23-30 iyun tarixlərində Türkiyənin İzmir şəhərindəki təhsil müəssisələrində Azərbaycanın 5 peşə təhsili müəssisəsinin 7 rəhbər işçisi üçün təlim proqramı keçirilib. Konak Mithatpaşa Texniki Peşə Anadolu Liseyində təlimdə olan nümayəndə heyətinə “Təhsil proqramlarının öyrənilməsi”, “Kadr işi və əməliyyatları”, “İntizam prosedurları və müəllimlər arasında məsuliyyət bölgüsü” kimi müxtəlif mövzularda seminarlar keçirilib. Təlim iştirakçıları orta məktəbin emalatxanalarına baxmaq və müasir texnika ilə tanış olmaq imkanı əldə ediblər.
 
Türkiyədə keçirilən təlimdə iştirak edən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində dərs hissə müdiri Bəhruz Babaşov “Azərbaycan müəllimi” ilə təəssüratlarını bölüşüb.
 
Azərbaycan peşə təhsil sistemi ilə Türkiyədə olan peşə sistemini müqayisə etmək imkanı qazanan dərs hissə müdiri  təlimlərdən məmnun qaldıqlarını deyib:
 
“Məsələn, biz orada dövriyyə kapitalının inkişaf dinamikası ilə tanış olduq. Bu üsul bizdə də var, ancaq o qədər də geniş tətbiq edilmir. Orada öyrəndiklərimizi sentyabrdan etibarən tətbiq etməyə başlayacağıq. Hazırda onun üzərində işləyirik. Bizdə peşə təhsili sistemində yeni addımlar atılır. Orada maraqlı məqamlardan biri də bu idi ki, tələbələri dərsdə olmadıqları günlərdə işlə təmin edirlər. Bizdə o sistemin olmağını çox istəyərəm”. 
 
Dərs hissə müdiri tələbələrin peşə məktəbini bitirdikdən sonra hansısa şirkətdə yerləşdirilməsi, təcrübə keçməsini də vacib hesab edir: “Bizdə müəyyən müqavilələr əsasında təcrübə keçirilir. Həmin sahələrdə problemlərlə də qarşılaşa bilirik. Ancaq orada dövlət özü birbaşa prosesə nəzarət edir və tələbələrin yerləşdirilməsi, onların yüksək səviyyədə qəbul edilməsinə şərait yaradır”.
 
Dərs hissə müdiri qeyd edib: “Biz təlimdə iştirak edən həmkarlarımla da bu məsələləri müzakirə etdik. Bu mənada xaricdə keçirilən təlimlər ölkəmizdə müxtəlif sahələrin inkişafına təkan verir. Bu səbəbdən belə tədbirlərin keçirilməsini zəruri və əhəmiyyətli hesab edirəm”.
 
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova bildirib ki, təlim proqramı olduqca məhsuldar hazırlanıb:
 
“Aktual və bizi maraqlandıran, Azərbaycan peşə təhsili nümayəndələri, yeni idarəedici heyətdə çalışan şəxslər üçün örnək ola biləcək məsələlərə toxunuldu. Oradakı qeydlərimizi gələcək fəaliyyətimizdə tətbiq etməyi planlaşdırırıq”.
 
R.Məmmədova qeyd edib ki, Türkiyədə peşə təhsili müəssisələrində güclü maddi-texniki baza var: 
 
“İşəgötürənlərlə sıx əlaqələr qurulmuşdu, hansı ki, Azərbaycanda da artıq bu əlaqələr sıxlaşıb. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində haradasa 170-dən yuxarı tərəfdaşımız var. Bunların 50-dən çoxu dövlət və özəl sektora məxsus böyük təşkilatlardır.
 
Belə bir təklifim var ki, peşə təhsil mərkəzində qəbul aparılan ixtisasların hamısında dual üsul tətbiq olunsun. Bu da daha çox iş yerində öyrənməyə üstünlük verilməsidir. Hər məktəb özünə yeni çıxan avadanlıq, texnika almaqdansa, tələbənin daha müasir avadanlıqlarla işəgötürənin yanında öyrənməsi daha məqsədəuyğundur”.
 
Günel ABBAS