Həm yüksək təhsil, həm də maraqlı startaplar...
Xəbər verdiyimiz kimi, 27-28 iyun tarixlərində Bakıda SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılan Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı keçirilib. Elm və təhsil naziri Emin Əmrullayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və digər rəsmilərin iştirak etdiyi tədbirdə 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startap, 5000 iştirakçı eləcə də 50-dən artıq tərəfdaş yer almışdı. İnnovativ tədbir özünün maraqlı panel sessiyaları, müxtəlif çıxışları, eyni zamanda işgüzar mühiti ilə yaddaqalan oldu. Festival çərçivəsində iştirakçılar, həmçinin 4SİM stendinə yaxınlaşaraq “4Sİ Akademiyası”nın təklif etdiyi “Coursera” platformasında kurslardan ödənişsiz yararlanmaq üçün kuponlar qazandılar. İki gün davam edən və digər maraqlı tədbirlərlə zəngin olan festivalda bir sıra startap layihələri də təqdim olundu. Festivalın sonunda səmərəli layihə təqdim edən 10 startapın hər birinə sponsorlar tərəfindən 100 min dollar məbləğində maliyyə dəstəyi göstərildi ki, həmin uğur qazananlardan ikisi ölkənin ən öncül ali təhsil müəssisələrindən biri olan Bakı Ali Neft Məktəbinin (BANM) komandaları oldu.
Bəli, zahirən öz yaşıdlarından fərqlənməyən bu gənclərdən ibarət hər iki komanda yüksək bilik və bacarıqları, ən əsası isə kreativ düşüncələrinin məhsulu olaraq hazırladıqları startap layihələri ilə festivalda sözün yaxşı mənasında, diqqətləri özlərinə çəkməyi bacardılar. Və bu möhtəşəm tədbir növbəti dəfə BANM-nin tələbələrinə hazırladıqları layihələri geniş ictimaiyyətə təqdim etmək baxımından unikal bir şans verdi.
"Azərbaycan müəllimi" adıçəkilən ali təhsil müəssisəsinin qalib komandalarının üzvləri ilə söhbətləşərək onlara uğur gətirən layihələri oxucularımıza təqdim edir.
“Özünü bərpa edən sement” layihəsi həm maddi, həm də ekoloji cəhətdən öz töhfələrini verəcək
Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisasının tələbələri Cəvahir Yusifzadənin (IV kurs), Zərifə Əsədullayevanın (II kurs) və "Biznesin idarə edilməsi" ixtisasının tələbəsi Solmaz Mahmudovanın (II kurs) birgə təqdim etdikləri "Özünü bərpa edən sement" layihəsi “Baku Investment Day”də “CleanTech” kateqoriyası üzrə qalib olaraq 100 min dollar məbləğində pul mükafatına layiq görülüb. Layihənin rəhbəri Ali Neft Məktəbinin kimya mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Fidan Qədimalıyevadır.
BANM-nin məzunu olan Fidan deyir ki, ali təhsilini başa vuran kimi elə öz doğma ali məktəbində akademik fəaliyyətə başlayıb və artıq iki ildir ki, həm mühəndislik fənlərini tədris edir, həm də elmi fəaliyyətlə məşğul olur: “Bu mövzuda layihə hazırlamaq komandamızın üzvləri üçün maraqlı idi: "Davamlı və dayanıqlı tikinti materiallarına artan tələbat özünü bərpa edən sement kimi innovativ həllərin inkişafını tələb etdiyindən bu ilin sentyabrından başlayaraq biz də bu sahəyə töhfəmizi verməyə qərar verdik. Öncə layihənin hazırlanması üçün tələbələrdən ibarət komanda təşkil etdik.Və mən də komandanın rəhbəri oldum".
Layihə kapsullaşdırılmış bakteriyadan istifadə edərək özünü bərpa edən sementin istehsalına və tətbiqinə yönəlib. Bu qabaqcıl material beton konstruksiyaların istehlak müddətini əhəmiyyətli dərəcədə uzatmaq, texniki xərclərini azaltmaq və ətraf mühitə təsirləri minimuma endirmək məqsədi daşıyır.
Komandanın rəhbərinin sözlərinə görə, hazırladıqları məhsul betonun bütövlüyünü qorumaqla infrastrukturun uzunömürlülüyünü artırmaq və ictimai təhlükəsizliyi təmin etmək, bununla da tunellər, körpülər, binalar və bəndlər kimi kritik strukturlarda fəlakətli nasazlıqların qarşısını almaq üçün nəzərdə tutulub.
Necə oldu ki, belə bir mövzuda layihə hazırladınız? - sualına komandanın üzvlərindən Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasının tələbələri Prezident təqaüdçüsü Cəvahir Yusifzadənin və Zərifə Əsədullayevanın özünəməxsus cavabları oldu. Cəvahir söyləyir ki, Zərifə ilə birlikdə ideya axtarışında olarkən, əsasən, karbon emissiyasının azaldılma metodları ilə maraqlanıblar: “Bu proses zamanı sement istehsalında yaranan emissiyalar diqqətimizi çəkdi və həmin sahədə araşdırmalarımızı davam etməyi qərara aldıq. Komandamızı genişlətmək və biznes sahəsində olan boşluğumuzu doldurmaq üçün ali təhsil müəssisəmizin "Biznesin idarə edilməsi" ixtisasında oxuyan Solmaz Mahmudovanı komandamıza dəvət etdik. Solmazın köməyi ilə layihənin biznes tərəfdən inkişafına fokuslandıq. SABAH.HUB tərəfindən keçirilən inkubasiya proqramında dəyərli mentorlarımızın dəstəyi ilə layihəni 2 ay ərzində inkişaf etdirdik”.
Zərifə Əsədullayeva isə birgə əməklərinin məhsulu olan layihənin özəlliyindən söz açır. Bildirir ki, onlara uğur qazandıran bu layihənin əsas özəlliyi sementi özünübərpa bacarığı ilə təmin etməsidir. Bu zaman sementdə yaranan çatların davamlı müşahidəsinə ehtiyac qalmayacaq və nəticə etibarilə bu əlavə işçi qüvvəsinə olan tələbatı da azaldacaq. “Özünü bərpa edən sement” əlavə sement istehsalatını azaldacaq ki, bu da həm maddi, həm də ekoloji cəhətdən öz töhfələrini verəcək. Həmçinin tikililərə verdiyi dayanıqlılıq təbii fəlakətlər zamanı onların daha möhkəm olmasını təmin edəcək. Eyni zamanda sement istehsalatında azalma enerji sərfiyyatı və tullantıların idarə olunması kimi məsələlərə müsbət təsir göstərəcək.
Qızlar qeyd edir ki, bu layihə öncə SABAH.HUB tərəfindən təşkil olunmuş “Green Cohort Hackathon”da II yerə layiq görülüb və 3000 AZN məbləğində pul mükafatına layiq görülüb. Həmçinin qalibiyyətlərinin nəticəsi olaraq SABAH.HUB tərəfindən keçirilən iki aylıq inkubasiya proqramında iştirak haqqı qazanıblar: “Hazırda komanda olaraq “Teknofest” festivalına hazırlaşırıq və finala çıxacaq komandaların açıqlanmasını gözləyirik”.
“Dediklərimizin hər biri Əkinçilik Elmi-Tədqiqat İnstitunda aparılmış testlərin nəticəsi ilə də sübut olunub”
Festivalda ikinci 100 min dollar investisiyanı qazanan “Agroficient” (suvarmaya qənaət edən hidrogel) də BANM-nin tələbələrinin yaratdığı startapdır. "Clean Tech" kateqoriyasında qalib olan layihənin elmi rəhbəri Bakı Ali Neft Məktəbinin İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi, BANM-nin məzunu Elmar Əsgərzadə, komandanın üzvləri ali məktəbin “Neft-qaz mühəndisliyi” ixtisasının IV kurs tələbələri Emil Hüseynli və Malik Sultanovdur.
Fəaliyyətinin əsas məqsədlərindən birinin elə tələbələrin elmi əsaslı layihələrinin real həyatda tətbiq olunmasına dəstək olmaq olduğunu söyləyən Elmar Əsgərzadə hələ 2021-ci ildə kənd təsərrüfatında suvarma və qida qıtlığı problemlərini həll edəcək bir layihə hazırladıqlarını deyir: “Burada biz pambıq və bentonit əsaslı tam təbii su uducu material hazırlamışdıq. Həmin layihə III yerə layiq görüldü. Və həmin layihənin həll etdiyi problemə görə bizə müxtəlif və investorlar ekspertlər tərəfindən maraq göstərildi. Bu isə bizə stimul verdi ki, layihəni davam etdirməliyik. O vaxt Emil və Malik komanda olaraq layihəni davam etdirməyə qərar verdilər. Hazırladığımız hidrogel artıq polimer əsaslı olub torpaqda parçalana bilir və yüksək miqdarda özündə su saxlayır. Quraqlıq vaxtında torpaqda quraqlıq olanda polimer suyu geri verir və bitkinin optimal böyüməsinə kömək edir. Digər polimerlərdən fərqli olaraq bizim polimer torpaqda yapışqan mühit yaratmır və məsaməliliyi qoruyur. Layihə ilə bağlı Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən laboratoriya testləri aparılıb və sübuta yetirilib ki, bizim məhsul taxılın böyüməsi və sonrakı inkişafına təkan verir”.
Komandanın üzvü Emil Hüseynli orta təhsil illərinin, məzunu olduğu Fizika-riyaziyyat və informatika təmayüllü liseyin onun həyatında özünəməxsus rolu olduğunu söyləyir: “Həmin liseydə analitik düşüncələrimin inkişaf etdiyini və bu düşüncə tərzinin bütün fəaliyyətimə təsir göstərdiyini əminliklə deyə bilərəm. Kreativ fikirlərimin isə ailədən və uşaq yaşlarımdan məni əhatə edən mühitdən gəldiyini düşünürəm. Bu iki bacarıq-analitik düşüncə və kreativlik məncə mənim fəaliyyətimdə çox mühüm rol oynayır. Liseyi bitirdikdən sonra 661.9 balla Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul oldum. Və bu ali məktəbdə təhsil almağımdan da olduqca məmnunam”.
Elnur komanda olaraq birlikdə bir sıra uğurlu işlərə imza atdıqlarını bildirir. Deyir ki, konfransların birində su qıtlığı və su mənbələrinin getdikcə qıtlaşması mövzusu diqqətlərini çəkib və müzakirələrin gedişatında belə bir layihə yarada biləcəkləri qənaətinə gəliblər. Daha sonra, öncəki layihələrdə də onlara dəstək göstərmiş məsləhətçi ilə ideyanı bölüşüblər və onu təkmilləşdirərək həyata keçirilə biləcək hala salıblar. “Agroficient” MVP mərhələsində olan və satışa keçməyə tam hazır olan startapdır. Söyləyir ki, Azərbaycanda istehsalı olmayan hidrogel məhsulunun hazırlanması və satışı ilə məşğul olurlar: “Hidrogel torpağın dərin qatlarında istifadə olunaraq, yağan yağış və ya suvarmadan artıq qalan suyu depolayır və tədricən bitkiyə geri verərək, 1 il boyunca bitkini nəm saxlayır. Beləliklə, həm suvarma məqsədli istifadə olunan suyun, həm də israf olunan suyun miqdarı azaldılır. Layihəmizin ən maraqlı və fərqli hissəsi isə ondan ibarətdir ki, 1 illik ömrünün sonunda torpağın altında tamamilə parçalanaraq, torpağa zərər vermir. Dediklərimizin hər biri Əkinçilik Elmi-Tətqiqat İnstitunda aparılmış testlərin nəticəsi ilə də sübut olunub. İstifadəçilər 20% su, 15% gübrə istifadəsindən qənaət edərək, 20% daha çox məhsul əldə edərək gəlirini artırmış olur, həmçinin təbiətə öz töhfəsini verərək mənəvi borclarını həyata keçirirlər”.
Layihənin mahiyyətindən söz açan komandanın digər üzvü Malik Sultanov onun elmi-tədqiqat nəticələrinə əsasən hazırlandığını və əsas özəlliyinin də qeyd olunduğu kimi bioloji cəhətdən parçalana bilməsi olduğunu bildirir: “Həmçinin toksik olmaması və torpaqda havalanmanı təmin edə bilməsi bu məhsulu istifadə üçün daha effektiv edir. Beləliklə, suvarma problemi ilə üzləşən fermerlər onu sahələrində tətbiq edərək, quraqlığın gətirə biləcəyi fəsadların təsirini azalda bilərlər. Üstəlik bu yaşıllaşdırma, bitkiçilik və gül becərilməsində də suvarma intensivliyinin əldə olunmasına kömək edə bilir”.
Onu da qeyd edək ki, komandanın təqdim ediyi bu startap müxtəlif müsabiqələrdə mükafatlandırılıb. Layihə cari ilin iyun ayında Portuqaliyada Lissabon Qlobal Sammitində keçirilən yarışda da qalib olub. Komanda Londonda baş tutacaq “Hult Prize Global” proqramında Azərbaycanı təmsil edəcək və qalib layihə 1 milyon dollar investisiya qazanacaq. Sevindirici haldır ki, Azərbaycan tarixində ilk dəfə bir layihə bu proqramda təmsil olunacaq.
Yaradıcı, kreativ fikirli gənclər üçün həm də əsl innovativ bir mərkəz...
Həmsöhbətlərimiz Bakı Ali Neft Məktəbinin yaradıcı, kreativ fikirli gənclər üçün həm də əsl innovativ bir mərkəz olduğunu deyirlər. Onu da qeyd edirlər ki, “Baku ID” innovasiya festivalı startapçılar üçün əlaqələrin genişləndirilməsi, potensial əməkdaşlıqlara yol açması baxımından, həm də layihələrinin böyüməsi üçün lazım olan investisiyanın tapılmasına şəraitin yaradılması üçün imkanlar açdı. Xarici startap şirkətlərinin bu tədbirdə iştirakı isə onların Azərbaycan bazarını araşdırmaq və bazara daxilolma imkanlarını artırır.
Bəli, Bakı Ali Neft Məktəbinin istedadlı tələbələri yüksək təhsilləri ilə yanaşı, hazırladıqları bir-birindən maraqlı startapları ilə öz ali məktəblərinə başucalığı gətirməklə yanaşı, həm də ölkəmizin dünya miqyasında tanınmasında xüsusi rol oynayırlar.
Samirə KƏRİMOVA