Xəbər verdiyimiz kimi, iyulun 25-dən 2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanır. Köçürülmə (transfer) prosesində iştirak etmək istəyən tələbələr 25 iyul 11:00-dan 31 iyul 18:00-dək portaldan (portal.edu.az) qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və paroldan istifadə etməklə müvafiq bölməyə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər.
"Azərbaycan müəllimi" tələbələrin köçürülməsi üçün tələb olunan sənədləri təqdim edir:
Ölkə daxilində universitetlərarası və universitet daxilində köçürülmə üçün
• Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən sənəd;
• Hərbi Komissarlıqdan möhlət hüququna dair sənəd (oğlanlar üçün);
• Ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə arayış və ya təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq illər üzrə ödəniş qəbzləri.
Qeyd: Digər tələb olunan sənədlər elektron sistem vasitəsilə avtomatik formalaşdırılacaqdır.
Xaricdə yerləşən təhsil müəssisələrindən köçürülmə üçün
• Xarici dövlətin ali təhsil müəssisəsində aldığı kvalifikasiyaların qismən akademik tanınması haqqında şəhadətnamə (Müraciətçilər qismən tanınma haqqında şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (tkta.edu.az; 146-8) müraciət etməlidirlər);
• Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən sənəd (xarici dövlətin ali təhsil müəssisəsinin tələbəsinə münasibətdə mövcud qaydada leqallaşdırılmış və ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə olunmuş);
• Hərbi Komissarlıqdan möhlət hüququna dair sənəd (oğlanlar üçün);
• Xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında və ya beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələrə dair sənəd (bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, A-Level – C və ya B, ACT – 27 bal);
• Ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının 2-ci mərhələsində) iştirak edən şəxslərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.5-ci yarımbəndinə uyğun qəbul olunanlar istisna olmaqla) topladığı bala dair arayış;
• Ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə arayışı və ya təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq illər üzrə ödəniş qəbzləri (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda mövcud qaydada Azərbaycan dilinə tərcümə olunmuş);
• Dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramlarından xaric olunma barədə arayış (dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə).
Qeyd: Digər tələb olunan sənədlər elektron sistem vasitəsilə avtomatik formalaşdırılacaqdır.
Xatırladaq ki, sənəd qəbulu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024- cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali və Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na uyğun olaraq elektron formada təhsil müəssisələri tərəfindən aparılacaq.
Ali və orta ixtisas təhsil müəssisələrinin normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.
Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal, qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması və tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr nəzərə alınan göstəricilər sırasındadır.
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.