Sumqayıt Dövlət Universiteti (SDU) prestijli beynəlxalq reytinq təşkilatı olan QS-nin Avropa Universitetlərinin Reytinqində (QS World University Rankings: Europe 2025) 483-cü yerdə qərarlaşaraq, bu siyahıda yeni iştirakçı kimi uğurlu debütünü edib. Avropanın 50 ölkəsində 5000-dən artıq ali təhsil müəssisəsinin fəaliyyət göstərməsinə baxmayaraq QS Avropa reytinqinə yalnız 684 universitet daxil ola bilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, SDU-nun ilk dəfə iştirak etdiyi reytinq sistemində Avropa universitetləri arasında xüsusi fərqlənməsi mühüm nailiyyətdir.
 
SDU eyni zamanda QS Avropa reytinqlərinin regional siyahılarında da fərqlənib. Belə ki, Qərbi Asiya universitetləri arasında SDU 31-ci, Azərbaycan daxilində ümumi sıralamada 5-ci, ölkənin regional ali təhsil müəssisələri arasında isə ilk QS Beynəlxalq Reytinqinə daxil olan universitet olub. Bu reytinqlər SDU-nu Avropanın ən yaxşı universitetləri sırasına daxil etməklə yanaşı, onun Azərbaycan və Qərbi Asiya ali təhsil sistemində liderlik rolunu göstərməkdədir.
 
SDU ilk dəfə təmsil olunduğu beynəlxalq reytinqdə akademik və işəgötürənlər üzrə reputasiya meyarına görə xüsusilə fərqlənir. Bu da öz növbəsində son dövrlərdə universitetdə aparılan islahatların yerli və beynəlxalq akademik mühitdə və işəgötürənlər arasında SDU-ya olan inamın nəticəsi kimi qiymətləndirilə bilər. Qeyd olunmalıdır ki, bu il QS Avropa Reytinqlərinə ümumlikdə 10 yeni universitet daxil olub ki, onlardan biri də SDU olub.
 
Sevindirici haldır ki, Azərbaycandan son dövrlərdə beynəlxalq reytinqlərə daxil olan universitetlərin sayı artmaqdadır. Belə ki, bu il QS Avropa Reytinqinə 9 yerli universitet daxil olub.