Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” agentliyi “QS Avropa 2025” (“QS Europe 2025”) və “QS Qərbi Asiya 2025” (“QS Western Asia 2025”) reytinq nəticələrini elan edib. Avropanın 42 bölgəsindən müvafiq meyarlara cavab verən 685 ali təhsil müəssisəsi reytinq siyahısında yer ala bilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “QS Avropa 2025” reytinqində ötən illə müqaisədə 40 pillə irəliləyərək 394-cü mövqeyə yüksəlib.
ADNSU "Qərbi Asiya 2025" reytinqində isə öz mövqeyini 2 pillə yüksəldərək 19-cu sırada qərarlaşıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2025-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq Sıralamasında” (“QS World Ranking”) dünyada 1001-1200, Azərbaycanda isə 2-ci yerdə qərarlaşıb.
Ötən ilin göstəricisi ilə müqayisədə əhəmiyyətli irəliləyişin səbəbi ADNSU-nun akademik və işə götürən indikatorlarına görə 4 dəfə, beynəlxalq tədqiqat şəbəkəsi üzrə indikatora görə 1-dən 6.6-ya, əcənəbi müəllimlərin əmsalına görə 10,1-dən 17,4-ə yüksəlməsidir. Qeyd edək ki, əcnəbi müəllimlərin əmsalına görə ADNSU Azərbaycanda liderlik edir, dünyada isə 634-cü yerdədir.
Qeyd edək ki, ADNSU məşğulluq göstəricisinə görə dünyada TOP-500-də yer alıb.
Onu da xatırladaq ki, Quacquarelli Symonds (QS) Dünya Universitetlərinin Reytinqində iştirak üçün 106 ölkədən 5663 universitet müraciət edib. Onlardan 2025-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq Sıralamasında” 1503 universitet yer alıb.