daha çətin keçdi. Yarışçılar onlara təqdim edilən inqrediyentlərdən öz milli mətbəxindən dad, öz fantaziyasından element qataraq ana yeməyi hazırlayıb təqdim etdilər.
Yarışın üçüncü günü “kanape”, “desert” və salatlar hazırlamaq tapşırıldı, hər birindən 4 boşqab çıxartmaq şərti ilə.
Yarışmaqdan zövq aldılar...
Yüksək yarış ruhunun hiss edildiyi müsabiqədə həyəcan da var, şou da: Biri qaş-qabağını sallayıb bütün ciddiyəti ilə yemək sənəti nümayiş etdirir, diqqəti əlində, qazanında, onu gözləməyən vaxtdadır. Başqa biri gördüyü işdən zövq almağa çalışır, həyəc anını, bəlkə də, göstərdiyi şou ilə gizlədir. Ancaq hər biri yarışır və bütün diqqətini hazırlayacağı yeməkdə cəmləyib.
“Beynəlxalq yarışlara yolumu məhz peşə təhsili aldığım illərdə oxuduğum təhsil müəssisəsi açdı”
Yeməyi bişirərkən həm də əylənənlərdən biri Rüfətdir. O, həm də bu yarışın üçüncüsüdür. Rüfət Zeynalov Bakıdandır. 23 yaşlı iştirakçı 4 dəfə təhsil alıb və onun ikisi peşə təhsilidir: “Həm dənizçilik, həm aşpazlıq təhsili almışam”, - deyən gənc aşpaz 5 nömrəli Turizm və Sosial Xidmətlər üzrə Bakı Peşə Liseyi (hazırda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – R.D.) məzunudur. O, burada əvvəlcə “Ofisiant, barmen, otelçilik”, daha sonra “Aşpazlıq” təhsilini bitirib. 16 yaşından işləyir. Uşaqlıqdan aşpazlığa həvəs göstərən Rüfət elə balaca vaxtlarından kim soruşurmuşsa, aşpaz olacağını deyirmiş.
Onun sözlərinə görə, təhsili həyatında mühüm rola malikdir: “Yarışlara məni müəllimlərim yönəltdi. Onlar adımı hətta xəbərim olmadan yarışlara salırdılar. Beynəlxalq yarışlara yolumu məhz peşə təhsili aldığım illərdə oxuduğum təhsil müəssisəsi açdı”.
Yarışlara qatılmaqdan zövq alan gənc aşpaz deyir ki, qalib olmaqdan çox faydasına görə yarışlara qatılır: “İnsan təcrübəsini artırdıqca uğur qazanır”.
Nə qədər çox gəzsə də, yarış həyəcanında unutduqları, hətta yanlışları da olur: “Məsələn, bu gün balığa yaşıl yağ vurmağı unutdum, buna baxmayaraq, bəyəndilər”.
Rüfət tez-tez ölkə dəyişir. Ayrı-ayrı ölkələrdə işləyib həmin xalqların yeməklərini öyrənir. Azərbaycan, İtaliya, Asiya, Meksika mətbəxlərini sevdiyini, bu barədə daha çox maraqlandığını söyləyir.
Bişirməyi yeməkdən çox sevir: “Yeməyin iyi tutduğundan bişirdikərimizi yeyə bimirik. Bizi ən çox yeməyimizi dadan müştərilərin üzündəki təbəssüm, razılıq doydurur”.
Yarışa peşə təhsili müəssisəsinin məzunu kimi qatıldı
Yarışda qarşımıza Turizm və Sosial Xidmətlər üzrə üzrə Dövlət Peşə Təhsil Mərkəzinin daha bir məzunu çıxdı. 20 yaşlı Aydan Səfərova Mərkəzin 2023-cü il məzunudur. “Casa” Kulinariya Mərkəzinin bir çox yarışlarına qatılıb. Aydan aşpazlıq həvəsinin anasından keçdiyini deyir: “Anam aşpazdır. Xaricdən gələn aşpazlarla işləyirdi. Bir müddət mən də həmin aşpazların yanında təcrübə qazandım”.
Elə ki aşpaz olmaqla bağlı qərarını qətiləşdirib, təhsil almaq üçün Turizm və Sosial Xidmətlər üzrə Dövlət Peşə Təhsil Mərkəzini seçib. Onu da yarışlara elə buradan yönləndiriblər. Bu, qatıldığı artıq üçüncü yarışdır.
Aydan da İtaliya mətbəxini çox sevir. Azərbaycan mətbəxindən dolma bişirmək çox xoşuna gəlir. Gələcəyi ilə bağlı düşüncələrinə gəlincə, özünü İtaliyada bir restoranda, İtaliya mətbəxindən nümunələr hazırlayarkən təsəvvür edir.
13 yaşından aşpazlığa başladı, müştəri ilə ünsiyyəti, təqdimatı, xarici mətbəxi peşə təhsili alarkən öyrəndi
Kənan Əliyev 1 ildir aşpazlıq oxuyur. 16 nömrəli Peşə Liseyindən bu il məzun olub. Bu, onun qatıldığı ilk beynəlxalq səviyyəli yarışıdır.
Dediyinə görə, uşaqlıqdan yemək bişirməyi sevir. Ata-anası işlədiyindən yeməklərə sevgisi onları qızdırmaqla başlayıb, sonra yumurta bişirib, ilk böyük yeməyi “pomidor-yumurta” olub: “Liseyə qəbul olunanda artıq işləyirdim. 5 ildir, yəni13 yaşımdan işləyirəm. 13 yaşımda işə öz restoranımızda başladım”.
15 yaşına kimi doğramaq, qızdırmaq kimi işlər görərək aşpazlığa əlini alışdırıb. Ailəsi restoranını bağlamaq məcburiyyətində qalanda başqa kiçik restoranlardan birində işə girib. Burada da kiçik işlərlə başlayıb. Əvvəlcə aşpaz köməkçisi işləyib. XI sinfi bitirib peşə təhsili müəssisələrinə qəbul prosesinə qatılıb: “Beşulduzlu oteldə işləmək istəyirdim. Ona görə peşə təhsili almağa qərar verdim”.
Kənan deyir ki, peşə təhsilinin ona çox böyük qatqısı olub: “Peşə təhsili mənə müştəri ilə ünsiyyəti, təqdimatı öyrətdi. Xarici mətbəxlər barədə anlayışım məhz bu təhsili alarkən formalaşdı. Ən önəmlisi isə, müsabiqələrə yolum açıldı. Aşpazlıqla bağlı ilk yarışa məhz təhsil alarkən qatıldım”.
Kənan bir aşpaz kimi özünü, gələcəyini Azərbaycanda görür: “Öz ölkəmi sevirəm. Başqa ölkələrdə yaşaya bilmərəm. Otel sisteminə öyrəşmişən, ona görə Azəbyacanda beşulduzlu otellərdə çalışacağam”.
Nəinki aşpazlığın sirlərini, Azərbycan dilində də Peşə Təhsil Mərkəzində danışmağa başlayıb
Kamilla Arlovanın anası rus, atası azərbaycanlıdır. Ana dilində oxuduğundan, peşə təhsili müəssisəsinin tələbəsi olana qədər Azərbaycan dilində bir söz belə danışmayıb: “Ailədə rus dilində danışırdıq, təhsilimi də rus dilində aldım. Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində aşpazlıq ixtisası üzrə təhsil almağa başlayandan sonra məni Azərbycan dilini öyrənməyə, bu dildə danışmağa sövq etdilər. Həm aşpazlığı uğurla bitirdim, həm də Azərbaycan dilini öyrəndim”.
Kamilla peşə təhsili müəssisəsinin 2024-cü il məzunudur. “Qızıl şah”, “CASA” Kulinariya çempionatında iştirak edib: “Bişirməyi, öz ideyalarımı yeməyə çevirməyi sevirəm. Peşə təhsili almaq da öz qərarım idi”.
Xaricdə yaşamaq, işləmək, yarışlara qatılmaq, uğur qazanmaq arzusunda olan Kamilla İtaliyada, ya da Almaniyada restoranı olsun istəyir. Bu arzu ilə Asiya, Avropa mətbəxini yaxşı öyrənir. Yarışlara böyük həvəslə qatılır. Hamıyla dil tapa bilmək üçün ingilis dilini də öyrənib.
Dünyada Azərbaycan dadı buraxmağa çalışır
Bu yarışın birincisi Kamal Ağayevin adı artıq çoxlarına tanışdır. Yəni, bu, onun ilk birinciliyi deyil. “CASA” Kiulinariya Mərkəzinin məzunu bişirdikləri ilə məşhurlaşıb. Uşaqlıqdan aşpazlığa marağı olub. Dediyinə görə, hətta bağçada çəkilmiş şəkilləri var ki, orada da aşpaz geyimindədir.
“CASA” Kulinariya Mərkəzində təhsil alarkən yemək bişirmə həvəsi peşəkar marağa çevrilib. Həm şirniyyat, həm kulinariya təhsili alıb. Mərkəzdən yarışlara qatılıb və uğurları başlayıb. “Qızıl şah” aşpazlıq yarışında 100 nəfər arasında birinci olub, sonra “Qızıl şah”, “CASA” kulinariya çempionatında uğur qazanıb, Malayziyada Azərbaycanı təmsil edib. Hazırda o, Azərbaycanı ikinci dəfə təmsil etməyə hazırlaşır. Bu haqqı əvvəlcədən qazansa da, buna layiq olduğunu “Silk Way Flavor Fest: Baku Edition”da bir daha təsdiqlədi.
Kamal deyir ki, Azərbaycanı təmsil etməkdən qürur duyur, gələcək karyerasına dünyanın prestijli restoranlarda davam etdirmək istədiyindən bu amilin ona müsbət təsir edəcəyini və həmin restoranda Azərbaycansayağı bişirəcəyi Avropa yeməklərinin bəyəniləcəyini düşünür: “Yeməklərim tam Azərbaycansayağı olmasa da, Azərbaycandan mütləq dad olacaq”.
Bəs payızda qatılacağı yarışda Fransada Azərbaycan dadı buraxmaq üçün nə etməyi planlaşdırır?
Deyir, nəinki Fransada, iştirak etdikləri xarici yarışlarda Azərbaycan dadı buraxmağa çalışırlar: “Malayziyada olanda italyan və fransız yeməkləri hazırladıq, amma onlara Azərbaycandan da bir dad qatdıq. Məsələn, zəfəranla Azərbaycanın dadını önə çıxardıq. Bu, əcnəbilərə maraqlı gəlir”.
Ən uğurlu yeməyini qatıldığı ilk yarışda bişirib. Ən yaddaqalan yarışı isə 3 gün davam edən “WorldSkills” yarışı olub.
Kamal da ingilis dilində bilir və rahat şəkildə ünsiyyət qura bilir. Yarışlarda ünsiyyətə də bal verildiyindən, ingilis dilində danışıq qabiliyyəti beynəlxalq yarışda ona üstünlük qazandıracaq amillərdən olacaq.
Eksperet rəyi: Ən çox bal təqdimat və dada verilir
Bu yarışda yarışçıdan çox ekspert var. Bu da təbiidir. Mətbəx və dad münsifləri fərqlənir və onların qiymətləri toplanaraq ümumi nəticə çıxarılır. Onlar yarışı müxtəlif parametrlər üzrə qiymətləndirir, doğramağından, bişirməyindən, iş görmə müddətindən, təhlükəsizlikdən tutmuş iş görmə texnikasına, gigiyenaya necə əməl etdiyinə, dadına, hətta axırda işlədiyi yeri necə təmizləməyinə qədər hər xırda detala fikir verirlər. Bütün bu amillər ayrıca qiymətləndirilir, nəticələr ümumi hesablanır. Ayrı-ayrı ekspertlərin rəylərinə uyğun olaraq hər günün qiymətləndirməsi toplanıb nəticə çıxarılır.
Bəs bu yarışla bağlı ekspertlərin rəyi necədir?
İradə Hüseynova aşpazlıq üzrə 16 nömrəli Bakı Peşə Liseyində 12 ildir müəllimdir. 2 ildir ekspert kimi fəaliyyət göstərir:
“Azərbaycanda keçirilən yarışlara çox böyük maraq var. Ölkəmizdəki şəraiti də, yetişdirdiyimiz aşpazları da hər yerdə bəyənirlər”.
İ.Hüseynovanın fikrincə, Rüfət Zeynalov bu yarışda fərqlənənlərdən biridir: “Təqdimatında da fərqlənir, öz işinə şou qatır, əlinin duzu var. Odur ki, yandırır tökür, amma ortaya dadlı yeməklər çıxır”.
Digər bir ekspert – Emil Zeynalzadə “CASA” Kulinariya Mərkəzinin “CASA” restoranının baş aşpazıdır: “Hər 3 ölkənin iştirakçıları həvəslidir. İştirakçı ölkələrin soyu bir olsa da, milli yeməklər aşpazların işə yanaşma şəkli, fikirləri, fərqli tərzləri nəticəsində çox fərqlənir”.
E.Zeynalzadə Qazaxıstan nümayəndəsi Aleksandra Kalpakovanın işini yüksək qiymətləndirib: “Bizm üçün əsas odur ki, onlar biri-biri ilə təcrübəsini bölüşsün. İştirakçılar biri-birinin iş prinsipini gördüyü üçün biri-birindən çox şey öyrənirlər. Ona görə burada bizim üçün önəmli olan qələbə məsələsi deyil. Bir-birindən boşqab ideyalarını götürmələri daha vacibdir”.
Ekspert olaraq qiymətləndirərkən onun nəyə diqqət etdiyini də soruşuruq: “Sadə bir misal çəkim, aşpazın bişirdiyi yeməyin dadına baxmadan təqdim etməsi belə mənfi hal kimi qiymətləndirilir”.
Ekspertin fikrincə, gigiyena qaydalarına əməl etməmələrinə, iş təhlükəsizliyini gözləməmələrinə, bişirmə metodları və texnikalarına fikir verilsə də, təqdimat və dad qiymətləndirilərkən çox böyük rol oynayır: “Ən çox bal təqdimat və dada verilir”.
Yarışın təşkilatçıları ortaya çıxan işdən məmnundur
“Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışması azərbaycanlılar üçün keçirilir. Lakin ilk dəfə olaraq yarışın daha maraqlı olması, rəqabət mühitinin yaranması, öyrədici mühitin formalaşması, təcrübə mübadiləsi üçün Özbəkistan və Qazaxıstandan seçilən aşpazlar da dəvət edilib”.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində “WorldSkills Azerbaijan” iştirakçısı, Casa Kulinariya Mərkəzinin əməkdaşı Leyla Vəliyeva deyib. Onun sözlərinə görə, ötən ilin payızında keçirilən seçim turunun nəticələrinə görə qaliblər bu müsabiqəyə qatılaraq təcrübə qazanacaq, yarış təcrübəsi əldə edəcəklər: “Bu, Fransada keçiriləcək yarışın məşqlərinin bir hissəsi, həmin yarışa hazırlıqdır”.
“WorldSkills Azərbaycan” İctimai Birliyinin sədr müavini və icraçı direktoru Zarina Təhməzova deyib ki, yarış 47-ci beynəlxalq “WorldSkills” yarışına hazırlıq məqsədi daşıyır:
“Hesab edirik ki, milli komandamızın gücünə güc qatmaq, özlərini sınamaları və hazırlanmaları məqsədi daşıyan yarış həm də peşə təhsilinə marağın artırılmasına töhfə verək. Sənətin varsa, mütləq qazancın da olacaq. Sevdiyin işlə, bacardığın sənətlə məşğulsansa, özünü bir gün də olsun, işləyirmiş kimi hiss etməyəcəksən. Hər işindən zövq alacaq, zövq alaraq yaratdığın məhsuldan qazanc götürəcəksən. El arasında bir söz var: “Uşaqlar var şərait yoxdur”. İndi Avropa İttifaqının (Aİ) dəstəyi ilə “WorldSkills Azərbaycan”, Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramı o şəraiti yaradır”.
Necə deyərlər, meydan var, inqrediyentlər verilir, onlarla möcüzə yaradacaq gənclər lazımdır.
Z.Təhməzova qeyd edib ki, gənclərə yarışmaq, özünü göstərmək üçün stimul verməyə çalışırlar:
“Burda elə bir ab-hava yaratmaq istəyirik ki, peşə sahəsinin olimpiadası sayılan “WorldSkills-2024” beynəlxalq yarışında Azərbaycan peşə təhsili sahəsinin tələbə və məzunlarından ibarət milli komanda öz bacarıqlarını həyəcansız nümayiş etdirə bilsinlər. 7 istiqamətin hər biri – aşpazlıq, zərgərlik, qaynaqçı, bərbər, kibertəhlükəsizlik, veb texnologiyaları, 3D oyun sənəti üzrə, necə deyərlər, öz gücünü məharətlə ortaya qoysunlar”.
Ona görə də bu çərçivədə müxtəlif ixtisaslar üzrə təlimlər, yarışlar keçirilir. Aşpazlıq üzrə keçirilən bu yarışa ilk dəfə olaraq Qazaxıstan və Özbəkistan da qatılıb: “Əsas məqsəd isə gənclərin beynəlxalq arenaya çıxmalarına dəstək göstərməkdir. Ən vacib məqsədlərdən biri isə peşə təhsilinə təşviqdir”.
Z.Təhməzova əlavə edib ki, Azərbaycan ötən il bu yarışa 3 istiqamət üzrə - aşpazlıq, kibertəhlükəsizlik, veb texnologiyaları üzrə qatılıb.
“Bu yarışlarla bir yandan aktiv gənclərimizin beynəlxalq arenaya çıxmasını təmin edir, digər yandan da başqalarına da peşə təhsilində olan geniş imkanları göstərməyə çalışırıq”
BMT İnkişaf Proqramı layihə rəhbəri Eltəkin Ömərovun sözlərinə görə, bu yarış peşə təhsilinə marağı gücləndirmək məqsədi daşıyır:
“Çoxları orta təhsilini tamamladıqdan sonra ya ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə gedir, ya da təhsillərini dayandırır, əmək bazarına daxil olmağa çalışır, peşə təhsilinə gəlməyirlər. Bu isə onunla bağlıdır ki, ölkədə çoxunun peşə təhsilində inkişafdan, yeniliklərdən xəbəri yoxdur.
Halbuki bu sahəyə dövlət səviyyəsində diqqət ayrılır. Cəlilabadda böyük, müasir, möhtəşəm Peşə Təhsil Mərkəzi var. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Bərdədə, Lənkəranda müasir peşə təhsili müəssisələri yaradılıb.
İstəyirik ki, bu imkanlardan gənclərimiz yararlansınlar. Ona görə də bu yarışlarla bir yandan aktiv gənclərimizin beynəlxalq arenaya çıxmasını təmin edir, digər yandan da başqalarına da peşə təhsilində olan geniş imkanları göstərməyə çalışırıq. Onlara göstərmək istəyirik ki, peşə təhsilini seçərək müxtəlif istiqamətlərdə fərqli bacarıqlar əldə edə bilərlər”.
Ruhiyyə DAŞSALAHLI