Regionlardan paytaxta ali təhsil almaq üçün üz tutan tələbələr üçün ən əhəmiyyətli məsələlərdən biri də təhsil alacaqları universitetlərin yataqxanalarıdır. Ancaq məlum olduğu kimi, universitetlərin hər birinin yataqxanası tələbələri qəbul etmək üçün lazımi şəraitə malik deyil. Bəzi universitetlərin yataqxanaları olsa da, digərlərində problem davam edir. Bu mənada yataqxanaların olmaması və ya problemli olması digər regionlardan gələn tələbələr üçün narahatlıq doğurur.
“Azərbaycan müəllimi” tələbə yataqxanalarının mövcud vəziyyəti, təmir və bərpa işləri ilə bağlı bir sıra universitetlər arasında sorğu keçirib.
Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, universitetin "Tələbə Evi" 220 nəfərlikdir: “Yataqxanamızda çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və digər lazım olan bütün məsələlər təmin olunub. 1 nəfər üçün ödəniş 75 manatdır. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Yeni yataqxananın inşası istiqamətində də dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr aparılır”.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) qeyd edilib ki, təhsil ocağının mövcud olan 5 yataqxanasında məcburi köçkünlər məskunlaşıb: “Bu səbəbdən hazırda tələbələrimizi yataqxana ilə təmin edə bilmirik. Məcburi köçkünlər tam şəkildə köçürüldükdən sonra yataqxanalarla bağlı işlərə başlanılacaq, yeni yataqxanalar tikiləcək”.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) verilən məlumata görə, tələbələrin yaşayışı üçün nəzərdə tutulan kompleksdə 5 bina var ki, bu binalarda vaxtı ilə ümumilikdə iki mindən çox tələbə yerləşə bilirdi: “1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma el-obalarından didərgin düşən vətəndaşlarımız digər universitetlərdə olduğu kimi AzMİU-nun da yataqxanalarında məskunlaşıblar. Kompleksin 4 binası uzun illər onların istismarında olub. Yalnız bir bina tələbələrin ixtiyarındadır ki, burada da cəmi 400 tələbə yerləşdirmək mümkündür. Binada tələbələr üçün bütün şərait yaradılıb. Qeyd edim ki, yataqxanamıza tələbələrin marağı çox yüksəkdir. Biz isə universitet olaraq yerlərin azlığına görə tələbatın təxminən 25-30%-ni ödəyə bilirik”.
Diqqətə çatdırılıb ki, AzMİU-nun yataqxanasında bir aylıq ödəniş 50 AZN-dir: “Bu məbləğ yataqxananın təsərrüfat xərclərinin qarşılanmasına, tələbələrin internet, çamaşırxana xidmətlərinə sərf olunur. Bununla belə, tələbələrin təxminən 20%-i yataqxanada ödənişsiz yerləşdirilib. Həmin tələbələr xüsusi həsas qrupa daxil olan, eyni zamanda müharibə veteranları olan tələbələrdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra məcburi köçkün statusunda yataqxanalarımızda məskunlaşan vətəndaşlarımız doğma yurdlarına köçürülür. Bu da o deməkdir ki, yataqxana kompleksinin binaları yaxın zamanda tamamilə boşalacaq. Təessüflər olsun ki, binalar uzun zaman baxımsız istismara məruz qaldığından hazırda tələbələrin orada yaşaması mümkün deyil. Binaların bəzilərinin əsaslı təmirə, bəzilərinin isə yenidən qurulmaya ehtiyacı var. Kompleksin tam gücü ilə tələbələrimizin ixtiyarına verilməsi universitetimizin əsas hədəflərindəndir. Yataqxana kompleksinin əsaslı təmir olunması üçün universitetimiz maliyyə axtarışındadır”.
Azərbaycan Texniki Universitetindən (AzTU) sorğumuza cavab olaraq bildirilib ki, təhsil ocağının yataqxana binalarında 1988-1990-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıblar: “Son illər binalarda 124 ailə yaşayırdı. Torpaqlarımız işğaldan azad edildikdən sonra 10 ailə öz doğma yurd-yuvalarına köçürülüb. Qalan 114 ailə hazırda binalarda yaşayır. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar qəbul oluna bilər. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək”.
Azərbaycan Dillər Universitetindən (ADU) qeyd edilib ki, universitetin yataqxanasında 101 otaq var: “Yataqxana 205 nəfərlikdir. Ödəniş 30 manatdır. Bütün müraciətləri qeydə alırıq, ehtiyacı olan tələbələri yerləşdirməyə çalışırıq. Yaşayış üçün şərait normaldır. Ancaq təmir məsələsi yataqxanada məskunlaşmış məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı tam yekunlaşdıqdan sonra baş tuta bilər. Çünki yataqxana bütünlüklə bizim ixtiyarımızda olmadığından təmirə bağlamaq məsələsi alınmır”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, təhsil ocağının yataqxanası 320 nəfərlikdir: “Yataqxana əsasən əcnəbi tələbələr üçün nəzərdə tutulsa da, yerli tələbələr də burada qala bilərlər. Yataqxana iki və üç nəfərlik otaqlar şəklində fəaliyyət göstərir. Bir otağın qiyməti 100 manatdır. İki nəfər qaldıqda hər tələbə 50 manat, üç nəfər qaldıqda isə hər tələbə 34 manat ödəniş edirlər. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin xətti ilə sosial həssas ailə qruplarının yataqxana xərci təşkilat tərəfindən ödənilir. Hazırda ADNSU bir neçə qurumlarla yeni yataqxananın inşa olunması ilə bağlı məsələni müzakirə edir, irəliləyiş olduqda geniş ictimaiyyətə də məlumat veriləcək”.
Bakı Slavyan Universitetindən (BSU) verilən məlumata görə, Universitetin yataqxanasında qalmaq tələbələr üçün maraqlıdır: “BSU-nun tələbə yataqxanasında qalmaq üçün müqavilə əsasında tələbənin bir aylıq ödənişi 30 AZN-dir. Yataqxananın tutumu 120 nəfərlikdir. Yataqxananın cari il ərzində müvafiq otaqlarının, sanitar qovşağının, mətbəxinin təmiri həyata keçirilir”.
Qarabağ Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, universitetdə 2024-2025-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsi üzrə tələbə qəbulu aparacaq: “Universitetdə təhsil dövlət sifarişi əsasında (ödənişsiz) və əyani formada həyata keçiriləcək. Qarabağ Universitetinə qəbul olunan bütün tələbələr ödənişsiz təhsil alacaq, ödənişsiz yataqxana ilə təmin olunacaq və hər bir tələbəyə təqaüd veriləcək. Yüksək bal toplayan tələbələrə isə əlavə təqaüd nəzərdə tutulur”.
Diqqətə çatdırılıb ki, müasir maddi-texniki bazaya malik yataqxana tələbələrin ehtiyaclarını ödəyən avadanlıqlarla təchiz edilib: “Kampusda tələbələrin rahatlığı və təhlükəsizliyinin tam təmin olunması, istilik və su sistemləri, yanğın təhlükəsizliyi sistemi qurulub. Yataqxanada 2 və 3 nəfərlik otaqlar mövcud olacaq. Universitet kampusunda tibb məntəqəsi, tələbələr üçün idman zalları və meydançaları da mövcud olacaq. Qeyd edək ki, cari tədris ilininin sentyabr ayından fəaliyyətə başlayacaq Qarabağ Universiteti 1200 tələbə qəbul etməyi planlaşdırır. Növbəti 5 il ərzində tələbə sayının 5 minə çatdırılması gözlənilir”.
Naxçıvan Dövlət Universitetindən (NDU) qeyd olunub ki, ölkədə əcnəbi tələbələrin sayına görə ilk sıralarda olduğunu və yerli tələbələri də nəzərə aldıqda Naxçıvan Dövlət Universiteti yataqxanasına tələbat çoxdur: “Yataqxana ödənişi bizdə yarımillik 400, illik olaraq isə 800 AZN-dir. Tutumuna gəldikdə qız və oğlan tələbələrin hərəsinə 250 yer olmaqla ümumilikdə 500 nəfər üçün nəzərdə tutulub. Yeni yataqxananın tikilməsi haqqında məlumata gəldikdə isə universitetin yeni Tibb kampusu tikiləcək və həmin kampusda yeni yataqxananın istifadəyə verilməsi planlaşdırılıb”.
Sumqayıt Dövlət Universitetindən (SDU) verilən məlumata görə, keçən illərdə yataqxanaya qeydiyyat etmək üçün tələbələrə fakültələr üzrə limitlər qoyulub, amma bu ildən həmin limitlər ləğv olunub: “Bu dəyişiklik tələbələrin daha çox yataqxanadan istifadəsinə şərait yaradacaq. Digər tərəfdən 500 baldan yuxarı nəticə göstərmiş hər bir tələbə pulsuz yataqxana ilə təmin olunacaq. Yataqxanada ödəniş 1 tələbə üçün 50 AZN təşkil edir. Yataqxananın tutumu ümumi 256 yerlikdir. 2019-cu ildə yenidən əsaslı təmir olunduğu üçün yataqxananın yenilənməsi nəzərdə tutulmur. Yeni yataqxananın tikilməsi gələcəkdə nəzərdə tutula bilər”.
Lənkəran Dövlət Universitetindən (LDU) bildirilib ki, universitetdə qızlar və oğlanlar üçün iki tələbə yataqxanası fəaliyyət göstərir: “Qızlar yataqxanası 160, oğlanlar yataqxanası 250 yerlikdir. Yataqxanada aylıq ödəniş 60 manatdır. Bu ödənişə internet, bütün kommunal xidmətlər - isti və soyuq su, hamam, hər otaqda sanitar qovşağı və s. daxildir. LDU-da hər iki yataqxana universitetin daxili imkanları, vəsaiti hesabına inşa olunub. Qarşıdakı tədris ili üçün yeni yataqxananın inşası nəzərdə tutulmayıb. Maddi imkan yaranarsa növbəti illərdə əlavə yataqxana binalarının inşası həyata keçiriləcək. Qeyd edək ki, tələbələr yataqxanalarda həvəslə qalırlar, boş yer olmur, əksinə, yeni yataqxana binalarına ehtiyac duyulur. Xatırladım ki, hər iki yataqxana binası son illərdə inşa olunub. Lənkəran Dövlət Universitetində təhsil alan tələbələrin ümumi sayı 6 min nəfərə qədərdir”.
Günel ABBAS