Azərbaycan Memarlıq və İnşaat Universiteti 49-cu buraxılışını etdi. Azərbaycan Dövlət Akademik Filarmoniyasında  keçirilən təntənəli “Məzun günü” iki mindən çox gənc üçün təşkil olunmuşdu.

 

Buraxılış mərasimində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova 2023-2024-cü tədris ilində universiteti bitirən məzunların statistikasını açıqlayıb və onların ölkəmizin tikinti-quruculuq işlərinə, xüsusilə azad edilmiş ərazilərimizin dirçəldilməsi işinə verəcəkləri töhfəyə diqqət çəkib: “Onlardan 12 nəfəri (3 bakalavr və 9 magistr) universitetimizi fərqlənmə diplomu ilə bitirir. AzMİU-da ümumilikdə bakalavriatura səviyyəsində 27 ixtisas üzrə tədris aparılır. Bu il 3 yeni - “Nəqliyyat mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”,  “Sənaye mühəndisliyi” ixtisasları üzrə də buraxılışımız oldu. Bu ixtisaslar üzrə cəmi 80 tələbə bu gün məzun adı qazanır. Əlbəttə ki, ölkəmizdə aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Azərbaycan inkişaf edir, güclənir. Bu gün AzMİU-dan məzun edəcəyimiz gənclərin bu işlərə böyük töhfə verəcəkləri şübhəsizdir. Onların hər birinin müasir, yaradıcı, bütün yeniliklərə açıq, dünyada gedən proseslərə bələd olan gənc mütəxəssislər kimi azad edilmiş ərazilərimizin dirçəldilməsi işinə də dəstək göstərəcəyinə əminəm”.

 

Rektor 2023-2024-cü tədris ilinin uğurlarından da danışıb: “Universitetimiz üçün bu il yaddaqalan hadisələrlə zəngin il oldu. Tələbatı nəzərə alaraq “Dizayn” ixtisasını Memarlıq fakültəsindən ayırdıq və ayrıca bir fakültəyə çevrildi. Xarici universitetlərlə həyata keçirilən ikili diplom proqramları çərçivəsində yeni uğurlar əldə olundu. İngiltərənin Vestminister Universiteti ilə ikili diplom müqaviləsi imzalandı və bu cür proqramlarımızın sayı 6-ya çatdı. Aktiv ikili diplom müqavilələrinin sayının artırılması üzrə sistemli iş aparırıq. İlin ən yaddaqalan hadisəsi universitetin 4 ixtisası üzrə beynəlxalq akkreditasiyanın əldə edilməsi oldu. “İnşaat mühəndisliyi” ixtisası üzrə həm bakalavriatura, həm də magistratura, “Nəqliyyat tikintisi” ixtisası üzrə isə bakalavriatura səviyyəsində  Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyinin (İAAR) akkreditasiyasını əldə etdik”.

Bununla yanaşı, “Memarlıq” ixtisasımız nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) ikinci dəfə 5 illik akkreditasiyasından keçərək uğurunu yenilədi. Əlbəttə ki, bu, universitetimizlə yanaşı, ölkəmiz üçün də böyük nailiyyətdir, məzunlarımız üçün sərhədsiz iş imkanıdır”.

 

“Məzun günü”ndə çıxış edənlər məzunları təbrik edib, onlara, peşəkar karyera yolunda uğurlar diləyiblər. 

 

Çıxışlardan sonra rektor və mərasimin fəxri qonaqları AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarını təqdim ediblər. Eləcə də təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə də mükafatlar verilib.

 

Məzunların ənənəvi və həyəcanlı “papaqatma” mərasimi keçirildikdən sonra xatirə şəkli çəkdirilib.

 

Mərasimin əyləncəli hissəsində gənc müğənnilər və musiqi qruplarının bir-birindən maraqlı çıxışları yer alıb.  Onlar məzunlara unudulmaz sevincli və coşqulu anlar yaşadıb.

 

Qeyd edək ki, bu il məzun olan gənclərdən bakalavriatura səviyyəsi üzrə 708-i qız, 928-i oğlan, magistratura səviyyəsi üzrə 140-ı qız, 309-u oğlandır. Məzunlar sırasında AzMİU və İTU arasında həyata keçirilən ikili diplom proqramı üzrə İnşaat fakültəsi “İnşaat mühəndisliyi” ixtisasının ilk məzunu, eyni zamanda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igid qazilərimiz də var. Məzunlar arasında Türkiyə, Rusiya, İran, Gürcüstan, Pakistan, Əfqanıstan, Ukrayna, Suriya, Qazaxıstan, Özbəkistan, Yəmən, Moldova, Türkmənistan, Çindən olan əcnəbi gənclər də olub.

 

Ruhiyyə DAŞSALAHLI