Son araşdırmalara görə, uşaqlarla ünsiyyət qurmaq çətinləşib və əksər valideynlər üçün uşağı anlamaq müşkülə çevrilib. Psixoloji tədqiqatlar göstərir ki, televiziya, oyunlar, mobil telefonlar və yaşıdların təzyiqi kimi xarici təsirlər bu məsələdə ümumi səbəblərdir. Uşaqlara onları daha yaxşı başa düşmək və onları daha az çətinliklə idarə etməyin yollarını tapmaq üçün suallar verilə bilər.
Belə olan halda, azyaşlı uşaqların davranışının əsas faktlarını, həmçinin hər bir uşağın nə düşündüyünü anlamağa kömək edə bilər. Ancaq bu sualların tərtibatı, sualları ünvanlayan müəllimlərin ünsiyyət üsulları və uşaqların cavab vermə müddəti xüsusi diqqətə alınmalıdır.
Bəs uşaqların psixoloji-mənəvi vəziyyətlərini təyin edən proses necə tənzimlənməlidir?
Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, uşaqlar istər hazırcavablığına, istərsə də ünsiyyətcilliyinə görə eyni olmur:
“Ola bilər ki, hansısa uşaq həddindən artıq hiperaktivdir. Hətta elə uşaqlar var ki, suala cavab verəndə bəzən gözləmirlər ki, adamın ağzında söz qurtarsın. Düz, ya da səhv olsa da, çalışırlar ki, onu tez cavablandırsınlar. Amma elə uşaqlar da olur ki, sualın cavabını bilsə də, cavab verəndə fikirləşib cavab verirlər. Ona görə də məktəbəqədər yaşda olan uşaqlarla işləyən hər bir şəxs uşaq psixologiyasını bilməlidir. Məsələn, biz ixtisas üzrə fakültəni bitirəndə dörd il psixologiya, iki il isə tək uşaq psixologiyasını keçmişdik. Ona görə də uşaqlara yanaşmada fərqlilik var və uşağa sualın hansı qaydada verilməsini nəzərə alırıq. Bəzən uşaqlar sualın cavabını bilir, amma sualın qoyuluşu düzgün olmadığından cavablaya bilmir. Ona görə də sualların qoyuluşunda uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Sual verənin üz mimikalarında, tonunda, dediyi sözlərin ifadə olunmasında müsbət bir ab-hava olmalıdır. Çünki uşaqlar bir balaca səs tonundan sıxılır, çəkinir, bilsə də, ona cavab verə bilmir”.
L.Cəfərova həmçinin qeyd edib ki, məktəbəqədər dövr o qədər mürəkkəb bir dövrdür ki, bu sahədə işləmək üçün mütləq uşaq psixologiyasını, uşaqların yaş və inkişaf xüsusiyyətlərini bilmək lazımdır:
“Uşağın ilk təməllərindən biri də məktəbəqədər dövrdə qoyulur. Ona görə də körpəlikdən qoyulan bünövrə elə olmalıdır ki, gələcəkdə şəxsiyyət möhkəm təməllər üzərində qurulsun. Bünövrədə atılan bu addımlar istər məktəb illərində, istərsə də sonrakı illərdə uşağın xarakterində özünü göstərəcək. Çünki uşağa sual vermək çox önəmli məqamlardan biridir. Uşağın verdiyi cavabın hansısa bir hissəsi düzgün olmayanda ona elə reaksiya vermək lazımdır ki, uşaqda özünə inam, özünə güvən azalmasın. Uşağa deməliyik ki, səncə bunu necə edə bilərik? Yaxud sənin fikrin mənim üçün çox önəmlidir. Bu zaman hardasa ola bilər ki, düzgün demir. Onda məsləhət etməliyik ki, mən də düşünürəm ki, bunu hansısa formada edək. Artıq o uşaqda həm ünsiyyət formalaşır, həm özünə güvən olur, həm də gələcəkdə nəyisə öyrənməyə müəyyən həvəs yaranır”.
Mütəxəssis bildirib ki, uşaqlara yaşına uyğun suallar ünvanlanarsa, həmin an suala cavab verə bilirlər. Ancaq gec cavab verildiyi halda belə müəllim və ya valideyn səbirlə sualın cavabını gözləməli, bir neçə saniyədən sonra cavabını tapmaq üçün sualı, məlumatı genişləndirməli, sualı daha aydın izah etməlidir.
Günel ABBAS