Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” agentliyi “QS Avropa 2025” (“QS Europe 2025”) və “QS Qərbi Asiya 2025” (“QS Western Asia 2025”) reytinq nəticələrini elan edib. Avropanın 42 bölgəsindən müvafiq meyarlara cavab verən 685 ali təhsil müəssisəsi reytinq siyahısında yer ala bilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) “QS Avropa 2025” reytinqində ötən illə müqayisədə 43% irəliləyiş əldə edib və 78 pillə irəliləyərək 336-cı mövqeyə yüksəlib. Eləcə də BDU “QS Qərbi Asiya 2025” reytinq siyahısında 4 pillə irəliləyərək 93 universitet arasında 15-ci mövqedə qərarlaşıb. Müvafiq reytinq qiymətləndirilməsi zamanı BDU Avropada “Fakültə-tələbə nisbəti” (“Faculty-Student Ratio”) indikatoru üzrə 70-ci, “Məşğulluq nəticələri” (“Employment Outcomes”) indikatoru üzrə 99-cu, “Akademik nüfuz” (“Academic Reputation”) indikatoru üzrə isə 174-cü mövqeyə yüksəlib.
Məlumat üçün bildirək ki, BDU müvafiq reytinq qiymətləndirməsində “Məşğulluq nəticələri” (“Employment Outcomes”), “Beynəlxalq tədqiqat şəbəkəsi” (“International Research Network”), “Mübadilə ilə gələn tələbələr” (“Inbound Exchange Students”), “Əcnəbi tələbə müxtəlifliyi” (“International Student Diversity”), “Fakültə üzrə nəşr” (“Papers per Faculty”) və “Dayanıqlılıq” (“Sustainability”) indikatorları üzrə ölkədə birinci mövqedə qərarlaşıb.