İyulun 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə mediatur təşkil olunub. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, media nümayəndələri vətəndaşların qəbulu və agentliyin struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olublar.
 
Elmi müəssisələrin fəaliyyəti, ali və orta ixtisas təhsili, xaricdə təhsil və əcnəbi tələbələrin ölkəmizdə təhsili, universitetlərimizin beynəlxalq reytinqlərdə təmsil olunması və agentliyin digər fəaliyyət istiqamətləri ilə bağlı media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
 
Mediatur zamanı bildirilib ki, Vətəndaş Qəbulu və Çağrı Mərkəzinə müraciət edən vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun məlumat verilir, həmçinin elektron xidmətlərlə bağlı texniki yardım göstərilir. Eyni zamanda quruma daxil olan elektron və yazılı müraciətlər qeydə alınaraq müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir.
 
Həmçinin qeyd olunub ki, 2024-cü ilin ilk 6 ayında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumilikdə 43553 müraciət cavablandırılıb. Çağrı Mərkəzinə 23803, Vətəndaş Qəbulu Mərkəzinə 1456 müraciət daxil olub. Kağız daşıyıcılarda və elektron formadakı müraciətlərin sayı 12398, "Whatsapp" və sosial media xidməti vasitəsilə daxil olan müraciətlərin sayı isə 5896 olub.
 
Qeyd edək, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi elm, ali və orta ixtisas təhsili sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, elmi müəssisə və təşkilatların, ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən qurumdur. Agentlik "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı əsasında yaradılıb.