Xəbər verdiyimiz kimi, ötən gün Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) Avropanın ən yaxşı universitetləri reytinqinin ikinci buraxılışını – Avropa Şurasına üzv ölkələrin ali təhsil müəssisələrini əhatə edən “QS Europe University Rankings 2025” sıralamasını nəşr edib. Bu sıralamada bir sıra universitetlərimiz müxtəlif indikatorlar üzrə mövqelərini yaxşılaşdırıb. Bəs Azərbaycan universitetlərinin inkişaf dinamikasının qorunub saxlanılması üçün daha hansı addımlar atıla bilər?
 
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ADA Universitetinin müəllimi Orxan Kərimzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, Azərbaycan universitetlərinin bir çoxunun “QS Avropa 2025” universitet reytinqində yüksəlişini görmək sevindirici haldır:
 
“Bu irəliləyişi, əsasən, akademik reputasiya artımı, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və tələbə-müəllim nisbətlərinin yaxşılaşdırılması ilə izah etmək olar. Sumqayıt Dövlət Universitetinin reytinqlərə daxil edilməsi çox gözəl nümunədir. Hansı ki, bu, paytaxtdan kənarda yerləşən regional universitetlərin inkişafı üçün stimul ola bilər. Bu irəliləyişlər universitetlərin nüfuzunu artırmaqla yanaşı, həm də ölkənin təhsil sistemində akademik mühitin yaxşılaşmasının göstəricisidir. Bu inkişafın davam etməsi və dayanıqlılığın qorunması çox önəmlidir. Bunun üçün təhsil sistemində aparılan islahatlarla paralel daha çox reytinq gətirən istiqamətlərə də fokuslanmaq lazımdır”. 
 
O.Kərimzadə qeyd edib ki, gələcək reytinqlərdə daha yaxşı mövqelərə nail olmaq üçün Azərbaycan universitetləri tədqiqat məhsuldarlığını və keyfiyyətini artırmağa diqqət yetirməlidir: 
 
“Bunun üçün elmin maliyyələşməsini təmin etmək və beynəlxalq əməkdaşlıqların gücləndirilməsi vacibdir. Proqramların beynəlxalq akkreditasiyaları, marketinq və maarifləndirmə yolu ilə akademik reputasiyanı yaxşılaşdırmaq əsasdır. Rəqabətli tədris mühiti və xarici mütəxəssisləri tədris prosesinə cəlb etmək universitetlərin mövqelərini daha da gücləndirəcək. Bundan əlavə, kurikulumların aktuallığı və əmək bazarına uyğunluğunun təmin edilməsi üçün güclü universitet-sənaye tərəfdaşlıqlarının qurulması vacibdir. Beynəlmiləlləşmə səylərinin artırılması, müasir infrastruktur və texnologiyaya investisiyaların edilməsi də vacib addımlardandır. Bu tədbirlər təkcə reytinqləri yaxşılaşdırmayacaq, həm də ölkənin təhsil və iqtisadi inkişafına töhfə verəcək”.
 
Günel ABBAS